Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3685/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın və əldən çıxmış faydanın ödənilmsi, vergilərin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MTK cəlb edilməklə) “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-208/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı, X11 və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə (külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) cinayət işi başlanılmış, həmin cinayət işi üzrə İddiaçı 23-25 yanvar 2017-ci il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, sonra barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. X1 barəsində cinayət təqibi digər şəxslər barəsində olan cinayət işindən ayrılmışdır.
2. İddiaçının arvadı X3 tərəfindən xx.xx.2017-ci il tarixdə 25.000 manat məbləğində vəsait Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin hesabına ödənilmiş, ödəniş sənədində ödənişin təyinatı cinayət işi üzrə "xxxx" MTK-nın mənfəət vergisi göstərilmişdir.
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)- 4/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2ci maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dərhal ləğv edilmiş, bəraət almış İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsində nəzərdə tutulan hüquq və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin hökm yuxarı instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)- 8/2022 nömrəli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin hökmlə müəyyən edilir ki, "xxxx" MTK-nın xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə 801.593,78 manat məbləğində vergi borcu olmuşdur.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda sonuncunun arvadı X3 tərəfindən "xxxx" MTK-nın adından xx.xx.2017-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 25.000 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etmək hüququnun olduğu izah edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-da aparılmış səyyar vergi yoxlamasının nəticəsi ilə əlaqədar "xxxx" MTK-nın barəsində külli miqdarda vergidən yayınma cinayəti üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, bundan sonra İdarənin müstəntiqi Bayram Bayramov heç bir əsas olmadan xx.xx.2017-ci ildə iddiaçını Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş və 25 yanvar 2017-ci ildə ona Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan etmişdir. İddiaçının "xxxx" MTK-nə heç bir aidiyyatının olmamasına baxmayaraq, müstəntiq onun ifadələrinə əhəmiyyət verməmiş, heç bir dəlil, heç bir mötəbər sübut olmadan iddiaçını şübhəli şəxs qismində tutmuş və onu "xxxx" MTK-nın vergi borcundan 25.000 manat məbləğində pul ödəməyə məcbur etmiş, həmin məbləğdə pul vəsaiti ödəyəcəyi təqdirdə iddiaçını buraxacağına vəd vermişdir. İddiaçı müstəntiq Bayram Bayramovun onu qanunsuz saxlamasını və onun təqsirsizliyinə heç bir əhəmiyyət verməməsini görüb "xxxx" MTK-nın vergi borcu üçün həyat yoldaşı X2 25.000 manat məbləğində pul vəsaiti məcburi şəkildə ödətdirildikdən sonra xx.xx.2017-ci ildə müstəntiq iddiaçının barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçərək onu müvəqqəti saxlama yerindən azad etmişdir. Göründüyü kimi, müstəntiq onu qanunsuz olaraq az ağır cinayət etməkdə təqsirləndirdiyi azmış kimi, o, iddiaçını qanunsuz olaraq iki gün müddətinə müvəqqəti saxlama yerində saxlamış, bundan sonra onun azadlığının məhdudlaşdırılmasına əsas olan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçməklə onun azadlıq hüququnu pozmuş, barəsində ittiham aktı tərtib edərək cinayət işini baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə vermişdir. İttiham aktının nəticəvi hissəsində İddiaçı X4 və X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə külli miqdar təşkil edən 801.593,78 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı, bununla da Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi qeyd olunmuş, barəsində olan cinayət işi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış və məhkəmənin 1(010)- 4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə iddiaçıya Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə bəraət verilərək, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, müstəntiq Bayram Bayramovun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya əsassız olaraq vergidən külli miqdarda yayınma cinayəti üzrə ittiham elan edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmış, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlanılmış və 25.000 manat məbləğində pul vəsaiti ödəməyə məcbur edilmişdir. Bütün bu hallar isə onun maddi və mənəvi zərər çəkməsinə səbəb olmuşdur. İlk əvvəl bildirmək istəyir ki, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının barəsində elan edilmiş ittihamın əsassız olduğu, onun əsassız olaraq şübhəli şəxs qismində tutulması, 5 il müddətinə polisin nəzarəti altında saxlanmasının və 25.000 manat məbləğində vergi borcunun ödəməsinə məcbur edilməsinin əsassızlığı məhkəmə hökmü ilə sübuta yetmişdir və bu hallar işin mübahisə edilməyən hallarıdır. Hətta Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin l(010)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli xüsusi qərarında da müstəntiqin hərəkətlərinin qanunsuzluğu öz əksini tapmışdır. İbtidai araşdırma orqanı tərəfindən iddiaçıya Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan etməsi onu bir çox müqavilələrdən, bir çox işlərdən məhrum etməklə ona 60.000 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərərdən biri də onun "xxxx" MTK-nın vergi borcundan 25.000 manat məbləğində pul ödəməyə məcbur edilməsi olmuşdur ki, bu zaman iddiaçı özünə məxsus 25.000 manat məbləğində pul vəsaitini "xxxx" MTK-nın vergi borcu kimi ödəyərək həmin məbləğdə zərərə məruz qalmışdır. İddiaçının xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmasında, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək 5 ildən artıq bir müddətə polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlanılmasında və işgüzar nüfuzunun ləkələnməsi ilə iddiaçıya 50.000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı "xxxx" adlı MMC-nin həmtəsisçilərindən biri olmaqla sahibkarlıqla məşğul olur və bu baxımdan sahibkarlar, iş adamları arasında işgüzar nüfuzunun sağlam saxlanması onun birinci prioriteti olmuşdur. Hər bir sahibkar kimi iddiaçı işgüzar nüfuzunu qorumaq hüququ vardır. Məhz ibtidai araşdırma orqanı tərəfindən iddiaçıya Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan etməsi ilk əvvəl onun işgüzar nüfuzuna ləkə gətirmiş, demək olar ki, bu cinayət işinin araşdırıldığı 5 il müddətində o, bu ləkə ilə yaşamalı olmuşdur. Digər tərəfdən isə, heç bir cinayət etmədiyi təqdirdə iddiaçının bir cinayətkar kimi tutulması, iki gün müddətində saxlama yerində saxlanılması, sonradan isə polisin nəzarəti altına verilməklə onun ölkədən çıxmasına qadağa qoyulması, 3 ildən artıq çəkən məhkəmə instansiyalarının hər birinə müdafiəsi üçün şəxsi hesabına vəkil tutmaq, məhkəmə iclaslarına gedib-gəlməklə, hər dəfə mənəvi əziyyət çəkməklə, qanunsuz olaraq azadlıq hüququnun məhdudlaşdırılması ilə iddiaçı 5 il müddətində mənəvi sarsıntılar keçirmişdir. Bildirmək istəyir ki, bu müddət ərzində iddiaçı istirahət etmək üçün və öz işgüzar həyatı ilə əlaqədar xaricə gedib-gələ bilməmiş, demək olar ki, ev dustaqlığı şəraitində yaşamışdır. Göründüyü kimi, Vergi Cinayətlərinin İbtıdai Araşdırılması Baş İdarəsinin müstəntiqi tərəfindən iddiaçının qanunsuz olaraq ittiham ediməsi ilə o, əldən çıxmış fayda kimi 60.000 manat məbləğində maddi zərərə, qanunsuz olaraq ödəməyə məcbur olduğu 25.000 manat məbləğində maddi zərərə və qanunsuz tutulması, barəsində qətimkan tədbirinin seçilməsi və işgüzar nüfuzunun ləkələnməsi ilə isə mənəvi sarsıntı keçirməklə 50.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya suiistifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqinin iddiaçının barəsində əsassız ittiham elan etməsi, 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlaması, əsassız olaraq xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlaması nəticəsində əldən çıxmış fayda kimi 60.000 manat, "xxxx" MTK-nın vergi borcu üçün ödəməyə məcbur edildiyi 25.000 manat, ümumilikdə isə iddiaçıya dəymiş 85.000 manat məbləğində maddi zərərin və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqinin həmin əməlləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər qismində 50.000 manat məbləğində, ümumilikdə isə 135.000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq iddiaçıya ödənilməsi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səhvi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün iddiaçıdan yazılı surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi cavabdeh qismində mülki işə cəlb olunmuşdur.
9. İddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə müraciət edərək, iddia tələbini cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı hissədə, yəni cavabdehlərin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi hissəsində geri götürərək, həmin hissədə iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı hissədə, yəni cavabdehlərin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi hissəsində mülki iş baxılmamış saxlanılmışdır.
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı təhqiqat, ibtidai-istintaq v məhkəmə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona qarşı yönəltmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin Mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s. ) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: «Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları heyata keçirirlər». Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər iki dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarında uyğun olaraq mütəmadi maliyyələşdirir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli 7 No-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda vurulmuş ziyana görə ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. İndiki halda məhkəmə tərəfindən təmin edilən mənəvi ziyanın məbləği ağlabatan hesab oiuna bilməz. İş materialları əsasında sübut olunur kı, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı iddia etdiyi məbləğdə heç bir sübut göstərə bilməmişdir. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real faktla əsaslanmır, əsassızdır. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 208/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X5 xeyrinə mənəvi ziyana görə 14.500 manat manat pulun tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona cəmi 85.000 manat maddi ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı ümumi qeyd olunan 85.000 manat tələbi iki hissədən ibarət olmuşdur. Bunun 25.000 manat hissəsi iddiaçının yoxlama zamanı Dövlət Vergi Xidmətinə 25.000 manat vergi borcu kimi ödədiyi məbləğ olmuş, ikinci hissəsi olan 60.000 manat isə əldən çıxmış fayda kimi dəyən ziyan olmuşdur.
15. Məhkəmə 25.000 manat pulun ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı qeyd olunan bu məbləğin ona ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməmiş və bu hüquq hazırda itmədiyindən, mübahisənin olması da məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
16. Maddi ziyanın ikinci hissəsi olan 60.000 manat əldən çıxmış faydanın ona ödənilməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı 60.000 manat pulun necə formalaşmasını, əldən çıxmış faydanın nələrdən ibarət olmasında dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin olunmamalıdır.
17. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni mənəvi zərərlə bağlı hissəsində 14.500 manat ( 49 ay x 1 aya görə 300 manat = 14500 yuvarlaq məbləğ) həcmində təmin olunmasını ədalətli hesab etmiş, belə ki, iddiaçının 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlaması, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (dörd il müddətində) “polisin nəzarəti altına vermə” qətimkan tədbiri altında saxlaması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 68-ci madəsinin İİ hissəsinə, Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3-cü maddələrinə, Mülki Məcəlləsinin 21.2, 449.1, 1101.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarına, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” xx.xx.1998-ci il tarixli Qanunun 4-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1, 4-cü maddələrinə, Avropa Məhkəməsinin 27 iyul 1998-ci il tarixli “Güleç Türkiyəyə qarşı” və 11 iyul 2000-ci il tarixli “Dikmə Türkiyəyə qarşı” işləri üzrə qərarlarına, Avropa Məhkəməsinin «Koinq Almaniyaya qarşı», «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X6rşı» işləri üzrə qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.3, 214.4 –cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin maddi zərərin 25.000 manat hissəsində təmin edilməməsini iddiaçının 25.000 manat məbləğin ona ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməməsi ilə əsaslandırmışdır. Halbuki, iddiaçı iddia ərizəsinə əsassız olaraq vergi qismində ödədiyi 25.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə vergi orqanına müraciət etməsi və vergi orqanının onun müraciətindən imtina edərək məhkəməyə müraciət etməsi barədə vergi orqanının məktubunu əlavə etmişdir. Yəni, artıq iddiaçı tərəfindən vergi qismində ödənilən 25.000 manat pul vəsaitinin ona dəymiş zərər olması işin mübahisə edilməyən halıdır. 25.000 manat məbləğində pul vəsaiti "xxxx" MTK-nin vergi borcu kimi ödənildiyindən həmin vergi borcunun artıq ödənilən vergi borcu kimi geri qaytarılması yolverilməzdir və vergi orqanının həmin borcu geri qaytarmaq kimi öhdəliyi yoxdur, ondan ötrü ki, kim tərəfindən ödənilməsindən asılı olmayaraq "xxxx" MTK-nin yaranmış vergi borcu ödənilmiş və bu vergi borcu iddiaçı tərəfindən ödənilməsinə məcbur edilməsi üçün məhz həmin vergini ödəməklə iddiaçıya 25.000 manat zərər dəymişdir. Zərərin ödənilməsi öhdəliyi cavabdeh Maliyyə Nazirliyinin birbaşa vəzifəsidir. Bu işin mübahisə edilməyən halıdır. Sadəcə olaraq iddiaçı tərəfindən ödənilən pul vəsaitinin iddiaçıya kim tərəfindən qaytarılmalı olması hazırki qətnamə ilə düzgün müəyyən edilməyib. Bir sözlə, əgər maddi zərər varsa, maddi zərəri vuran şəxs müəyyən edilməlidir. İşin hallarından da görünür ki, müstəntiqin təzyiqi ilə iddiaçı 25.000 manat məbləğində pul vəsaitini "xxxx" MTK-nın vergi borcu kimi ödədiyindən, bu zərər ona əsassız verilən ittiham nəticəsində dəymişdir. İttihamın əsassız vurulmasında isə maddi məsuliyyəti daşıyan cavabdeh Maliyyə Nazirliyidir. Bu üzdən 25.000 manat məbləğində ödənilmiş vergi borcu iddiaçıya dəymiş zərər kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Maddi zərərin 60.000 manat hissəsi ilə əlaqədar hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi isə məhz iddiaçının bu dövr ərzində polisin nəzarəti altında olması, bu dövr ərzində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması ilə əlaqədar olduğundan, belə hesab edir ki, iddiaçının 5 il müddətində sahibkarlıq fəaliyyətindən məhrum olması səbəbindən hər il üçün 12.000 manat ona dəymiş maddi zərər qismində hesablanması ağlabatandır. Qətnamənin mənəvi zərərin qismən təmin edilməsi hissəsinə münasibətdə isə bildirilir ki, 5 il müddətində iddiaçının mənəvi iztirab içində yaşamasının kompensasiyası kimi cəmi 14.500 manat məbləğində pul vəsaitinin ödənilməsi Azərbaycan Respublikasında insana verilən dəyərin aşağı olması kimi qiymətləndirilməlidir. Belə hesab edir ki, 5 il müddətində iddiaçının mənəvi iztirab içində yaşaması nəticəsində ona dəymiş mənəvi zərər kimi hər il üçün 10.000 manat məbləğində kompensasiya elə də böyük məbləğ deyildir və bu məbləğ özü ağlabatan məbləğdir. Cavabdeh öz etirazının əsası kimi məhkəməyə heç bir sübut təqdim etməmiş, buna baxmayaraq məhkəmə öz qətnaməsində vergi borcu kimi ödənilən pul vəsaitinin geri qaytarılması barədə vergi orqanına müraciət etməməsini göstərmişdir. Məhkəmə əsasən iddiaçının "xxxx" MTK-nın vergi borcunu ödəmək öhdəliyinin olubolmamasını araşdırmalı, bu hissədə işin faktiki hallarına aydınlıq gətirməli idi. Göründüyü kimi, məhkəmə iş üçün xüsusi əhəmiyyəti olan bu halı aydınlaşdırmamış, "xxxx" MTK-nin vergi borcunun ödənilmiş 25.000 manat hissəsinin dövlət büdcəsindən geri qaytarılmasının mümkünlüyünə aydınlıq gətirməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MTK iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, "xxxx" MTK-nin vergi borcu olduğunu bilməmişdir. O, şübhəli şəxs qismində tutulan zaman yoldaşına hesab nömrəsi verərək 25.000 manat ödəyəcəyi təqdirdə onun azad olunacağını bildirmişlər. Vəsaitin "xxxx" MMC-nin adından ödənildiyini düşünmüş, sonradan ona məlum olmuşdur ki, "xxxx" MTK-nin vergi borcunu ödəmişdir. İddiaçı "xxxx" MTK-ya aidiyyəti olan şəxs deyil. Səhv ödənilmiş vəsaiti tələb etdiyindən iddianı cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı irəli sürmüşdür. "xxxx" MTKnin vergi borcunu könüllü deyil, məcbur edildikləri üçün ödəmişlər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı beş ildir ki, hökm çıxarılanadək məhkəmə proseslərində mənəvi stresslər keçirmişdir. Əldən çıxmış fayda kimi ziyan tələbinə münasibətdə sübutlar təqdim edə bilmirlər.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, "xxxx" MTK-nın vergi borcunun 25.000 manat hissəsini iddiaçı tərəf ödəmişdir. Şəxsi hesab vərəqəsinə görə "xxxx" MTK-nin hələ də vergi borcu vardır. Hesab edir ki, hazırki mübahisəyə inzibati məhkəmədə baxılmalıdır.
26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
29. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. Bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
30. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu Maddə 4.1. Bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Maddə 5.5. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız iddianın təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “vergi borcu kimi ödənilmiş 25.000 manatın tutulması” tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" MTK-nın dövlət büdcəsinə vergi borcu yaranmış, bununla bağlı cinayət işi başlanmış, xx.xx.2017-ci il tarixdə iddiaçının arvadı X3 tərəfindən MTK-nın vergi borcuna görə 25.000 manat pul vəsaiti ödənilmişdir.
38. Göründüyü kimi, "xxxx" MTK-nın vergi borcunun ödənilməsi ilə bağlı öhdəlik üçüncü şəxs tərəfindən icra edilmişdir.
39. Belə olan halda, öhdəliyi icra etmiş şəxsin borcluya (MTK-ya) qarşı reqres qaydada tələb hüququ yaranır və bu səbəbdən iddiaçının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia tələbi “vergi borcu kimi ödənilmiş 25.000 manatın tutulması” hissəsində təmin edilə bilməz.
40. Lakin işə baxmış birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək iddiaçının bu tələbini o əsasla rədd etmişdir ki, iddiaçı həmin məbləğin ona ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməmiş və bu hüquq hazırda itməmiş, mübahisənin olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir.
41. Halbuki, iş materiallarından da görünür ki, iddiaçı Dövlət Vergi Xidmətinə müraciət etmiş, müraciəti xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq, arvadı X3 tərəfindən "xxxx" MTK-nın adından xx.xx.2017-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 25.000 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur.
42. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinin tam təmin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə ümumilikdə 14.500 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.2-ci maddəsinə əsasən polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.
44. İşdən göründüyü kimi, iddiaçı yalnız 2 gün müddətində şübhəli şəxs qismində tutulmuş, qalan müddət barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiq edilmişdir. Bu hal onda narahatlıq, məyusluq hissləri oyatsa da, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.
45. Əldən çıxmış faydanın iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin bu hissədə də təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-208/2023 saylı qətnaməsi qismən - vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. Qətnamədə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: