Məhkəmə qərarları › İş №2(103)-3678/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3678/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3678/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-3313/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 812.67 manat məbləğində əsas borc, 2.74 manat faiz borcu və 0.95 manat cərimə borcu olmaqla cəmi 816.36 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin ASC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ilə ASC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25% ödəmək şərtilə 1950 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixinə ASC-yə 816.36 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 3313/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 812,67 manat əsas borc, 2,74 manat faiz borcu, 0,95 manat cərimə borcu olmaqla cəmi 816,36 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, müqavilə üzrə göstərilən pul məbləğini ödəməməsi ondan asılı olmayan səbəblərdən baş vermiş, COVİD-19 infeksiyası ilə bağlı ölkə ərazisində tətbiq edilmiş karantin rejimi onun maddi vəziyyətinə mənfi təsir göstərmiş, normal şəraitdə 406 manat əmək haqqı aldığı halda, karantin rejimi tətbiq olunduqdan sonra 356 manat əmək haqqı alır, başqa qazancı və gəliri yoxdur. 2020-ci ilin iyul ayına qədər müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, hesablanmış borc məbləği ilə bağlı hər hansı narazılığı yoxdur, sadəcə həmin borcu birdəfəyə ödəyə bilmir, bu səbəbdən də borcun hər ay 50-60 manat olmaqla hissə-hissə ödənilməsinə razılıq verilməsini istəyir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 1950 manat məbləğində kredit verilmiş, Cavabdeh isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. ASC-nin xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli müqavilə üzrə 816.36 manat məbləğində borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apelyasiya şikayətində göstərdiyi hallar onun kredit müqaviləsi üzrə öhdəliyini icra etməsindən azad etmir. Cavabdeh faktik olaraq borc məbləğini mübahisələndirmir, yalnız borcun hissə-hissə ödənilməsini istəyir. Borcun hissə-hissə ödənilməsi isə qətnamənin icrası qaydasında həll oluna bilən məsələdir və qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apelyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3313/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar