Məhkəmə qərarları › İş №2(103)-3687/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3687/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3687/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-4764/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 1741,28 ABŞ dolları məbləğində əsas borc, 2126,05 ABŞ dolları məbləğində faiz borcu, 169,94 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 4037,27 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 47 ay müddətinə illik 24% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit limiti verilmiş, kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4764/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh X1 əsas borc üzrə 1741,28 ABŞ dolları, 2126,05 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3917.33 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə baxışında onun iştirakı təmin edilməmişdir. O, 2015-ci ildə 1888 ABŞ dolları və 1260 manat, 2016-cı ildə 2014 manat, 2017-ci ildə 1922 manat, 2018-ci ildə 1990 manat və 2019-cu ildə 601 manat olmaqla ümumilikdə 1888 ABŞ dolları və 7787 manat ödəniş etmişdir. 2014-2015-ci illərdə baş vermiş devalvasiya nəticəsində ödəmələri tam həyata keçirə bilməmişdir. Problemli kreditlərin işləri üzrə Prezidentin Fərmanına uyğun olaraq bank tərəfindən ona 5000 manat kompensasiya ödənilmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Sazişə əsasən, aylıq ödənişlərin əsas borcun ödənilməsinə yönəldilməsi razılaşdırılmış və öhdəliyin icrası müddəti uzadılaraq xx.xx.2020-ci il müəyyən olunmuş, həmin Sazişə uyğun olaraq Cavabdeh yeni Ödəniş cədvəli verilmişdir. Buna görə də, həmin vaxtdan sonra Cavabdeh apardığı ödənişlərin hamısı onun əsas borcuna silinmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 4160 manat kompensasiya almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bankın xx.xx.2020-ci il tarixli məktubunu təqdim edərək, göstərdi ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən cavabdehə 4468,64 manat kompensasiya məbləği hesablanmış, göstərilən məbləğdən gecikmədə olan 180,96 ABŞ dolları (307,63 manat) tərəflər arasında bağlanmış müqaviləyə əsasən kreditə ödənilmiş, 4161,01 manat məbləği isə cavabdehin kartına köçürülmüş, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən nağdlaşdırılmışdır. Bundan əlavə, Fərmanın çıxdığı tarixə cavabdehin kredit üzrə gecikməsi 360 gündən az olduğu üçün həmin müştəriyə faizlərin silinməsi və kreditin qalıq məbləğinin restruksizasiya olunması şamil olunmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, 5832nkCNTR/14 nömrəli, xx xxxxxx 2014-cü il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən “xxxxxxx” KB ASC-nin Nərimanov filialı tərəfindən Cavabdeh 47 aymüddətinə illik 24% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Sazişə əsasən, aylıq ödənişlərin əsas borcun ödənilməsinə yönəldilməsi razılaşdırılmış və öhdəliyin icrası müddəti uzadılaraq xx.xx.2020-ci il müəyyən olunmuşdur. xx.xx.2016-cı il tarixli Ödəniş cədvəlindən (2 saylı Saziş) görünür ki, Cavabdeh həmin tarixə 4900,04 ABŞ dolları məbləğində borcu olmuş və o, həmin borcu hər yalnız əsas borcdan silinəcək 93 ABŞ dolları, sonuncu ay isə (xx.xx.2020) 436,04 ABŞ dolları əsas, 2270,10 ABŞ dolları faiz borcu ödəməklə kredit borcunu bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh adına olan hesabdan çıxarışdan aydın olur ki, o, xx.xx.2016-cı il tarixli Ödəniş cədvəlinin şərtlərinə uyğun olaraq sonuncu dəfə xx.xx.2019-cu ildə 180,96 ABŞ dolları ödəniş etməklə (həmin vəsait xx.xx.2019-cu il tarixli Fərmana əsasən ödənilmiş kompensasiya hesabına ödənilmişdir), ümumilikdə əsas borcundan 3158,72 ABŞ dolları, faiz borcundan isə 144,05 ABŞ dolları məbləğində ödəniş etmiş, müvafiq olaraq onun 1741,28 ABŞ dolları əsas, 2126,05 ABŞ dolları faiz borcu qalmışdır. xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış 5832nkCNTR/14 nömrəli, xx xxxxxx 2014-cü il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehin banka 1741,28 ABŞ dolları məbləğində əsas borc, 2126,05 ABŞ dolları məbləğində faiz borc, 169,94 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 4037,27 ABŞ dolları borcu vardır. İş materiallarında olan ASC-nin Cavabdeh ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli bildirişdən müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 3 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bankın nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən cavabdehə 4468,64 manat kompensasiya məbləği hesablanmış, göstərilən məbləğdən gecikmədə olan 180,96 ABŞ dolları (307,63 manat) tərəflər arasında bağlanmış müqaviləyə əsasən kreditə ödənilmiş, 4161,01 manat məbləği isə cavabdehin kartına köçürülmüş, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən nağdlaşdırılmışdır. Fərmanın çıxdığı tarixə cavabdehin kredit üzrə gecikməsi 360 gündən az olduğu üçün həmin müştəriyə faizlərin silinməsi və kreditin qalıq məbləğinin restruksizasiya olunması şamil olunmamışdır. Belə ki, Fərmanın 6.2-ci bəndinə görə də fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi nəzərdə tutulmuşdur. Həmçinin təqdim edilmiş çıxarışdan da müəyyən edilir ki, cavabdehə Fərmanla bağlı 4161,01 manat məbləğində kompensasiya ödənişi edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın təsir dairəsinə (8.6-ci bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırki iş üzrə göründüyü kimi, cavabdehə kompensasiya ödənilsə də, kredit üzrə gecikməsi 360 gündən az olduğundan, Fərmanın təsir dairəsinə düşmədiyi üçün bank tərəfindən haqlı olaraq cavabdehə münasibətdə restrukturizasiya şamil olunmamış və müvafiq qaydada borclar hesablanmağa davam etdirilmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh əsas və faiz borcu düzgün müəyyən olunmuşdur, bununla bağlı müvafiq ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Cavabdehin apellyasiya şikayətində qeyd etdikləri əsassızdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi məhkəmə baxışında onun iştirakının təmin edilməməsi ilə bağlı Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə rəsmi qaydada məhkəmə bildirişləri, həmçinin cavabdehin iş materiallarında qeyd olunan telefon nömrəsinə “AZEMİS” vasitəsi ilə SMS bildirişlər göndərilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4764/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar