Məhkəmə qərarları › İş №2(103)-3676/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3676/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3676/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi) X4 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-184/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, L013/2019/ saylı “Kredit limitinin ayrılması haqqında müqavilə”yə əsasən bank Cavabdeh4 100000 manat məbləğində, 84 ay müddətinə, illik maksimum 30 faiz ilə kredit limiti ayırmışdır.

2. 10 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh2 arasında “ipoteka müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən mənzilini Cavabdeh4 İddiaçı ASC ilə bağldığı 09 oktyabr 2019-cu il tarixli, L013/2019 saylı “Kredit limitinin ayrılması haqqında müqavilə” və bu müqavilənin icrası üçün bağlanan “kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit Sazişlərindən əmələ gələn öhdəliklərin təminatı kimi bank qarışısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən həm mülkiyyətçi kimi Cavabdeh2, həm də evdə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh3 tələbin ipoteka predmetinə yönəldiləcəyi təqdirdə evi tərk edəcəklərinə dair ərizə təqdim etmişlər.

3. 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişinə əsasən, bank tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 23 faizlə 20000 manat kredit verilmişdir.

4. Sonradan İddiaçı ASC ilə Cavabdeh4 arasında 17 aprel 2021-ci il tarixdə “12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 saylı “Kredit limitinin ayrılması haqqında müqavilə daxilində Kredit Sazişi” üzrə kredit borcunun restrukturizasiyasına dair” Razılaşma imzalanmış, Razılaşmanın şərtlərinə əsasən, kreditin müddəti 13 mart 2023-cü il tarixdən etibarən 9 ay müddətinə uzadılmış və bu müddət ərzində “Saziş” üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilmiş, “Saziş” üzrə 12 noyabr 2020-ci il tarixindən etibarən 9 ay müddətinə aşağıda qeyd olunan qaydada güzəşt müddəti tətbiq edilmişdir:

5. Kredit borcunun restrukturizasiya edildiyi tarixdə “Kredit alan”ın həmin tarixə olan cari əsas borcunun “Ödəniş cədvəli” üzrə qeyd edilmiş qalıq əsas borcundan az olduğu aydan sonralı aydan başlayaraq restrukturizasiya edilən tarixədək olan aylar üzrə “Kredit alan”dan əsas borc məbləği tələb olunmur. Kredit alanla bağlanılmış 09 iyun 2020ci il tarixli ,MK/73020/71 saylı Razılaşma üzrə dondurularaq saxlanmış faiz borcunun ödənilməmiş hissəsi də daxil olmaqla, həmin tarixədək hesablanmış və ödənilməmiş faiz borcu isə xüsus hesabda dondurularaq saxlanılır və güzəşt müddətinin bu hissəsinə “Kredit alan”dan tələb edilmir.

6. Kredit borcunun restrukturizasiya edildiyi tarixdən sonrakı aylar üzrə güzəşt müddətinin sonuncu ayına qədər “Kredit alan”dan əsas borc məbləği tələb edilmir və yalnız faiz borcunun ödənilməsi tələb edilir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 03 fevral 2023-cü il tarixli arayışda Cavabdeh4 banka 15849,35 manat əsas, 2299,51 manat faiz və 248,21 manat cərimə borcunun olduğu göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 12 oktyabr 2019- cu il tarixli, MK/73020/71 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 15849,35 manat əsas, 2299,51 manat faiz və 248,21 manat cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 164 manat məvləğində pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun təmin edilməsi, həmçinin mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (səhifə 97)

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-184/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəli kredit sazişinin ləğv edilməsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişi üzrə 15843,08 manat əsas, 2299,51 manat faiz borcu, 248,21 manat cərimə olmaqla, ümumilikdə 18390,8 manat məbləğində pul vəsaitinin Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 162000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsinin təmin edilməsi, qalan pulun mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 qaytarılması, mənzilin satışından əldə ediləcək gəlir hesabına borcun ödənilməsi mümkün olmadıqda isə, qalan borcun Cavabdeh4 ümumi qaydada tutularaq banka ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz əşyaları ilə birlikdə mənzildən çıxarılması, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 140 manat məbləğində pul vəsaitinin Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, ekspertiza xərci kimi 100 manat məbləğində pul vəsaitinin 80 manat hissəsinin Cavabdeh4, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 442.1, 739, 427.3, 465.2, 462.1, 463.1, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3, 59.3 və 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin təmamilə ləğv edilməsini, evin yenidən qiymətləndiliməsi və təkrar mühasibatlıq ekspertizasının keçirilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə cavabdehlərin dəfələrlə işə baxılmanın vaxtdı və yeri haqqında xəbərdarlıq edilməyimə baxmayaraq guya məhkəmə prosesinə gəlmədiyini göstərmişdir. İşi hərtərəfli deyil, qeyri-obyektiv və qərəzli şəkildə hakim araşdırmışdır. Məhkəməyə vaxtında gəlinmiş, məhkəmə baxışında üzürlü səbəbdən iclasın təxirə salınması barədə məhkəmənin elektron kabinetinə ərizə ilə müraciət olunasa da məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmışdır. Bundan başqa İddiaçı ASC iddia tələbini onunla əsaslandırır ki, 12 oktyabr 2019-cu il tarixdə İddiaçıSC ilə arasında MK/7302071 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə ona 36 ay müddətinə, illik 23 faiz hesablanmaqla 20000 manat məbləğində pul ayrılmışdır. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 12 aprel 2021-ci il tarixli, MK/73020/71saylı “Kredit Sazişi” üzrə kredit borcunun restrukturizasiyasına dair Razılaşma imzalanmış, Razılaşmanın şərtlərinə əsasən, kreditin müddəti 13 mart 2023-cü il tarixdən etibarən 9 ay müddətinə uzadılmış və bu müddət ərzində “Saziş” üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilmiş, “Saziş” üzrə 12 noyabr 2020-ci il tarixindən etibarən 9 ay müddətinə aşağıda qeyd olunan qaydada qüzəşt müddəti tətbiq edilmiş kredit borcunun restrukrizasiya edildiyi tarixdə “Kredit alan”ın həmin tarixdə olan cari əsas borcunun “Ödəniş cədvəli” üzrə qeyd edilmiş qalıq əsas borcundan az olduğu aydan sonraki aydan başlayaraq restrukturizasiya edilən tarixədək olan aylar üzrə “Kredit alan”dan əsas borc məbləği tələb olunmur. Kredit alanla bağlanmış 09 iyun 2020-ci il tarixli, MK/73020/71 saylı Razılaşma üzrə dondurularaq saxlanmış faiz borcunun ödənilməmiş hissəsi də daxil olmaqla, həmin tarixədək hesablanmış və ödənilməmiş faiz borcu isə xüsusi hesabda doldurularaq saxlanılır və güzəşt müddətinin bu hissəsinə “Kreditalan”dan tələb tələb edilmədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə sonradan təqdim edilmiş 03 fevral 2023-cü il tarixli arayışda Cavabdeh4 banka 15849.35 manat əsas, 2299.51 manat faiz və 248.21 manat cərimə borcunun olduğu göstərmişdir. Lakin xx.xx.2022-ci il tarixli iddia ərizəsində kedit borcunun 17619.33 manat əsas, 6231.62 faiz və 787.62 manat cərima borcunun olduğunu qeyd etmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə ödədiyi 9100 (doqquz min yüz) manat məbləğində pulun əsas məbləğdən deyil faiz və cərimədən silinmişdir. İddianı qismən qəbul edərək bildirir ki, maddi vəziyyətimin çətinləşməsi və devalivasiya ilə əlaqədar bankdan götürdüyü vəsaitləri vaxtında banka qaytara bilməmiş, habelə hesablanmış fazi məbləği əsas borca adekvat olmadığından həmin məbləğ azaldılmalıdır. Nədənsə məhkəmə iddianı bütövlükdə təmin etməklə faiz borclarının necə hesablanması barədə heç bir araşdırma aparmamışdır. Həmçinin ipoteka predmeti olan mənzil real dəyərindən ucuz qiymətə dəyərləndirilmişdir. Halbu ki, həmin ərazidə həmin mənzilin bazar qiyməti 162000 manatdan yuksəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 319.1 əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

19. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. Maddə 442.1 öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 739 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. Maddə 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Maddə 463.1 dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.

26. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

27. Maddə 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:

29. Maddə 33 borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

30. Maddə 39.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Maddə 59.3 və 59.4 ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hazırkı halda qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-184/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminat üsulu kimi 10 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh2 arasında “ipoteka müqaviləssi bağlanmışdır. Hazırda Bank iddiaçı qismində məhkəməyə müraciət edərək, borclu tərəfindən müqavilələr üzrə ödənilməyən borc pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

42. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh4 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur.

43. Borc məbləğinin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən 28 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 9/9254 saylı rəyi ilə müəyyən edilmişdir ki, 28 noyabr 2022-ci il tarixə Cavabdeh4 Banka 15843,08 manat əsas, 2439,62 manat faiz borcu vardır.

44. Kollegiya qeyd edir ki, Cavabdeh4 iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etmədiyindən iddiaçı qarşısında borc məbləği həddində məsuliyyət daşıyır.

45. Kollegiya hesab edir ki, məhkəmə ekspert rəyini əsas sübut hesab etməklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, 15843,35 manat əsas, iddia tələbinə uyğun olaraq 2299,51 manat faiz borcu Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

46. Cavabdeh4 apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmadığını qeyd etsə də, borc məbləğinin miqdarını müəyyən edən 06 yanvar 2023-cü il tarixli, 9/9254 saylı ekspert rəyini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

47. Dəbbə pulu hissəsinə mübasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

48. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borca tənasübdür və məhkəmə haqlı olaraq hesab etmişdir ki, dəbbə pulunun miqdarı iddia tələbi həcmində, yəni 248,21 manat müəyyən edilməlidir.

49. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, bank onun tərəfindən ödənilmiş 9100 manat pulu əsas borc məbləğinə deyil, faiz və cərimə borcuna hesablamışdır. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsasız hesab edir və qeyd edir ki, öhdəliyin hissə-hissə icrası zamanı əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. (MM-nin 432.4-cü maddəsi)

50. Tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 162000 manat müəyyən edilməklə, açıq hərracdan satılması hissəsində də məhkəmə düzgün nəticəyə gəlmişdir.

51. Belə ki, ipoteka predmeti olan mənzilin likvid qiymətinin müəyyənlədirilməsi məqsədilə məhkəmənin 22 iyun 2022-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə ekspertiza təyin edilmiş, “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin 24 noyabr 2022-ci il tarixli, QXM 429M saylı rəyində həmin mənzilin likvid dəyərinin 162000 manat olduğu göstərilmişdir.

52. Məhkəmə də qeyd edilən rəyi əsas sübut hesab etməklə haqlı olaraq hesab etmişdir ki, tələb ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 162000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi təmin edilməli, qalan pul mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 qaytarılmalı, mənzilin satışından əldə ediləcək gəlir hesabına borcun ödənilməsi mümkün olmadıqda isə, qalan borc Cavabdeh4 ümumi qaydada tutularaq banka ödənilməli, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdırlar.

53. Kollegiya apellyasiya şikayətinin mənzilin bazar dəyərinin 162000 manatdan çox olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əvvəla ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilərkən bazar dəyəri deyil, əmlakın likvid dəyəri əsasında qiymət müəyyən edilir. Digər tərəfdən cavabdeh əmlakın dəyərinin daha artıq olmasını qeyd etsə də, “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin 24 noyabr 2022-ci il tarixli, QXM 429M saylı rəyini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

54. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar hər hansı sübuta əsaslanmayan formal mülahizələrdən ibarətdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Cavabdehin apellyasiya şikayətində həmçinin qeyd edir ki, məhkəmə prosesləri barədə ona məlumat verilmiş olsa da, məhkəmə iclasının təxirə salınması barədə ərizəsi nəzərə alınmamış və məhkəmə iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, cavabdeh məhkəmə iclasının təxirə salınmasının üzürlü səbəbləri barədə hər hansı sübut əlavə etməmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirlən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-184/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar