Məhkəmə qərarları › İş №2(103)-3677/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3677/2023

25.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3677/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, avtomobilinə vurulmuş zərərə görə 4885 manatın və 69,4 manat dövlət rüsumunun əvəzinin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 28 aprel 2023-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, buna əsas kimi cavabdehin qeydiyyatda olduğu ünvanın Laçın rayonunda olması göstərilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət berlə əsaslandırılmışdır ki, cavabdeh Laçın rayonunun Fərəcan kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır və həm onun, həm də iddiaçının məhkəməyə əlçatanlılığını təmin etmək üçün işə Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Cavabdeh isə Laçın rayonunun Fərəcan kəndində qeydiyyatdadır və bu o deməkdir ki, iddia ərizəsi aidiyyat qaydalarına uyğun verilməmişdir. Kollegiya iddiaçının, Cavabdeh faktiki olaraq Binəqədi rayonunda yaşadığını və bu səbəblə işə Binəqədi Rayon Məhkəməsində baxılmalı olduğu barədə mövqeyini əsassız hesab edir. Məcburi köçkünlərin qeydiyyatda olduqları rayonlarda sakinlərin kütləvi yerləşdirilməsi hələ tam təmin edilmədiyindən məcburi köçkünlərin demək olar hamısı respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışdır. Lakin bu o demək deyil ki, məcburi köçkünlərin işlərinə birmənalı olaraq müvəqqəti məskunlaşdıqları rayonun məhkəməsində baxılmalıdır. Əgər belə olsa idi, məcburi köçkünlərin rəsmi qeydiyyatda olduqları məhkəmələrin fəaliyyətinə ümumiyyətlə zərurət qalmazdı. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında yurisdiksiyası Laçın rayonu olan məhkəmə - Laçın Rayon Məhkəməsi fəaliyyət göstərir və rəsmi olaraq Laçın rayonunda qeydiyyata alınmış cavabdehlərin işlərinə də ümumi aidiyyət qaydasında həmin məhkəmə baxmalıdır. Laçın rayonundan məcburi köçkün olan və rəsmi olaraq Laçın rayonunda qeydiyyatda olan cavabdehin faktiki olaraq Binəqədi rayonu ərazisində yaşaması onun cavabdeh olduğu işə ümumi aidiyyəti qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olduğunu mənasına gəlmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3159/2023 saylı mülki iş üzrə 28 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar