Məhkəmə qərarları › İş №2(103)-3691/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3691/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3691/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-175/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-452/2024 saylı qərarından görünür ki, hökm dəyişdirilərək hökmdən İddiaçı Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş və həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.

3. Xəzər rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat cərimə edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(003)-743/2023 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilərək Xəzər rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarı inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14835 (on dörd min səkkiz yüz otuz beş) manat məbləğində maddi ziyan və 134,50 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, rimova Dəniz Namiq qızı 25 iyun 2022-ci il tarixdə idarə etdiyi “Hyundai Elantra” markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsi, X6 dairəsindən çıxıb Türkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Cavabdeh оğlunun idarə etdiyi “Toyota Prius” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobil ilə tоqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı təqsiri müəyyən olunduğundan barəsində Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün Bakı şəhəri Xəzər Rayоn Məhkəməsinə göndərilmişdir. Cavabdeh оğlu isə yol-nəqliyyat hadisəsində təqsirli bilinərək Xəzər rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat məbləğində cərimə olunmuşdur. "xxxx" ASC tərəfindən vеrilmiş 03 oktyabr 2022-ci il tarixli akta əsasən İddiaçı avtоmоbilinə dəymiş ziyan ümumilikdə 14835 manat məbləğində qiymətləndirilmişdir. Bundan 6360 manat işçilərin əmək haqqı olmuş ki, işdə olan qəbzlərə əsasən tam olaraq ödənilmişdir. Ehtiyyat hissələri isə 8475 manat təşkil etmiş və həmin hissələr alınaraq avtomobil tam təmir olunmuşdur. Hal-hazıradək cavabdеh İddiaçı avtоmоbilinə dəymiş ziyanı ödəməmişdir.

7. Cavabdeh yazılı izahat göndərərək bildirmişdir ki, bu günədək bir gün belə olsun araşdırma aparılmamış, tərəf olaraq mövqeyləri dinlənilməmişdir. İddiadan görünür ki, təqsirləndirilən şəxs zərərçəkəndən pul tələb edir, zərərçəkənə cəmi 7972 manat ziyan hesablandığı halda iddiaçı yeni nəqliyyat vasitəsi yığdıraraq 14385 manat pul tələb edir. Haqlı olaraq ekspert imtina etmişdir rəy verməkdən. İddianın əsasına baxılsa iddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP 5573450 saylı qərara əsasən inzibati qaydada 10 manat cərimə edildikləri üçün iddiaçıya maddi ziyan ödəməlidirlər. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, qeyd edilən qərara əsasən İXM-nin 328.1-ci maddəsinə əsasən hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati xəta törədilmişdir. İddiaçının işə əlavə etdiyi İttiham Aktı və həmin ittiham aktına artıq hüquqi qiymət verilərək qəbul edilən hökmlərə əsasən müəyyən olunur ki, - xx.xx.2022-ci il tarixli Ekspert Rəyinə əsasən müəyyən edilmişdir ki, faktiki hərəkət sürəti 60 km/saat (V(NV1)) olmuşdur. Ekspert sürət həddini 60 km/saat müəyyən etdiyi halda DYP sürət həddini aşmağa görə cərimə tətbiq edilməsinin bu inzibati orqanların peşəkarlığından xəbər verir. İddiaçı bu peşakarlıq nəticəsində qəbul edilən qərarı əldə edərək dərhal məhkəməyə üz tutmuş və özləri də inanırlar ki iddiları bu əsasla əsaslıdır. Cavabdeh olaraq hesab edir ki nə qədər ki xx.xx.2022-ci il tarixli Ekspert Rəyinə əsasən müəyyən edilmişdir ki, hadisə vaxtı sürət həddini aşmamışlar və hadisənin törədilməsinə görə hər hansı məsuliyyət barədə barələrində inzibati, məhkəmə və ya digər qanuni qüvvəyə minmiş qərar yoxdursa cavadeh iddaya cavab verməli olan şəxs deyildir. Bu səbədən işi uzadıb ekspertizaya göndərməyin də hüquqi əhəmiyyəti yoxdur. xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərara əsasən inzibati qaydada 10 manat cərimə edildiyi hazırkı yol hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Cinayət işinin materiallarından görünür ki, ekspert müyyən edib ki, cavabdehin sürət həddini aşmayıb, əksinə bu qərarda isə deyilir ki sürət həddini aşıb. Bu səbəbdən də hesab edir ki, hazırkı qərar iddianın təmin edilməsi üçün əsas ola bilməz, iddia təmin edilməməlidir. İddiaçı tələm tələsik yeni ehtiyat hissələri alaraq bu qədər xərcə düşüb, əslində əvvəkiləri bərpa etsə idi daha ucuz ola bilərdi. Bundan başqa iddiaçı bu günədək cavabdehə vurduğu və hökmlə müəyəyn edilən maddi ziyanı ödəməkdən imtina edir ki, pulu yoxdur, ancaq 14380 manat maşınına pul xərcləmişdir. Qeyd edilən 14380 manat pulu olmadığndan hesab edir vurulan ziyan reallığı tam əks elətdirmir. Belə də ki, əgər iddiaçı və onunla razılaşaraq məhkəmə hesab edərsə ki, iddianın xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərardan görünür ki, qeyd edilən Qərara əsasən qəbul edilməsi mümkündür, bu da əsassızdır. xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar yoxdur, ləğv edilib. İddiaçının başqa istinad edə biləcəyi Qərar varsa təqdim edə bilər. xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)- 743/2023 saylı Qərarı ilə ləğv edilmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Lakin, cavabdeh barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar sonradan məhkəmənin qərarı ilə ləğv edilmişdir. Belə olan halda, cavabdehin heç bir təqsiri olmadığına görə mülki hüquq pozuntusu törətməsi müəyyən edilmir. Cavabdeh hüquqa zidd əməli (inzibati xəta törətməsi) törətməsi müəyyən edilmədiyinə görə dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti də Cavabdeh daşımır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,Ş 14.2.6, 1096, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin iddia ilə bağlı gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin cavabdeh tərəfindən onun təqsirinin olmaması barədə sübutlar təqdim edilməmişdir. Əksinə tərəfindən təqdim edilmiş rəylərdən aydın olur ki, cavabdehin hadisənin qarşısını almaq üçün texniki imkanı olmuşdur. Bu hal onun üçün məsuliyyət yaradır. Tərəflərindən kifayət qədər mötəbər sübut olan ekspert rəylərinin və avtomilinə dəymiş ziyanla bağlı qüsur aktlarının təqdim edilməsinə baxmayaraq əksinə məhkəmə qətnaməsini yalnız cavabdeh barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə əsaslandırmış, işin həqiqi hallarını və sübutları nəzərə almamışdır. Halbuki işin faktiki hallarından məlum olur ki, hazırki mübahisə ilə bağlı mülki hüquq pozuntusu baş vermişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Hazırki mübahisənin yaranmasına səbəb cavabdeh tərəfindən avtomobilinə zərərin dəyməsidir. 08 avqust 2022-ci il və 14 noyabr 2022-ci il tarixli ekspert rəylərindən də məlum olur ki, Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Onun hadisənin qarşısını almağa texniki imkanının olması barəsində inzibati xəta haqqında qərar olmasa da təqsirli olmasının sübutudur və baş vermiş hadisə ilə avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə mövcuddur. Eyni zamanda cavabdehin barəsində yeni inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün müvafiq orqana müraciət etmişdir və hazırda araşdırma davam edir. Qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmamış və əsassız qətnamə qəbul edilmişdir. Belə nəticə istinad edilən qanunvericilik normalarının kobud şəkildə pozuntusudur. Cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin bilavasitə mənə yönəlməsi və məhz bunun nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirildiyi halda, məhkəmə qətnaməsini ümumiyyətlə əsaslandırmadan və iddiaçının təqdim etdiyi sübutları araşdırmadan iddianı rədd etmişdir. İş üzrə ekspertiza təyin edilsə də rəy alınmamış və buna baxmayaraq bu hal məhkəmə tərəfindən nəzərə alınmamış və əlavə ekspertiza təyin edilməmiş, eyni zamanda bu istiqamətdə heç bir tədqiqat aparılmamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellaysiya şikayətini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, apellyasiya şikayətinin əsas dəlili vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərər vuranın üzərinə düşür. Lakin cavabdeh tərəfindən təqsirinin olmaması barədə sübutlar təqdim edilməmişdir. Ekspert rəylərindən aydın ki, cavabdehin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə inzibati xəta haqqında qərarın ləğv edilməsini əsas götürüb. Həmin qərarda hadisə ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə mövcuddur. Cavabdeh hadisənin qarşısını ala bilərdi. İddiaçıya zərər dəyib.Məhkəmə qiymələndirmə apara bilərdi. Onu da etməyib. Ekspert rəyləri cinayət işinin araşdırması dövründə əldə edilib. Cinayət işi üzrə iddiaçı təqsirli bilinib. Qarşı tərəfə ziyan və sağlamlığına zərər dəyib.Mülki iddia da həmin işdə təmin edilib 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, 2-3 ildir ki, süni şəkildə işi uzadırlar. Zərərçəkmiş şəxs o (cavabdeh) olmuşdur .Ağır xəsarət almışdır. Neçə aylar işə gedə bilmədi. Səhhəti ilə bağlı çətinliklər yaşadı. Həm də maşını pis vəziyyətdə idi. İddiaçı gedib imza etməlidir ki, ona (cavabdehə) dəymiş ziyanı ala bilsin, o da bunu etmir. Sığorta şirkətini məcbur məhkəməyə verdi. Məhkəmədə iddia qaldırdı, təmin edildi.İcraçıya hər dəfə iddiaçı yalandan deyir ki, pulu yoxdur. Hadisədən sonra maşınından oldu. Güclə icraçıyla danışıb pulunu almağa çalışırdı. Kredit ödəyir. Eskpert rəyində qiymət çox aşağı olub. Birincidə yüksək idi, sonradan aşağı oldu.Onda da iddiaçıdan şüphə edir ki, nəsə edib. Xəstəxanada olanda bir dəfə də yanına gəlməyib. Əksinə həmişə maşının açarını ona göstərərək onu qıcıqlandırmağa çalışıb.

Tətbiq edilən hüquq normaları:

16. Mülki Məcəllə

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 22.Belə ki, xx.xx.2024-cü il tarixli ittiham aktından müəyyən olunur ki, İddiaçı 25 iyun 2022-ci il tarixdə saat 07:30-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi özünə məxsus “Hyundai Elantra” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Türkan-Pirallahı dairəsində dairədən çıxıb Türkan qəsəbəsi istiqamətində 30 km/saat sürətlə hərəkət edərkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkəti istiqamətində yolayrıcı istiqamətində quraşdırılmış "Yol verin” üstünlük nişanının tələblərinə riayət edərək yolayrıcına daxil olmalı və üstünlük yol nişanı sürücüsünün kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli və bundan sonra hərəkət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyatsızlıqdan idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısı ilə Mərdəkan şosesi ilə Pirallahı istiqamətində hərəkətdə olan sürücü Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Toyota Prius” markalı avtomobil yol kənarında olan hasara dəymiş və nəticədə Cavabdeh baş beynin silkələnməsi halında olan qapalı kəlləbeyin travması, alın nahiyəsinin, sağ üst göz qapağının, üst dodağın sağ yarısının, sol dirsəyin, hər iki əlin, sol saidin əzilmiş yaraları, üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığı, sağ gözətrafı nahiyənin, burunun sıyrıqları, ikitərəfli reaktiv plevrit, sol İİİ, İV, V, Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları ilə nəticələnən və sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, həmçinin Cavabdeh məxsus “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10950 manat maddi ziyan vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətmişdir.

23. Nəticədə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)- 175/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O cümlədən İddiaçı maddi ziyana görə 7972 manat, taksi xidmətlərindən istifadəyə görə 500 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 9472 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh ödənilməsi hökm edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-452/2024 saylı qərarından görünür ki, hökm dəyişdirilərək hökmdən İddiaçı Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş və həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. 25.Hazırda İddiaçı iddia ərizəsində Cavabdeh оğlunun yol-nəqliyyat hadisəsində təqsirli bilinərək Xəzər rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat məbləğində cərimə olunmasını əsas gətirərək öz avtomobilinə dəymiş zərəri tələb edir. 26.İlk növbədə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Xəzər rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(003)-743/2023 saylı qərarı ilə inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

27. Qeyd olunmalıdır ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 28.Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 29.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. 30.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 31.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. 32.İddiaçının 08 avqust 2022-ci il və 14 noyabr 2022-ci il tarixli ekspert rəylərinə əsasən Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olması barədə istinadını əsassız hesab edən kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-175/2023 saylı hökmündə və daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-452/2024 saylı qərarında digər sübutlarla yanaşı həmin ekspert rəyləri də dəyərləndirilərək yekunda baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı təqsirli olması qənaətinə gəlinmiş, Xəzər rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat cərimə edilsə də, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(003)-743/2023 saylı qərarı ilə Cavabdeh şikayəti təmin edilərək Xəzər rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarı inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

33. Göründüyü kimi Cavabdeh İddiaçı qarşı təqsirli olaraq hüquq pozuntusu törətməsi sübut olunmur.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Musayeva Cəmilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar