Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3684/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, e-2(010)-1248/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh birgə nikahdan Murad adlı övladı doğulmuşdur. 2015-ci ildə tərəflər arasında nikah pozulmuş və tərəflərin övladı Murad anası İddiaçı himayəsində qalmışdır. Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Muradın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı, Cavabdeh bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Muradın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olan zaman xx.xx.2014-cü il tarixdə X4 övladı anadan olmuşdur. 10 avqust 2015-ci il tarixdə cavabdehlə iddiaçı arasında olan nikah Naxçıvan şəhər məhkəməsinin 2(078)- 328/2015 saylı qətnaməsinə əsasən pozulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün hər ay üçün 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı, uşağın saxlanılmasında maddi imkanında çətinliklər yaranıb, uşağa baxa bilmir, heç yerdə işləmir. Cavabdeh isə iddiaçıya hər hansı köməklik göstərmir. Bundan başqa, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 (iki yüz otuz beş) manat müəyyən olunmuşdur. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, iddiaçı uşağının tərbiyəsi, məktəbə və uşağın sosial, psixoloji inkişafı ilə bağlı müxtəlif dərnəklərə aparılması, həkim müayinəsi və digər xərcləri üçün daha çox pul ödəməli olur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, e-2(010)- 1248/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(010)-10366/2015 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(010)-1248/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, eləcə də Cavabdeh ödənilməmiş 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu nəzərə almışdır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı alimentin artırılmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanmasını istəsə də, məhkəmə qanunvericiliyin istinad edilən nomralarını rəhbər tutaraq hesab etmişdir ki, yeni müəyyən edilmiş məbləğ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(010)-1248/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, onun 150 manat aliment ödəyə biləcəyi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul etsə də, onu dinləməmişdir. Digər tərəfdən iş yerindən arayışda göstərilən 410 manat əmək haqqı barədə arayış təqdim etsə də, arayışa münasibət belə bildirilməmişdir. Qeyd edir ki, iddiaçı ilə 2013-cü ildə ailə qurmuş, 2015-ci ildə isə ayrılmışlar. Müəyyən edilmiş 108 manat alimenti bir gündə olsun gecikdirmədən ödəmişdir. Bundan sonra 2017-ci ildə Günel Zeynalova ilə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü Anilə və xx.xx.2019-cu il təvəlüdlü Aminə adlı qızları dünyaya gəlmişdir. Uşaq azyaşlı olduğundan ana işləyə bilmir, tək onun əmək haqqı ilə 3 uşaq və valideyinlər dolanırlar. Hazırda kirayədə yaşayır. Belə bir vəziyyətdə işə baxan hakim onun nə qədər aliment ödəyə biləcəyini belə dinləmədi. Onun 4 nəfər ailə üzvü var. Aldığı əmək haqqı 410 manatdır. İddiaçı ilə olan nikahından anadan olmuş Murad Zeynallı da onun övladıdır. Lakin hazırda alimenti 150 manat məbləğində ödəyə bilər. İmkanı cox olsa çox istəyir ki, övladları inkişaf etsin amma imkan olduqda. Eyni zamanda qeyd edir ki, iddiaçı işləyir, uşağın inkişafı üçün çalışır, onu da başa düşmək lazımdır, 8 saat işləyib aldığı əmək haqqı 410 manatdır. Həmin vəsait əvvəllər kifayət etsə də hazırda ailəni saxlamaq üçün kifayət etmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(010)-10366/2015 saylı qətnaməsi ilə Cavabdeh hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə müəyyən olunmuş alimentin tutulmasının xx.xx.2015-ci il tarixindən hesablanması qət edilmişdir. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Belə ki, “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Birinci instansiya məhkəməsi isə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment məbləğini hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, əvvəla hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində sadaladığı hallar onun uşağının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm iddiaçı ilə birgə nikahdan olan uşağının, həm də digər nikahdan olan hər iki uşağının artan tələbatlarını təmin etməlidir. Belə ki, işləyib-işləməsindən asılı olmayaraq cavabdeh bir ata kimi övladlarının qayğısına qalmaq, onları zəruri vəsaitlə təmin etmək və eləcə də, iddiaçı ilə nikahından doğulmuş uşağının təminatını əvvəlki kimi yüksək saxlamaq və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirmək cavabdehin vəzifəsidir Həmçinin də, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissədə nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, e-2(010)- 1248/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov