Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3696/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 oğlunun, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Adı̇ l oğlunun cavabdeh "L" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə q̇arşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 2(009)-172/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən vurulmuş zərərə görə 1345 manat, 8 manat kuryer xidməti üçün ödənilmiş məbləğ, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 1384 manat pulun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-də cərrah işləyən Xəyyam Məsiyev tərəfindən 18 may 2019-cu il tarixdə iddiaçının burun çəpərində olan problem səbəbindən əməliyyat olunmuşdur. Sözügedən əməliyata görə iddiaçı tərəfindən cavabdehə 1345 (bir min üç yüz qırx beş) manat məbləğində pul ödəniş edilmişdir. İddiaçı qeyd edir ki, əməliyyat uğursuz keçmişdir, təkrar əməliyyat olmağı üçün isə 1700 (bir min yeddi yüz) manat məbləğində pul tələb olunur. Təkrar əməliyyat olunmağına səbəb isə cavabdeh klinikada fəaliyyət göstərən cərrah Xəyyam Məsiyevin bu əməliyyata səhlənkar yanaşmasıdır. İddiaçı cərrahın özü ilə görüşdükdə isə əməlliyyatın uğursuz keçdiyini və təkrar əməliyyata ehtiyac olduğunu və buna görə yenidən 1700 (bir min yeddi yüz) manat məbləğində pul ödəməli olduğunu bildirir. Bu uğursuz əməliyyata görə iddiaçının ödədiyi məbləğin geri qaytarılması üçün cavabdehə iddiaçı tərəfindən 18.03.2020-ci il tarixdə pretenziya məktubu göndərilsə də, bu günə qədər buna da məhəl qoyulmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 2(009)-172/2021- 013 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 2(009)-172/2021-013 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin dəlilləri və onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə xüsusi bilik tələb edən iş olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Həmin suallardan birinə cavab olaraq bildirilmişdir ki, hal-hazırda nəfəs almaq problemi qalmaqdadır, səbəb isə burun qanadlarının prolapsusu ilə əlaqədardır. İddiaçı bildirmək istəyir ki, nəfəs almaqda problemin olmasını burun çəpəri əyriliyinin olduğu diaqnozunu iddiaçı deyil, məhz cərrah Məsiyev təyin etmişdir. Bu halda o, iddiaçını xəbərdar etməli idi ki, bu əməliyyatla nəfəs problemi aradan qalxmayacaq və iddiaçının ona ödədiyi məbləğ və keçirdiyi əməliyyat hədərdir. Təbii ki, bu halda iddiaçı ora heç bir ödəniş etməyəcək və heç bir əməliyyata razılıq verməyəcəkdi. O, həmin cərraha burun nəfəs yollarının tutqun olduğu üçün müraciət etmiş, nəticədə isə heç bir müsbət dəyişiklik olmamışdır. Nəticənin olmaması və yenidən əməliyyat olunması üçün isə 1700 manat pul ödəməli olduğu cərrah Məsiyev tərəfindən bildirilmişdir. İddiaçı hesab edir ki, Məsiyevin bu ifadəsi iddianın təmin edilməsi üçün kifayət qədər əsasdır. Bundan əlavə olaraq, ekspert rəyində əməliyyat uğurlu olduğu ancaq iddiaçının nəfəs almasında olan problemin dəyişilmədən qaldığı qeyd edilmişdir. Bu ziddiyyətli ekspert rəyi məhkəmə tərəfindən araşdırılmalı idi. İddiaçı bir daha qeyd etmək istəyir ki, nəfəs alma problemində burun çəpərinin əyri olduğu və əməliyyat nəticəsində problemin aradan qalxacağı diaqnozunu cərrah Məsiyev təyin edib. Sonradan isə başqa problemin olduğu ekspert rəyində qeyd edilib. Bu halda aydın olur ki, onu müayinə edən cərrah Məsiyev öz işinə səhlənkar yanaşmış, diaqnozu dəqiq təyin etməmiş, ya da qəsdən düzgün olmayan diaqnoz təyin edərək ona boş yerə maddi zərər vurmuşdur. İdidaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ödədiyi məbləğ ona geri qaytarılmalıdır. Ona məlum olmayan cərrah səhvi səbəbindən və ya aldadılaraq səhv diaqnoz qoyulması səbəbindən əməliyyat edilərək göstərilən məbləğdə maddi zərərə məruz qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “Hospital” qismində "xxxx" MMC-nin tabeçiliyində olan Cavabdeh ilə “Xəstə” qismində İddiaçı arasında bağlanılmış 18.05.2019-cu il tarixli tibbi xidmət müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən “Hospital” əvvəlcədən razılaşdırılmış tibbi xidməti həyata keçirməyi, “Xəstə” və ya “Xəstənin qohumu” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə 1”də təqdim olunan “Qiymət Cədvəli”nə əsasən müəyyənləşdirilən xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Hospital” tibbi xidmətləri və cərrahi əməliyyatı “Xəstə və ya “Xəstənin qohumu” ilə imzalanmış bu müqaviləyə və “Cərrahi əməliyyatın keçirilməsinə razılıq vərəqəsi”nə əsasən göstərir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış 18.05.2019-cu il tarixli cərrahi əməliyyatın keçirilməsinə razılıq vərəqəsindən görünür ki, aparılmış müayinələrin nəticələrinə əsasən xəstə İddiaçı cərrahi müdaxilə göstərişdir. Buna görə də həkim cərrah Xəyyam Məsiyev və həkim anestezioloq-reanimatoloq Fuad Quliyev xəbərdar edirlər ki, cərrahi əməliyyat və anesteziya zamanı, eləcə də əməliyyatdan sonrakı dövrdə xəstədə ağrlaşmaların (o cümlədən ölümlə nəticələnəcəyi istisna olunmayan) olması mümkündür. Onlar bəyan edirlər ki, qeyd edilənlərlə, o cümlədən cərrahi əməliyyatın həyati riskləri, təhlükələri, əmələ gələ biləcək fəsadları barədə onlara tam məlumat verildi və onlar cərrahi əməliyyatın istisna olunmayan müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürməklə, öz azad iradəsi ilə cərrahi əməliyyatın aparılmasına yazılı surətdə razlıq verirlər. İş materiallarında olan Cavabdeh MMC-nin 0898/19 №-li xəstəlik tarixindən çıxarışepikrizdən görünür ki, xəstə İddiaçı 18.05.2019-cu il tarixdə klinikaya daxil olmuşdur. Kliniki diaqnoz: Burun çəpəri əyriliyi. Burun balıqqulaqlarının hipertrofiyası. Xəstənin deməsinə görə özünü bir neçə ildir ki, xəstə hesab edir. Şikayətləri burun tənəffüsünün pozulması, təngənəfəslik. Klinikaya müraciət etmiş, müayinələrdən keçmiş, yuxarıda qeyd olunan diaqnoz qoyulmuş və cərrahi müalicə təklif olunmuşdur. Xəstə stasionar müayinə və müalicə üçün hospitalizasiya olunur. Xəstəyə kardioloqun və anestezioloqun baxışı olmuşdur. 18.05.2019-cu il tarixdə xəstə üzərində “Septoplastika. Knka RF” cərrahi əməliyyatı aparılıb. Əməliyyat fəsadsız keçib. Əməliyyatdan sonakı dövrdə xəstəyə antibakterial, simptomatik müalicə aparılmış, ağırlaşma qeyd olunmamışdır. Xəstə 18.05.2019-cu il tarixdən kafi vəziyyətdə ambulator müalicəyə yazılır. Evə yazılarkən xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Fəaldır. Dəri və selikli qişaları təmizdir. Ambulator nəzarət məsləhət görülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 24.11.2020-ci il tarixli, 496/KEŞ saylı rəyinə əsasən, 1956-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı 18.05.2019-cu il tarixdə Cavabdeha müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi. Alt burun balıqqulaqlarının hipertrofiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq “Septoplastika. Konxa RF” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra hər hansı bir ağırlaşma olmamış və xəstə həmin gün kafi vəziyyətdə evə yazılmışdır. 2. İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3. İddiaçı mütəxəssis müayinəsinə əsasən onda burun tənəffüsünün çətinləşməsi aparılmış cərrahiyyə əməliyyatı ilə deyil, burun qanadlarının prolapsusu ilə əlaqədar olduğu müəyyən edilmişdir. 4.5. İddiaçı icra edilmiş “Septoplastika” cərrahiyyə əməliyyatı ilə əlaqədar ona təkrar operativ müdaxilənin aparılmasına tibbi göstəriş yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Hazırkı iş üzrə araşdırılan sübutlarla cavabdeh tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) iddiaçının sağlamlığına zərər vurulması halı təsdiq edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı üzərində cərrahi əməliyyatın uğursuz aparılması müəyyən edilmədiyindən və bu hal iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapdığından, eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçının burun tənəffüsünün çətinləşməsinin aparılmış cərrahi əməliyyat nəticəsində baş verməsi müəyyən edilmədiyindən, eyni zamanda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 1345 manat ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 1345 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Van de Huk Niderlanda qarşı” işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə kollegiyası xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının tələbi 1345 manatın tutulması hissəsində əsassız hesab edildiyindən, iddia tələbi kuryer xidməti üçün ödənilmiş 8 manat pulun və dövlət rüsumunun tutulması hissəsində də əsassız hesab edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Adı̇ l oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 2(009)-172/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3696/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3696/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver