Məhkəmə qərarları › İş №2(103)-3700/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3700/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3700/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-4983/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1174PFFK kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 3.078,83 manat, bundan 2.989,74 manat əsas, 89,03 manat faiz və 0,06 cərimə borcu və iş üzrə ödənilmiş 51 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4983/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

4. Bundan sonra Cavabdeh2 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hüquqi savadı olmadığı üçün və apellyasiya şikayətinin tərtib qaydalarını bilmədiyi üçün apellyasiya şikayətinin verilməsi yubadılmışdır. Qeyd olunanlara əsasən müddətin buraxılmasının üzürlü sayılması və apellyasiya şikayətinin qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 4983/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Cavabdeh həmin qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2023 tarixdə qəbul etdiyi qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin qeyri-qanuni olmasının 4 səbəbini kompakt şəkildə göstərmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş və o, keçiriləcək iclas haqda heç bir bildiriş almamışdır. 2021-ci illərdə bir ildən artıq davam edən Pandemiya dövrü 2021-ci ilin sentyabr ayında açıq ürək əməliyyatı keçirmiş və bu əməliyyatdan sonra reabilitasiya dövrü 1 ildən artıq davam edir. Bankla olan müqavilənin bitməsinə 2 ilə yaxın vaxt qalması və üstəlik o, bankın iddia etdiyi məbləğlə razı olmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Mülki-Mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmışdır. xx.xx.2023-ci il tarixdə Suraxanı İcra Şöbəsindən məktub aldıqdan sonra xəbər tutmuşdur ki, onun apellyasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılıb və sonradan iş icraaya göndərilmişdir. Görünür mütərəqqi sayılan Elektron Məhkəmə Sistemi mahiyyətə deyil, formaya diqqət yetirir. Sonradan mart ayının 1-də məhkəmənin iradlar nəzərə alınmaqla, təkrar apellyasiya şikayəti və müddətin bərpası ərizəsi ilə müraciət etmiş, lakin müddətin bərpasına imtina haqda xx.xx.2023 tarixli qərar qəbul edilmişdir. Onun tərəfindən müddətin buraxılmasının üzrlü olmasını və onun səmimi olduğunu iki hadisə subut edilə bilər: E-Məhkəmə prosedurlarından məlumatı olmadığından düşünmüşdür ki, onun apellyasiya şikayətinə cavab Bakı Apellyasiya Məhkəməsindən gəlməlidir. Yalniz 24 fevral 2023-cü il tarixində İcra Şöbəsinin məktubunu aldıqdan sonra şəxsi kabinet vasitəsilə məhkəmənin qərarlarından xəbər tutmuşdur. Bu məlumat elektron kabinetin bildirişlər bölməsindəki "Oxunub" qrafasında da açıq aşkar görünür. Bakı Apellyasiya Məhkəməsinin qaynar xətti ilə 23-27 fevral tarixlərindəki "Vatsap" danışıqlarının səs yazısı və E-Məhkəmənin Texniki dəstək xidməti təsdiq edə bilər.

9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməisnə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq 12.Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-4983/2022 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü səbəbdən buraxıldığı üçün bərpa edilməlidir.

14. Belə ki, iş materiallarından aydın olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh2 poçt vasitəsi ilə göndərilmiş və həmin qətnaməni cavabdeh xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. 05.01. 2023-cü il tarixdə cavabdeh həmin qətnamədən apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə “Elektron Məhkəmə” İnformasiya Sistemininə yerləşdirmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

15. Göründüyü kimi, iddiaçı tərəfindən ilk dəfə verilən apellyasiya şikayəti prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmiş, şikayət qaytarılması qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən forma və məzmuna uyğun olmaması səbəbi ilə olmuşdur. Bundan sonra yenidən verilmiş apellyasiya şikayətinin müddəti artıq cavabdehdən asılı olmayan səbəblərdən keçmişdir.

16. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən buraxılmışdır və ona görə də həmin müddət bərpa edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Hsənov Hicran Həsən oğlunun şikayəti təmin olunsun. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 4983/2022 nömrəli qərardadı ləğv edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4983/2022 nömrəli qətnaməsindən cavadeh Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət üzürlü səbəbdən buraxılmış hesab olunaraq bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar