Məhkəmə qərarları › İş №2(103)-3699/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3699/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3699/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomaşına vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 14:12 radələrində Cavabdeh2 məxsus olan «TOYOTA PRİUS» markalı **-TP- *** dövlət nömrə nişanlı avtomaşınla A.Heydərov küçəsi ilə Mayakovski küçəsinin kəsişməsində gözləmədən baş yola çıxaraq ona məxsus «Mersedes Benz-E 220» markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşınına dəymişdir. Hadisə zamanı idarə etdiyi avtomaşına 4050 (dörd min əlli) manat məbləğində ziyan dəymişdir. Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının DİN-nin Nərimanov rayon Pİ-nin DYPŞ-nin baş inspektoru polis kapitanı X2 tərəfindən Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Cavabdeh1 Azərbaycan Respublikasının DİN-nin Nərimanov rayon Pİnin DYPŞ-nin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 327.2 və 469.3-cü maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cavabdeh təqsirli hesab edilməsinə baxmayaraq indiyə kimi ona vurduğu zərəri aradan qaldırmamış və buna cəhd etməmişdir. Dəfələrlə cavabdehə ziyanın ödənilməsini bildirməyinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. O, avtomobilinə dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə «xxxxxxxxxxxxxx” MMC-yə müraciət etmişdir. Həmin müəssisənin rəhbərliyi tərəfindən avtomobilə dəymiş zərərlə bağlı xx.xx.2019-cu il tarixli «qiymətləndirmə aktı» tərtib edilmiş və zərərin məbləği 4050 (dörd min əlli) manat müəyyənləşdirmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasasən mülki hüquq pozuntusu (delikt) üquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ziyan urulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun bu normasının tətbiqi üçün üç hüquqi şərt mövcud olmalıdır. Birincisi, mülki hüquq pozuntusu olmalıdır, ikincisi, şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Birinci hüquqi şərtin mövcudluğu işdə olan Azərbaycan Respublikasının DİN-nin Bakı şəhəri Nərimanov rayon Pİ-nin DYPŞ-nin xx xxxxxxxx 2019-cu il tarixli X4 qərarı ilə də təsdiqini tapır. İkinci hüquqi şərtin mövcudluğu, yəni onunəmlakına maddi zərərin vurulması iddia ərizəsinə əlavə olunmuş «xxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə aktı ilə təsdiqini tapmışdır. Onunəmlakına vurulmuş zərərin məhz cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində vurulması və əməllə nəticə arasında səbəbli əlaqənin olması iddia ərizəsinə əlavə olunmuş sübutlarla təsdiqini tapır. Səbəbli əlaqə əməllə nəticə arasında elə bir əlaqəni nəzərdə tutur ki, həmin nəticəni yalnız o, səbəb doğursun və digər səbəblər istisna edilsin. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin Bakı şəhəri Nərimanov rayon Pİ-nin DYPŞ-nin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən inzibati xəta törətmiş Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 327.2 və 469.3-cü maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. Göründyü kim ona məxsus avtomobilə Cavabdeh1 tərəfindən inzibati xəta nəticəsində zərər dəymiş, onun idarə etdiyi avtomobil isə Cavabdeh2 məxsus olmuşdur. Ona görə də, cavabdehlər vurulmuş ziyana görə birgə məsuliyyət daşıyırlar, ona vurulmuş ziyan hər iki cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan avtomaşına vurulmuş maddi ziyanın əvəzi 4050 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 266/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi 3650 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 9.85%-i, yəni 2 manat 95 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 90.15%-i, yəni 27 manat 05 qəpik məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi və iş üzrə məhkəmə məsrəfi olan 120 manat ekspertiza xərcinin 9.85%-i yəni 11 manat 85 qəpiyi iddiaçıdan, qalan 90.15%-i yəni 108 manat 15 qəpik məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)-266/2020 saylı 17. 01. 2020-ci il tarixli qətnaməsi aşağıda göstərilən əsaslara görə maddi hüquq normalarını pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi bu işlə bağlı hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və tətbiq edilməli olan normativ hüquqi aktı düzgün tətbiq etməmişdir. O, Naxçıvanda yaşadığı üçün məhkəmə proseslərində iştirak edə bilməmişdir. Hesab edir ki, məhkəmə sənədləri aidiyyəti üzrə onun yaşadığl yerin məhkəməsinə göndərməli idi. Məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətinin müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə saat 14:19 radələrində Cavabdeh1 digər Cavabdeh2 mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkət edərkən, A.Heydərov küçəsi ilə Mayakovski küçəsinin kəsişməsində “Stop” nişanının tələbini pozaraq sağ tərəfdən baş yol ilə hərəkət edən “Mercedes E220” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq onunla toqquşmuşdur. Sənədlərin yoxlanılması zamanı «Toyota Prius» minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin icbari sığortasının olmaması müəyyən edilmişdir. Törədilmiş xətaya görə, Cavabdeh1 barəsində AR İXM-nin 327.2-ci və 469.3-cü maddələri ilə TP ******* nörməli X4 protokol tərtib edilmiş və o, 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AP seriyalı, ******* nömrəli X4 Protokoldan görünür ki, Cavabdeh1 A.Heydərov küçəsi ilə Mayakovski küçəsinin kəsişməsində “Stop” nişanının tələbini pozaraq sağ tərəfdən baş yol ilə hərəkət edən “Mercedes E220” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq onunla toqquşmuşdur. Sənədlərin yoxlanılması zamanı «Toyota Prius» minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin icbari sığortasının olmaması müəyyən edilmişdir. İş materiallarına olan AD seriyalı, 529414 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012 olan ağ rəngli, «Toyota Prius» minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 «Toyota Prius» minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan TP ******* nörməli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh1 AR İXM-nin 327.2-ci və 469.3-cü maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxx” MMC-nin 16.09.201-cu il tarixli qüsur aktından görünür ki, “Mercedes E220” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış nəticəsində dəymiş zərərin 4050 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28460 nömrəli eskpertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilən qüsur aktı tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2006-ci il buraxılışlı “Mercedes Benz E220” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərci təxminən 3650 manat (dəyişilməli hissələrin qiyməti 2850 manat, təmirbərpa işlərinin qiyməti 800 manat) müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsiri qanuni qüvvəyə minmiş inzibati xətaya dair qərarla öz təsdiqini tapmışdır və bu səbəbdən o, vurulmuş zərərin ödənilməsinə görə məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə ki, cavabdeh birinci inatansiya məhkəməsinin iclasında iştirak etmədiyini, Naxçıvan şəhərində yaşadığını qeyd edərək, işə Yasamal rayon məhkəməsində baxılmalı olmadığını, mülki iş materiallarının aidiyyəti üzrə göndərilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi, cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə həm poçt vasitəsilə həm də AZEMİS elektron məhkəmə sistemi vasitəsilə bildirişlər göndərilmişdir. Bundan başqa, iş üzrə digər cavabdeh olan Cavabdeh2 Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olduğundan, aidiyyət qaydalarının pozulmasından söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 266/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar