Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3699/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)- 2042/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə cavabdehlərdən müştərək qaydada 50000 ABŞ dolları məbləğində əsas borc və 5000 ABŞ dolları məbləğində faiz borcu, cəmi 55000 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin müqaviləyə uyğun olaraq bankla cavabdeh arasında tərtib edilən 07 fevral 2014-cü il tarixli, 29 oktyabr 2014-cü il tarixli, 16 yanvar 2015-ci il tarixli razılaşmalara əsasən ona ümumilikdə 348000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq İddiaçı ilə "xxxx" və digər Cavabdeh2 arasında 31 yanvar 2014-cü il tarixli və 23 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə, götürülmüş kreditin qaytarılmasının təminatı olaraq iddiaçı ilə həmin bank arasında 03 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki obyekt (əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehlərə inanaraq bu müqaviləni imzalamışdır. Çünki iddiaçı ilə cavabdehlər tanış və həmyerlidirlər və cavabdehlər iddiaçıdan xahiş edərək onu ipoteka və zaminlik müqavilələrinə imza etməyə razı salmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddırlar və bankdan pulu götürərək faydalanan şəxslər də onlardır. Lakin buna baxmayaraq cavabdehlər götürülmüş kreditin qaytarılmasını təmin etməmiş və bununla da iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlakın məhkəmə qaydasında hərrac yolu ilə satılması təhlükəsi yaranmışdır. Belə ki, "xxxx" QSC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanan faizlərin tutulmasını, tələbin ipoteka predmeti olan və digər cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına həmin borcun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon məhkəməsinin 31 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2 müştərək qaydada bir neçə kredit müqaviləsi üzrə cəmi 193488,68 ABŞ dolları və 123 manat pulun tutulması qət edilmiş, tutma digər ipoteka predmetləri ilə yanaşı İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmişdir. İddiaçı ona məxsus əmlakın açıq hərracdan satılması barədə bank tərəfindən iddia qaldırılandan sonra dəfələrlə cavabdehlərə müraciət etmiş, kreditin qaytarılması və beləliklə də ona məxsus obyektin hərracda satılmasının qarşısının alınması üçün tədbirlər görməsini tələb etmişdir. Lakin cavabdehlər krediti qaytarmaq üçün tədbir görməmişlər. Artıq tələbin ipoteka predmetinə yönəldiləcəyini görən iddiaçı banka müraciət edərək ona məxsus əmlakın hərrac vasitəsilə satılmamasını, tələbin ilk növbədə cavabdehlərə məxsus əmlak hesabına ödənilməsini xahiş etmişdir. Bankdan iddiaçıya bildirmişlər ki, yalnız borcun ödənişi həyata keçirildiyi halda sözügedən əmlak ipoteka yüklülüyündən azad oluna bilər. Bundan sonra iddiaçı 08 dekabr 2020-ci il tarixdə cavabdehlərin əvəzinə zamin olaraq bankın hesabına 50000 ABŞ dolları məbləğində pul köçürmüş və özünə məxsus əmlakın ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişdir. İddiaçı həmin ödənişi həyata keçirdikdən sonra bank tərəfindən iddiaçıya qəbz və 08 dekabr 2020-ci il tarixli məktub verilmişdir. Məktubda göstərilmişdir ki, 30 iyun 2021-ci il tarixədək Cavabdeh1 "xxxx" QSC qarşısında olan kredit borcundan 50000 ABŞ dolları ödəyəcəyi təqdirdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka yüklülüyündən azad olunacaq, həmçinin mövcud qalıq borcun ondan tələb olunmaması barədə müvafiq icra və probasiya şöbəsinə məktub veriləcəkdir. Bankla razılaşmaya əsasən iddiaçı tərəfindən zamin olaraq banka 100000 ABŞ dolları ödənilməlidir və iddiaçı artıq həmin məbləğin yarısını, yəni 50000 ABŞ dollarını banka ödəmişdir. Odur ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)-2042/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 50000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.Qalan hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh2 qarşı hissədə ləğv edilməsini və ona qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 zamin qismində çıxış etdiyindən və cavabdeh X2 öhdəliklərinin yerinə yetirilməsinə zamin kimi öhdəlik götürdüyündən, İddiaçı tərəfindən "xxxx" QSC-yə ödənilmiş pul isə Cavabdeh1 öhdəliyi üzrə yaranan borc olduğundan, reqres qaydada ödənilmiş pulun Cavabdeh2 tələb edilməsi əsaslı hesab edilə bilməz. Öhdəliyi yerinə yetirmiş zamin digər zaminə qarşı yerinə yetirilmiş öhdəlik üzrə reqres qaydada tələb irəli sürə bilməz. Çünki zamin yalnız borcluya münasibətdə zamin durmuş, digər zaminə münasibətdə isə üzərinə heç bir öhdəlik götürməmişdir. Məhkəmə Cavabdeh2 münasibətdə qeyd olunan maddəni düzgün tətbiq etməmişdir. Cavabdeh2 və İddiaçı nə qanuna görə, nə də müqavilə üzrə birgə borclu hesab olunmurlar. Belə ki, tərəflər arasında müqavilə olmadığından və qanuna əsasən də zamin yalnız əsas borclunun öhdəliyinə münasibətdə məsuliyyət daşıdığından zaminlər bir-birinə münasibətdə birgə borclu hesab oluna bilməzlər. "xxxx" QSC ilə Cavabdeh1 arasında olan bir neçə kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı kimi Cavabdeh2 və İddiaçı ilə həm zaminlik müqaviləsi bağlanmış, həm də müqavilələrin təminatı olaraq hər ikisi tərəfindən əmlaklar ipotekaya qoyulmuşdur. Cavabdeh2 və İddiaçı bank qarşısında birgə borclu olmamışlar. Onların hər ikisi Cavabdeh1 münasibətdə zamin kimi məsuliyyət daşımışdır. Ona görə də Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilə bilməzdi. Həmçinin İddiaçı banka ödəmiş olduğu 50000 ABŞ dolları vəsaiti zamin kimi yox, Cavabdeh1 xeyirinə ipoteka ilə yüklü etdiyi əmlakını yüklülükdən azad etmək məqsədi ilə ödəmişdir. İddiaçı özü də iddia ərizəsində bunu etiraf etmişdir. Həmçinin iş materiallarında olan "xxxx" QSC-nin məktubunda da ödənişin zaminlik müqaviləsi üzrə deyil, əmlakın yüklülükdən azad olunması üçün ödənildiyi qeyd olunub. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin bir hissəsi Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməklə icra edilmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 statusları eynidir. Hər ikisi Cavabdeh1 əvəzinə kredit öhdəliklərini icra etmişlər. Belə olan halda onlar bir-birilərinə qarşı deyil, yalnız Cavabdeh1 qarşı iddia qaldırmaqda haqlıdırlar. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarından görünür ki, Cavabdeh1 "xxxx" QSC ilə kredit müqaviləsi bağlayaraq həmin bankdan kredit götürmüş, İddiaçı və Cavabdeh2 həmin kreditin qaytarılmasına zamin durmuşlar. Bundan əlavə, kreditin qaytarılmasının təminatı kimi bir sıra daşınmaz əmlaklar, o cümlədən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi və üzərindəki xüsusi mülkiyyətdə olan 727,2 kv/m ümumi sahədən ibarət olan digər təyinatlı əmlak kompleksi kimi müəssisə ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən,"xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(006)-175/2019 saylı qətnaməsi ilə Cavabdeh1 həmin bankla bağladığı bir neçə kredit razılaşması üzrə cəmi 193488,68 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş bir sıra daşınmaz əmlaklara, o cümlədən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,19865 ha torpaq sahəsi və onun üzərində olan 727.2 kv.metr ümumi sahədən ibarət olan digər təyinatlı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakların açıq hərracda satılması yolu ilə borcun ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 08 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, 30 iyun 2021-ci il tarixinədək Cavabdeh1 "AccessBank” QSC qarşısında olan kredit borcundan 50000 ABŞ dolları ödəyəcəyi təqdirdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka yüklülüyündən azad olunacaq, həmçinin mövcud qalıq borcun ondan tələb olunmaması barədə müvafiq icra və probasiya şöbəsinə məktub veriləcəkdir. İş materiallarında olan 08 dekabr 2020-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" QSC-nin hesabına 50000 ABŞ dolları köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.3-cü naddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 500-cü və 509.1-ci maddələrinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəlləsinin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Yenə həmin Məcəlləsinin 509.3-ci maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Həmin maddələrin tələblərinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı zamin kimi Cavabdeh1 "xxxx" QSC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini 50000 ABŞ dolları məbləğində icra etmişdir. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən, iddiaçının hər iki cavabdehə qarşı (Cavabdeh1-əsas borclu və Cavabdeh2-zamin) müvafiq iddia tələbi irəli sürmək hüququ vardır və bu tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının kredit borcu üzrə ödədiyi 50000 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcu üzrə "AccessBank” QSC qarşısında birgə borclu kimi çıxış etmiş, İddiaçı borcu ödədiyinə görə həmin borca münasibətdə Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında birgə borcluya çevrilmiş, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar İddiaçı keçmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)-2042/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3699/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3699/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver