Məhkəmə qərarları › İş №2(103)-3689/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3689/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3689/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (məhkəmə) 29 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 102 000 manatın, habelə 395 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsinin (vəkilinin) xx.xx.2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti, məhkəmənin 29 aprel 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, buna əsas kimi şikayətin qanunla nəzərdə tutulmuş formada tərtib edilməməsi əsas göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də göstərilən formada verilməmişdir – hansı ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi, həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin (çərçivənin) içərisində verilməsi başa düşülür. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində isə işin halları, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər və apellyasiya şikayəti verən şəxsin tələbi adlı bəndlər Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin (çərçivənin) içərisində verilməmişdir. Bundan sonra cavabdehin nümayəndəsi (vəkili) növbəti dəfə apellyasiya şikayətini elektron sistemə yükləmiş, həmin şikayət də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə eyni əsaslar göstərilməklə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət məhkəmənin 02 may 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin mövqeyinin əsassız olması, elektron qaydada verilən apellyasiya şikayətinə cədvəl əlavə edilməsi, silinməsi və ya hər hansı bir müdaxilənin edilməsinin texniki-cəhətdən qeyri-mümkün olması barədə məktub ünvanlanmış, üstəlik elektron məhkəmə sistemi tərəfindən qəbul edilmiş apellyasiya şikayətinin formasına müdaxilənin texniki cəhətdən mümkündürsə, bunun qaydası barədə yazılı və şifahi izah verilməsini, yardım edilməsini məhkəmədən xahiş etmişdir. Həmin müraciətin də cavabsız qalması onu göstərir ki, iş üzrə qərardad qəbul edən hakimin özü də müdaxilənin texniki cəhətdən mümkün olmamasını bilir. MPM-ə edilmiş dəyişikliklərə görə (Əlavə 2) apellyasiya şikayətinin formasının dəlillərin qrafada (cədvəl) daxilində göstərildiyinə baxmayaraq, həmin qrafa ancaq və ancaq kağız daşıyıcıda tərtib edilməsi mümkündür. Kağız daşıyıcı ilə verilən apellyasiya şikayəti isə MPM-in tələblərinə uyğun olmadığından geri qaytarılması haqlı əsas olacaqdır. Lakin hamıya bəllidir (sübuta ehtiyacı yoxdur ) ki, apellyasiya şikayətinin verilməsi üçün elektron məhkəmə sistemi kənar müdaxilə edilməsi mümkün olunmayan məcburi (şablon) forma müəyyənləşdirir ki, həmin formada apellyasiya şikayətinin dəlillərinə (MPM-nin 386-390-cı maddələrində göstərilən hallar) uyğun olaraq qrafalar mövcuddur. Qrafalar şikayətin dəlillərinə uyğun olaraq doldurulur. Uyğunsuzluq aşkar edildiyi halda apellyasiya şiakyətinin elektron imzalanması mümkün deyil. Uyğunsuzluq aşkar edilmədiyi və apellyasiya şikayəti imzalandığı andan imzalanmış apellyasiya şikayəti sistem tərəfindən avtomatik olaraq, şikayət verən şəxsin iradəsindən asılı olmayaraq, texniki cəhətdən müdaxilə edilməsi mümkün olmadan hazır formada PDF formatında kabinetə əlavə olunur. Əgər birinci instansiya məhkəməsi düşünürsə ki, elekton apellyasiya şikayətinin bu formada tərtib edilməsi, dəlillərinin cədvəl daxilinə salınmaması prosessual pozuntudur, gərək bununla bağlı elektron məhkəmə sistemində dəyişikliklərin ediməsi üçün Ədliyyə Nazirliyinə və digər aidiyyatı qurumlara müraciət etsin. Elektron məhkəmə sisteminin məcburi formatında dəyişiklik etmək, ona müdaxilə etmək vəkilin və ya tərəfin ixtiyarında olan bir hal deyildir. Ona görə vəkildən və ya tərəfin iradəsindən asılı olmayan hallara görə apellyasiya şiakyətinin geri qaytarılması qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq iş, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin digər tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə is’, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Cavabdehin nümayəndəsinin (vəkilinin) təqdim etdiyi apellyasiya şikayətinin 6-11-ci bəndlərində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqe aydın şəkildə ifadə olunmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ayrı-ayrı bəndlərdə əsaslandırmışdır. Buna baxmayaraq məhkəmə şikayəti, həmin məlumatların MPM-ə 2 saylı Əlavədə göstərilən formadakı kimi cədvəlin (çərçivənin) içərisində yerləşdirilmədiyi əsası ilə geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-246/2024 saylı iş üzrə 30 aprel 2024-cü il tarixli qərardadı ləğv olunsun və iş, Cavabdeh nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin digər tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar