Məhkəmə qərarları › İş №2(103)-3686/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3686/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3686/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə mülki iş üzrə (Açar sözlər: iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2693/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7106.82 manat əsas, 896.59 manat faiz, cəmi 8003.41 pul vəsaitinin və 100.03 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2693/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 100.03 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Buna baxmayaraq, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh ünvan 1 ünvanında olduğundan hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Bununla əlaqədar olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Həmin qərardaddan İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(010)-2693/2024 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, qanunun tələbinə görə iddia cavabdehin qeydiyyatda olduğu, yaşayış yeri məlum olmadıqda isə sonuncu qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir. İş materiallarına əlavə edilmiş cavabdehin şəxsiyyətini müəyyən edən MAPS arayışı da təsdiq edir ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 2avabdehə aid bütün məlumatlar öz əksini tapmışdır. Bu səbəbdən də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Qanuna əsasən faktiki yaşadığı yer də Suraxanı rayonu olduğuna görə aidiyyət qaydası düzgün seçilmişdir. Bununla yanaşı cavabdehlə telefon əlaqəsi saxlanılmış və yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olduğunu bildirmişdir. Hakim tərəfindən qeyd olunan əsaslar ərizənin geri qaytarılması üçün əsas ola bilməz və bu sadəcə olaraq işin onlara aydın olmayan səbəbdən uzadılmasıdır. Hər hansı bir prosessual pozuntuya iddiaçı tərəfindən yol verilməmişdir. Hakim tərəfindən qəbul edilmiş qərardad tam əsassızdır və ləğv olunmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə bankın hüquqlarını pozmaqla yanaşı məsələnin həllinin lüzumsuz uzadılmasına gətirib çıxarmışdır. Belə ki, ərizə əsassız geri qaytarıldığından, həm iddiaçı tərəfin, həm də məhkəmənin iş yükünü artmasına gətirib çıxarmışdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2693/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(010)- 2693/2024 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikаyət işlə birlikdə bаxılmаsı üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən ona istinad etmişdir ki, Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayətə əlavə edilmiş DİN-in BPQMİnin MAPS şöbəsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 3adır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, Cavabdeh qeydiyyat ünvanı ilə əlaqədar olaraq 2 fərqli sübut mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi icraata götürülməli, icraata götürüldükdən sonra məhkəmə araşdırması nəticəsində iddia ərizəsinin ərazi aidiyyəti qaydalarının pozulması nəticəsində səhvən icraata götürülməsi müəyyən edildiyi təqdirdə, məhkəmə mülki işi ərazi aidiyyəti üzrə digər məhkəməyə göndərməlidir.

14. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2693/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata götürülməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar