Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3675/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) xx xxx 2007-ci il tarixli əmri ilə Cavabdeh xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 1486 ABŞ dolları əsas, 120 ABŞ dolları faiz, 60 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1666 (min altı yüz altmış altı) ABŞ dollarının İddiaçı ASC-nin (bank) xeyrinə tutulması qərara alınmış, həmin əmrə Cavabdeh verdiyi etiraz əsasında əmr ləğv olunaraq iddia icraatına keçilmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə isə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, bankla Cavabdeh arasında bağlanmış xx xxxx 2006-cı il tarixli baş kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 1600 ABŞ dolları kredit verilmiş, kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən onun 1486 ABŞ dolları əsas, 120 ABŞ dolları faiz, 60 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1666 (min altı yüz altmış altı) ABŞ dolları borcu yaranmışdır. Kredit müqaviləsinin, kreditin verilməsi və ödənilməsi barədə sərəncam-orderin əslini, kreditin verilməsi üçün cavabdehin ərizəsinin surətini məhkəməyə təqdim etsələr də, məhkəmə sübutlara düzgün qiymət verməmiş, cavabdehin izahatına əsaslanmaqla qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, heç vaxt bankdan kredit götürməmiş, məktəbli olarkən yarışa aparmaq adı ilə ona bir sənədə imza atdırılmış, 2019-cu ildə banka pul götürmək üçün gedəndə adında gecikdirilmiş kredit olduğu bildirilmişdir. Bu barədə maraqlandıqda kredit üzrə borcun Prezidentin Fərmanının təsiri dairəsinə düşməsi üçün ərizə yazmasını istəmişlər və o da dedikləri kimi ərizə yazmışdır ki, borc silinsin və özü üçün kredit götürə bilsin. Hazırda ondan götürmədiyi krediti ödəmək tələb olunur, hansı ki, İddiaçı ASC-dən kredit almamışdır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan xx xxxx 2006-cı il tarixli “Baş kredit müqaviləsi”ndən görünür ki, həmin müqavilə İddiaçı X2 filialı (bank) tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 30%-lə 1600 ABŞ dolları məbləğində kredit verilməsinə dair tərtib edilmiş, müqavilə bağlanarkən Cavabdeh 17 yaşı olmuşdur. İddiaçı bank məhz sözügedən müqaviləyə istinad edərək məhkəməyə müraciət etmiş, cavabdeh isə bankdan hər hansı məbləğdə pul götürmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Birinci instansiyası məhkəməsi, iddiaçının istinad etdiyi müqavilə bağlanarkən cavabdehin yetkinlik yaşına çatmadığına, bankın Cavabdeh 12 ay müddətinə, illik 30%-lə 1600 ABŞ dolları məbləğində kredit verdiyinə dair ciddi hesabat blankı olan kassa məxaric orderini təqdim edə bilməməsinə əsaslanmaqla hesab etmişdir ki, bankla cavabdeh arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar; 30.2-ci maddəsinə əsasən, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam verməsi, elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirməsi ixtiyarı vardır. Həmin Məcəllənin 345.1-ci maddəsinə görə isə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. Kollegiya hesab edir ki, 2006-cı ildə 17 yaşı olmuş Cavabdeh sözügedən kredit müqaviləsinə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. İddiaçının yeganə sübutunun yuxarıda qeyd olunan müqavilə olduğunu, həmin müqavilənin isə etibarsızlığının müəyyən edildiyini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir. Bununla yanaşı kollegiya iddiaçı banka izah edir ki, bank, qeyd olunan etibarsız əqd üzrə Cavabdeh pul vəsaiti verildiyini sübuta yetirə biləcəyi təqdirdə, etibarsız əqdin etibarsızlığının hüquqi nəticələrinin tətbiqinə, yaxud əsassız varlanma müddəalarına istinadən ona qarşı iddia irəli sürmək hüququna sahibdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-749/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3675/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3675/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver