Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3692/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X1 Əziz qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli, 105804-379390/1 nömrəli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, Cavabdeh2 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 37000.00 manat məbləğində kredit verilmiş və pul vəsaiti Cavabdeh2 tərəfindən qəbul edilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli, 105804-379390/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 06 sentyabr 2023-cü il tarixli, 105804-379390/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh2 ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28600.97 manat məbləğində əsas borc və 3282.82 manat faiz borcu olmaqla, cəmi 31883.79 manat borcun və 186.58 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli, 105804-379390/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 37000.00 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər cavabdeh - Cavabdeh1 arasında 06 sentyabr 2023-cü il tarixli, 105804-379390/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 06 sentyabr 2023-cü il tarixli, 105804-379390/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(007)-1590/2015) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28600.97 manat əsas borc və 1470.40 manat faiz borcu olmaqla cəmi 30071.37 (otuz min yetmiş bir manat otuz yeddi qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsas borca münasibətdə tam əsaslıdır, lakin faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı iradə ifadəsini qeyd olunan bildirişlə cavabdehlərə bildirmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda sərgilədiyi hüquqi mövqeyə əsaslanaraq, məhkəmə hesab edir ki, müqavilə üzrə faiz borcu iddiaçının müqavilədən imtina etməsi barədə iradə ifadəsinin qarşı tərəfə bildirdiyi vaxta qədər hesablanmalıdır. Belə olan halda, iş materiallarında olan xəbərdarlıqdan göründüyü kimi, kreditor (iddiaçı) cavabdehlərə banka olan 1470.4 manat faiz borcunun xəbərdarlıq alındığı gündən növbəti iş günündən başlayaraq 7 gün müddətində ödənilməsini təklif etməklə artıq hazırkı müqaviləyə münasibətdə öz iradəsini ifadə etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə faiz borcu cavabdehlərdən (müştərək qaydada) iş materiallarında olan xəbərdarlıqda qeyd olunan formada –1470.4 manat həddində tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 422, 425.1, 443.1, 448.2, 470.1, 472, 477-ci, 739, 743-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
8. Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi iş üzrə cavabdehin adına rəsmiləşdirilsə də, həmin pul vəsaitini digər Cavabdeh1 əldə etmişdir. Bununla bağlı iş materiallarında dəlillər mövcuddur. Bundan başqa, borc məbləğinin müəyyən edilməsinə dair məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası da təyin edilməmişdir. Cavabdeh olan Cavabdeh1 İddiaçı ASC ilə yaxın işgüzar münasibətləri vardır. Bu minvalla o, Cavabdeh2 etibarından sui-istifadə edərək kredit müqaviləsinin onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Hazırda faktla bağlı cinayət işinin başlanması üçün ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh2 nümayəndəsi Vəkil vəsatət göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyası bunun üçün prosessual əsaslar müəyyən etmədiyindən vəsatəti təmin etmədi.
13. İşdə iştirak edən digər şəxslər isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
15. Apellyasiya baxışının həddi
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti verməsinə baxmayaraq kredit borcu cavabdehlərdən müştərək qaydada tutulduğundan məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.
19. Cavabdeh2 apellyasiya şikayətində borcun düzgün hesablanmadığını, borcun şişirdildiyini, yüksək göstərildiyini, borc məbləğinin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmədiyini və pulun onun tərəfindən əldə edilmədiyini qeyd etmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında pretenziyanın göndərildiyi xx.xx.2024-cü il tarixinə əsas və faiz borcunun dəqiq hesablanması barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4247 saylı rəyilə həmin tarixə cavabdehin 06 sentyabr 2023-cü il tarixli, 105804-379390/1 nömrəli kredit müqaviləsi üzrə 24916.47 manat əsas, 0,0 manat faiz borcunun olduğu müəyyən edilmişdir.
21. Göründüyü kimi, əsas borcun məbləği ekspert rəyində qətnamədə göstəriləndən xeyli aşağı, faiz borcu isə 0 manat şəklində müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası kredit borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək aşağıdakı qənaətə gəlir: - birinci instansiya məhkəməsinin qətnaməsi 28600.97 manat əsas borcun tutulması hissəsində dəyişdirilməli və əsas borcun məbləği azaldılaraq 24916.47 manat həddində müəyyən edilməlidir. - birinci instansiya məhkəməsinin qətnaməsi 1470.40 manat faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır.
23. Cavabdeh2 apellyasiya şikayətinin digər dəlili isə pulun digər Cavabdeh1 çatması olmuşdur. Bu dəlilə münasibətdə isə Kollegiya qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsini imzalamış, H,Şahbazov isə ona zamin durmuşdur. Pulun kimə çatmasından asılı olmayaraq qanunvericiliyin tələbinə əsasən onlar kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28600.97 manat əsas borcun tutulması hissəsində dəyişdirilsin və əsas borcun məbləği 24916.47 (iyirmi dörd min doqquz yüz on altı) manat həddində müəyyən edilsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1470.40 manat faiz borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.