Məhkəmə qərarları › İş №2(103)-3675/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3675/2024

09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3675/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, e- 2(003)-192/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 03/22972 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Cavabdehin adına olan abonent saldosundan (abonent kodu **********00040) görünür ki, cavabdehin abonent hesabına ünvada olan qaz qurğuları 4 gözlü qaz plitəsi (PQ-4) və dəmir peçi nəzərə alınmaqla 2010-cu ilin iyul ayından 2023-cü ilin fevral ayınadək qazdan istifadə edilməsinə görə hər ay müəyyən məbləğlərdə borc yazılmışdır. Ümumi borcun məbləği 5441,16 manat təşkil edir. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5787.5 manat məbləğində əsas borcun, 400 manat hüquqi xidmət üçün və 81.88 dövlət rüsumunun, ümumilikdə isə 6269.88 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, 03-22972 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilələr əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00040 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş lakin, tam ödəniş aparılmamışdır. Belə ki, Cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi səbəbindən 5787.5 manat borcu qalmışdır. Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”lərinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal hazırda Cavabdeh təbii qazdan istifadəyə görə 5787.5 manat debitor borcu qalmışdır. Bildirir ki, istehlakçı barəsində İddiaçı İB tərəfindən heç bir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir. Mübahisə olunan borc məbləği yalnız istehlakçı tərəfindən qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə olunması və ödənişin həyata keçirilməməsi nəticəsində yaranmış borc məbləğidir. Bu da özlüyündə borclunun barəsində mübahisə edilməyən vəzifəsini qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən yerinə yetirmədiyini göstərir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, e-2(003)- 192/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4806,34 manat məbləğində debitor borc və ödənilmiş dövlət rüsumuna görə 68,06 manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 13,82 manat hissəsinin İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın, 30 manat hissəsinin İddiaçındən, 80 manat hissəsinin isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh, yaşadığı ünvanda 2010-cu ilin iyul ayından iddiaçı birlik tərəfindən qazla təmin edilmiş və cavabdeh hal-hazıradək təbii qazdan istifadə edir. Lakin cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyəri ödənilmədiyindən onun debitor borcu yaranmışdır. Məhkəmə istinad olunan qanunverciliyin tələblərinə əsasən hesab etmişdir ki, iddiaçı müqavilə əsasında cavabdehi qazla təmin etməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən istifadə edilmiş qaza görə yaranmış borcun ondan tələb olunması əsaslıdır. Lakin bu zaman iddiaçı cavabdehdən qazdan istifadəyə görə 5785,5 manat məbləğində borcun tutulmasını tələb etsə də bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İşin araşdırılmış hallarından və iş üzrə verilmiş ekspert rəyindən (ekspert rəyində gəlinmiş nəticənin düzgün olmaması barədə hər hansı bir sübutun da təqdim edilməməsini nəzərə alaraq) görünür ki, hazırda cavabdehin istifadə edilmiş və dəyəri ödənilməmiş qaza görə 4806,34 manat debitor borcu vardır. Məhkəmə hesab etmişdir ki, həmin debitor borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun tutulması hissəsinə isə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırarkən iddiaçının təqdim etdiyi sübutlara əsaslanmış və onun məhkəmə zalında qeyd etdikləri araşdırılmamışdır. İddiaçı onunla arasında hansısa müqavilənin olduğunu, eyni zamanda guya borcun sayğac üzrə istifadə edilmiş təbii qazdan yarandığı bildirilmişdir. Qeyd edir ki, Cəbrayıl rayonundan məcburi köçkündür və Xəzər rayon Şüvəlan qəsəbəsi, “Avrora” düşərgəsində məskunlaşmışdır. İstixana isə ümumi yataqxananın istifadəsindədir, düşərgədə 28 otaq var və həmin otaqlarda yaşayanlar vardır. Buna görə pul tutulması ağlabatan deyil, çünki o düşərgə ərazisində bir otaqdan istifadə edir və tək yaşayır. Bundan başqa qeyd edilən düşərgədə heç vaxt sayğac olmamışdır və bu gün də yoxdur. İddiaçı ilə arasında hər hansı müqavilə də olmamışdır. Həmçinin düşərgəyə verilən ümumi qaz orada komendant kimi işləyən şəxsin adınadır. Bununla yanaşı məhkəmə işə əlavə edildiyi qeyd edilən və guya onun tərəfindən imzalanan müqavilə ilə onu tanış etməmiş, həmin müqavilənin onun tərəfindən imzalanmış olmasını araşdırmamış, lager tərəfindən istifadə olunan təbii qaza görə pulun nə üçün ondan tutulmalı olduğunu, neçə otaq olduğunu, düşərgədə kimlərin yaşadığını və təbii qazdan kimlərin istifadə etdiyini, məcburi köçkünlərin təbii qazdan istifadəyə görə ödəniş etməli olub-olmadığını və sair hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3675/2024 saylı, 12 iyun 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3675/2024 saylı, 21 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı ücün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onların onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin iddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, cavabdeh apellyasiya şikayətində məskunlaşdığı düşərgədə heç vaxt sayğac olmaması və bu gün də olmamasını, iddiaçı ilə arasında hər hansı müqavilənin də olmamasını, işə əlavə edildiyi qeyd edilən və guya onun tərəfindən imzalanan müqavilə ilə onu tanış edilməməsi, həmin müqavilənin onun tərəfindən imzalanmış olmasını araşdırmamasını və sair hallar məhkəmə tərəfindən araşdırılmaması kimi dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 03/22972 nömrəli müqavilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh həmin müqavilədəki imzanın onun tərəfindən icra edilməsini göstərsə də, onun imzalanması şəraitinin necə olmasının yadında olmamasını bildirmiş, bir sözlə, bu halı mübahisələndirməsə də, məhkəmə tərəfindən müəyyən edilən qaz sərfiyyat məbləğinin onun tərəfindən ödənilməli olmamasını göstərmişdir. Qeyd edilən müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Cavabdehin ünvanında olan qaz qurğuları 4 gözlü qaz plitəsi (PQ-4) və dəmir peçi nəzərə alınmaqla iddia tələbindən göründüyü kimi, 2010-cu ilin iyul ayından 2023cü ilin fevral ayınadək qazdan istifadə edilməsinə görə hər ay müəyyən məbləğlərdə borc (5787.5 manat məbləğində) yazılmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə ekspertiza təyin edilən zaman- müvafiq qaydalara əsasən qaz qurğusu 1 ədəd dəmir peç və 1 ədəd dörd gözlü qaz plitəsi (PQ-4) olması nəzərə alınmaqla 2010-cu ilin iyul ayından 2023-cü ilin fevral ayının 28-dək (cavabdehin adına olan abonent saldosuna əsasən müvafiq illər üzrə qaçqın limitinə görə çıxılmalar və ödənişlər nəzərə alınmaqla) orta günlük qaz sərfiyyatının dəyəri aylar, illər üzrə hesablanmaqla nə qədər təşkil etməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/421; 9/387 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən təbii qazdan istifadə etdiyi qaz qurğuları PQ-4 və dəmir soba olmaqla 2010-cu ilin iyul ayından 2023-cü ilin fevral ayının 28-dək müvafiq illər üzrə qaçqın limitinə görə çıxılmalar və ödənişlər nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan yekun məbləğ 4806,34 manat müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehlə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə 23 avqust 2017-ci il tarixdə bağlanıldığından məhz həmin tarixdən etibarən 2023-cü ilin fevral ayının 28-dək (cavabdehin adına olan abonent saldosuna əsasən müvafiq illər üzrə qaçqın limitinə görə çıxılmalar və ödənişlər nəzərə alınmaqla) orta günlük qaz sərfiyyatının dəyəri aylar, illər üzrə hesablanıb müəyyən edilməsi üçün apellyasiya baxışı zamanı əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/421; 9/387 nömrəli ekspert rəyindən görünür ki, PQ-4 (duxovkalı) tipli qaz avadanlığının yaz-yay mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı 4.8 m³, payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı 7.2 m³ təşkil edir. Dəmir sobanın payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı 25.2 m³ təşkil edir. Dəmir sobanın yaz-yay mövsümü üzrə istifadəsi nəzərdə tutulmadığı üçün həmin mövsüm üzrə hesabat aparılmır. Qərardadda qoyulmuş sualın həlli üçün məhkəməyə göndərilmiş əlavə materialların təqdim olunması barədə vəsatət təmin edilmədiyi üçun digər sual üzrə tədqiqat aparılmadan nəticə verilməsi mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə müqavilənin 23 avqust 2017-ci il tarixdə bağlanılması nəzərə alınmaqla məhz həmin tarixdən etibarən 2023-cü ilin fevral ayının 28-dək PQ-4 (duxovkalı) tipli qaz avadanlığının yaz-yay mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı 4.8 m³, payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı 7.2 m³, dəmir sobanın payızqış mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı 25.2 m³ təşkil etməsi nəzərə alınmaqla cavabdehin borcu yenidən hesablanmalıdır. Belə ki, 23 avqust 2017-ci il tarixdə bağlanıldığından məhz həmin tarixdən etibarən 2023-cü ilin fevral ayının 28-dək olan dövr nəzərə alınmaqla, ümumilikdə 66 ay olmaqla təşkil edir. 66 ayın ümumilikdə yarısı yaz-yaya dövrünə ( 33 ay), digər yarısı payız-qış dövründə ( 33 ay ) düşdüyündən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən istifadə olunan təbii qazın miqdarı 33 ay, yəni 396 gün x yaz-yay mövsümü üzrə 4.8 m³ = 1900.8 m³; 33 ay, yəni 396 gün x payız-qış mövsümü üzrə 7.2 m³ = 2851.2 m³; 33 ay, yəni 396 gün x payız-qış mövsümü üzrə 25.2 m³ = 9977.2 m³; ümumilikdə 14729.2 m³ təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədən qazın sərfiyyatının 0.10 qəpik hesabı ilə nəzərdə tutulsa da,hazırda qiymətin qalxmasını (12-25 qəpik) nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qazın sərfiyyatı orta hesabla 0,15 qəpikdən hesablanmasını məqsədə uyğun sayır. Qeyd olunan 14729.2 m³ sərfiyyatı x 0.15 manat vurulduqda = 2209.38 manat müəyyən edilir. Həmin məbləğdən də cavabdeh tərəfindən edilmiş ödəniş 1390.16 manat çıxıldıqda (22xx.xx-1390.16) 819.22 manat müəyyən edilir. Belə olan halda müəyyən edilir ki, cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyəri tam ödənilmədiyindən onun göstərilən məbləğdə debitor borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin – borcun hesablanması hissəsində qismən razılaşır və hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğ 819,22 manat müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçı ilə aralarında hər hansı müqavilə olmadığını, məhkəmədə təqdim edilmiş müqavilənin isə onun tərəfindən imzalanmadığını bildirməklə həmin halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 03/22972 nömrəli müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqındadır və tərəflər üçün onun şərtlri məcburidir. Cavabdeh isə həmin müqavilənin onun tərəfindən imzalanmadığını və müqavilədən məlumatlı olmadığını bildirsə də bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin cavabdehin də təkzib etmədiyi kimi iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh yaşadığı ünvanda fasiləsiz olaraq təbii qazdan istifadə etmişdir ki, onun da təbii qazdan istifadə ilə bağlı iddiaçı ilə aralarında müqavilədən məlumatlı olmaması inandırıcı və ağlabatan olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi – Cavabdeh 4806,34 manat məbləğində debitor borcun tutularaq İddiaçınə ödənilməsi hissəsində dəyişdirilməklə, debitor borca görə cavabdehdən tutulmalı olan məbləğ 819,22 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, e-2(003)- 192/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 819,22 manat məbləğində debitor borc tutularaq İddiaçınə ödənilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar