Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3690/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən ona dəymiş maddi zərərin əvəzi olaraq 19.510 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 148,53 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci ilin aprel ayında əldə edilmiş razılaşmaya əsasən, cavabdeh özünün işçi briqadası ilə iddiaçıya məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak bağları”nda yerləşən evdə təmir işləri aparılması və mebel dəstləri alınıb evdə yerləşdirilməsi barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı isə üzərinə öhdəlik götürmüşdür ki, görüləcək işlərin əvəzini cavabdehə pul şəklində ödəyəcək. İddiaçı, cavabdehə ayrı-ayrı vaxtlarda, ümumilikdə 21.510 manat məbləğində pul versə də, cavabdeh razılaşmanın şərtlərini pozmuş, təmir işlərini keyfiyyətsiz görmüş, nəzərdə tutulan əşyaları alıb evdə yerləşdirməmişdir. Nəticədə iddiaçıya maddi zərər vurulmuşdur. Cavabdeh, 2023-cü ilin mart ayında iddiaçıya dəyən zərərdən 2.000 manat qaytarsa da, qalan 19.510 manat məbləği ödəməkdən imtina etmişdir. Tərəflərin “WhatsApp” yazışmaları qeyd edilənləri təsdiq edir. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün polis orqanına müraciət etsə də, mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bunun üçün 148,53 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə əvvəlcədən razılaşdıqları işləri lazımi keyfiyyətdə görmüş, lakin iddiaçının tez-tez fikrini dəyişdirməsi səbəbindən yekunda materiallar və işçi xərci razılaşdırılandan artıq məbləğdə olmuşdur. Görülmüş bütün təmir-tikinti işlərinin smeta layihəsi cavabdehdə mövcuddur və orada hansı işlərin görüldüyü, hansı işlərə nə qədər xərc çəkildiyi qeyd olunmuşdur. Razılaşdırılmış təmir-tikinti işlərinin ümumi dəyəri 21.000 manat olsa da, iddiaçı tərəfindən 17.500 manat ödənilmişdir. Tikinti xərclərinə 10.586 manat, işçilik üçün 14.317 manat olmaqla, cəmi 24.904,28 manat xərc çıxmışdır. Əslində cavabdehin iddiaçıya yox, iddiaçının cavabdehə təmir-tikinti xərclərinə görə borcu qalmışdır. İddiaçı görülmüş təmir-tikinti işlərindən razı olduğu üçün sonradan evin mebellərinin hazırlanması sifarişini də cavabdehə vermək qərarına gəlmişdir. Mebellərin ümumi razılaşdırılmış qiyməti də 21.000 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən cavabdehə cəmi 18.500 manat ödənilmişdir. Həmin məbləğdən 2.000 manatı cavabdeh iddiaçıya qaytarmışdır. Mebellərin bir hissəsinin düzəldilməsi xərclərini özü çəkdiyi üçün hazırda iddiaçıya 4.000 manat borcu qalmışdır. İddiaçıya mebelin rəngi və modeli göstərilmiş, kodları ilə birgə rənglərini seçdikdən sonra hazırlığa başlanmışdır. İddiaçı tərəfindən sifariş verilən mətbəx mebeli hazır olunub yerinə yığılandan sonra gəlib, müxtəlif bəhanələr uyduraraq bu cür istəmədiyini bildirmiş, sonradan tamam fərqli bir model seçməsinə baxmayaraq, həmin model də hazırlanmışdır. Lakin ilk sifariş üzrə hazırlanmış mətbəx mebelinin zərəri isə onun üzərində qalmışdır. İddiaçının dəyişkən fıkirliliyindən əziyyət çəkən və maddi zərərə uğrayan əslində özü olmuşdur. İddiaçı işlərin keyfiyyətsiz görüldüyünü, mebel dəstlərinin hazırlanmadığını bildirsə də, nəyə əsasən 19.500 manat tələb etdiyini əsaslandıra bilməmişdir. İşdə hər hansı qiymətləndirmə və ya ekspert rəyinə əsaslanıldığı qeyd edilməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 19.510 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun 24 manatının iddiaçının özünə aid edilməsini, dövlət rüsumunun qalan hissəsini təşkil edən 124,53 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, habelə, iddiaçıya zərər dəydiyindən, iddiaçı iddia tələbində haqlıdır. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam sübut edilmədiyi üçün qismən əsaslıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
9. Apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh apellyasiya baxışı iclaslarına gəlməmişdir. O, iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasda iştirak etməməsinin səbəbi barədə Məhkəməyə ümumiyyətlə məlumat verməmişdir. O, xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasda iştirak etməməsini səbəbini (Məhkəməyə göndərdiyi teleqramda) səhhətində yaranmış problem ilə izah edərək, iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin bu halı təsdiq edə biləcək hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. Buna görə də, Məhkəmə cavabdehin apellyasiya baxışı iclasında iştirak etməməsinin məhz üzürlü səbəbdən baş verməsini müəyyən etməmişdir.
10. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. f) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
13. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnaməni qismən, yəni iddianın təmin edilməsi hissəsini mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsini mübahisələndirməmişdir.
14. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Anar İsayevin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin maraqlı tərəfə verilməsi, materialın saxlanması üçün 1-ci PŞ-nin arxivinə verilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
18. Həmin material üzrə cavabdehin polis orqanına verdiyi izahatından görünür ki, iddiaçı ona şəxsən “İnstagram” vasitəsi ilə müraciət edərək, özünə məxsus və ümumu sahəsi 125 kv.metr olan evin yenidən dizayn və təmir edilməsini ona həvalə etmiş, daha sonra o həmin evin dizayn və təmir işlərini üzərinə götürmüş və işləri iddiaçının razılığı ilə təhvil vermişdir. İşləri bitirdikdən sonra iddiaçı əlavə olaraq evin mebelinin alınmasını və quraşdırılmasını ona həvalə etmişdir. İddiaçı, təmir-tikinti, bərpa, yenidən qurma, mebel, demontaj və montaj işlərinə ümumilikdə 43.180 manat maliyyə vəsaitlərindən hissə-hissə imtina etməyə başlamışdır. Evdə quraşdırılmış mebellərin yenidən sökülməsi, dəyişdirilməsini, rəng və dizayn tələblərini dəyişdirməyə yönəlmiş tələblər irəli sürmüş və onun qərarsızlığı ucbatından işləri yarıda qalmış, 20% faiz işi başa çatdıra bilmişdir. O, evdə təmir-tikinti işlərinin apardığı zaman orada işləyən usta və fəhlələrin məvaciblərini tam şəkildə ödəmişdir. Lakin ona müəyyən işlərini tamamlamaya bilmədiyi üçün hesablama aparmış və iddiaçını dəvət etmişdir. İddiaçı isə gəlməkdən imtina etmişdir. Buna baxmayaraq o, hesablamanı aparmış və 9.864 manat məbləğində pulu iddiaçıya qaytarmağa qərar vermişdir. Həmin məbləğdən 2.000 manatı iddiaçıya ödəmiş, qalan 7.864 manatı isə səhhəti ilə əlaqədar olaraq iddiaçıya qaytara bilməmişdir. 7.864 manat pulu 2023-cü ilin dekabr ayına qədər iddiaçıya hissə-hissə ödəməyə söz verir.
19. Qeyd edilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatları nəzərə alan Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı bağ evinin, mebel, demontaj və montaj işlərini barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir.
20. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, cavabdehə mebellərin yığılması üçün verilmiş 21.510 manat pulun müqabilində cavabdeh tərəfindən heç bir iş görülməmiş, həmin puldan onun kartına 2.000 manat pul qaytarılmışdır.
21. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıdan 18.500 manat pul aldığını, həmin məbləğdən 2.000 manatını qaytardığını, həmçinin iddiaçının təmir işlərində ona borclu qaldığını, eyni zamanda mebellərin bir hissəinin düzəldilməsi zamanı xərclərin çəkməsini, hazırda borcunun 4.000 manat təşkil etdiyini bildirir.
22. Tərəflər arasında yaranmış mülki mübahisənin xarakterini nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2.). Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur (maddə 778.2.). Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir (maddə 778.3.). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri (maddə 779.).
23. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, habelə, iddiaçıya zərər dəydiyindən, iddiaçı iddia tələbində haqlıdır.
24. İddiaçı cavabdehə 21.510 manat pul verdiyini, bundan 2.000 manatının qaytarıldığını və hazırda iddiaçının ona 19.510 manat borcunun qaldığını bildirir. Cavabdeh isə iddiaçıdan ayrı-ayrı vaxtlarda 18.500 manat aldığını etiraf etməklə həmin pulun 2.000 manatını ona qaytardığını, həmçinin iddiaçının təmir işlərində ona borclu qaldığını bildirir.
25. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 18.500 manat pulun verilməsi və həmin puldan 2.000 manat pulun qaytarılması işin mübahisəsiz halıdır. Belə olan halda iddia tələbi 16.500 manat olan hissəsində sübuta yetirilmiş sayılır. Cavabdeh iddiaçının çəkilmiş xərclərə görə ona borcunun qaldığını sübuta yetirə bilməmişdir.
26. MPM-in tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.).
27. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın bir qismini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlilləri əsaslı deyil. h) apellyasiya baxışının nəticəsi
28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehin özünə aid edilməlidir.
31. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
32. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.