Məhkəmə qərarları › İş №2(103)-3701/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3701/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3701/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2370/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 kreditorun xeyrinə 14.01.2015-ci il tarixli 15-MZ-3-0-48-15 saylı kredit müqaviləsindən irəli gələn 09.03.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 11062 ABŞ dolları əsas borc, 2141 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13203 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5154/2016 saylı, 08.04.2016-cı il tarixli əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək, məhkəmədən müvafiq məhkəmə əmrinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən ümumi iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2370/2020 saylı, 04.03.2020-ci il tarixli məhkəmə qərardadı ilə etiraz təmin edilmişdir.. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2370/2020 saylı 12 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.01.2015-ci il tarixli 15-MZ-3-0-48-15 saylı kredit müqaviləsi üzrə 09.03.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 11062 ABŞ dolları əsas borcun, 2141 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13203 (on üç min iki yüz üç) ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının nümayəndəsinin izahatına uyğun qiymət verərək və onun ifadəsini düzgün yazmayaraq qətnamə çıxarmışdır. Hətta qətnamə çıxararkən iddianın qismən təmin edilməsini yazsada iddianı tam təmin edərək tələb olunan məbləği ondan tutmuşdur. Bundan əlavə o, iddiaçıdan 12700 ABŞ dolları pul götürmüş, bunun müqabilində təxminən 6000 ABŞ dolları ödəniş etmişdir. İddiaçı isə bütün bu ödənişləri nəzərə almadan və həmin ödənişləri əsas deyil faiz borcu kimi silinməsini iddia edir. Halbuki bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Hesab edir ki, iddiaçı 6000 ABŞ dolları ödədiyi halda əsas borcdan cəmi 1700 ABŞ dolları çıxaraq 4300 ABŞ dolları faiz borcuna çıxmaları qanunsuz olmuşdur. Bu səbəbdən də məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və borc düzgün hesablanaraq ona uyğun tələb edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2370/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 10961,63 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanılmış 14.01.2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 27 faizlə 24 ay müddətinə 12700 ABŞ dolları kredit verilmişdir. Zamin Cavabdeh2 həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 10961,63 ABŞ dolları əsas borcu təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı “xxxx” ASC adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehlər bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi 14.01.2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə banka borclu olduqları faiz borcun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə qətnamə 14.01.2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcunun məbləği 10961,63 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin borcun düzgün hesablanmaması dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən dəlili formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində qeyd etdiyi dəlilləri ilə bağlı heç bir sübutu nə birinci instansiya məhkəməsinə nə də apelyasiya məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2370/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 10961,63 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2370/2020 saylı 12 oktyabr 2020ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 10961,63 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar