Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3686/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(008)-3780/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10795,75 manat faiz borcu olmaqla, cəmi 10795,75 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ** MS *** dövlət qeydiyyat nişanlı “LEXUS-RX-350 MİNİK” markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(008)- 3780/2020 saylı qətnaməsi ilə iddia müddəti keçdiyinə görə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını səhv təfsir etmiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə son ödənişi 07.02.2013-cü il tarixdə etmişdir. Kredit müqaviləsinin 7.1-ci maddəsinə görə bu müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş müddət borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. İşin hallarından isə görünür ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx”ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 17.01.2018-ci il tarixli Aktdan görünür ki, Cavabdeh 10795,75 manat faiz borcu vardır. 19.08.2008-ci il tarixli 880/08 nömrəli kredit müqaviləsinə əsasən, “xxxx ASC-nin Xaçmaz filialı Cavabdeh avtomobilin alınması üçün 45000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə görə borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bi müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. 02.04.2008-ci il tarixli kassa məxaric orderindən görünür ki, 45000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən alınmışdır. 19.08.2008-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 19.03.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 45000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər “LEXUS-RX-350 MİNİK” markalı minik avtomobilinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 01.04.2008-ci il tarixli şəhadətnamədən görünür ki, “LEXUS-RX- 350 MİNİK” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı qara rəngli ban JTJHK31U372050483 avtomobilin ipoteka ilə yüklü edilməsi barədə müqavilə qeydə alınmışdır. “xxxx” ASC ilə İddiaçı BOKT QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 21.04.2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı BOKT QSC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin son icra müddəti 19.03.2011-ci il tarixdə bitmişdir. Kredit üzrə sonuncu ödəniş iddiaçının nümayəndəsinin izahatına görə 07.02.2013-cü il tarixdə edilmişdir. İddia ərizəsi isə 09 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda hazırki tələblə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı 07 fevral 2013-cü il tarixdə başlanmış və 08 fevral 2016-cı il tarixdə bitmişdir. Beləliklə, iddiaçı 09 iyun 2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin “kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam icra etmədiyinə görə iddia müddəti tətbiq edilə bilməz” dəlilinə münasibətdə qeyd edir ki, kredit müqaviləsindən irəli gələn tələblərlə bağlı iddia müddətinin üç il olması və kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən sonra başlanması Mülki Məcəllədə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında birmənalı olaraq təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi ərizəsinə əsasən iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı BOKT QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(008)- 3780/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3686/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3686/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver