Məhkəmə qərarları › İş №2(103)-3690/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3690/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3690/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(010)-2309/2023 saylı qərardadından iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(010)-2309/2023 saylı qərardadı ilə iddia ərizəsinin (kiçik mübahisələr üzrə iddia ərizəsi) iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardad ilə razı olmayan iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İddia ərizəsindən və iş materiallarından da görünür ki, cavabdehin sonuncu yaşayış yeri ünvan 1 olmuşdur. Buna görə də iddia ərizəsi MPM-in 36.1-ci maddəsinə əsasən ərazi aidiyyatı üzrə düzgün verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(010)-2309/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(010)-2309/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1 olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin qeydiyyat ünvanın hazırda hansı ünvan olması məlum deyil. Məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə istinad edərək də cavabdehin sonuncu yaşayış yeri kimi iddia ərizəsini Suraxanı Rayon Məhkəməsinə verməyə haqlı deyil. Çünki cavabdehin sonuncu qeydiyyat ünvanı Balandin-42, yəni inzibati bina olmuş və həmin ünvanda yaşayış olması mümkün deyil. İddiaçı tərəfindən isə cavabdehin sırf sonuncu yaşadığı ünvanla bağlı iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsini geri qaytararkən birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(010)- 2309/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar