Məhkəmə qərarları › İş №2(103)-3704/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3704/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3704/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyanın ödənilməsi, preyudisiya, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunan, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2020-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Cavabdeh Nənifə oğlunun qəti olaraq 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsinə əsasən, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi hökm edilmişdir.

3. Həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qanunsuz sahibkarlıqla, yəni lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətə xeyli miqdarda ziyan vurmuş, digər obyektlərdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi müəyyən edilmiş qaydaları pozması ağır nəticələrə səbəb olmuşdur.

4. Hökmə əsasən, məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 54 824 manat müəyyən edilmiş və istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə həmin məbləğ üzrə ittiham verilmişdir. Lakin təkrar məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 30 153,2 manat müəyyən edilmiş və həmin məbləğ AR CM-nin 192.1-ci maddəsi üzrə məsuliyyət yaratmadığından qeyd olunan maddə ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəzanın təyin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Cavabdeh qəti olaraq 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin 19 mart 2021-ci il tarixdən hesablanması, Cavabdeh davranışı üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir.

6. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh 12 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmış "Mərhəmət LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 mart 2012-ci il tarixdən rəhbərlik edərək MMC-nin 16 mart 2012-ci il tarixdə əlavə edilmiş dəyişikliklərlə təsdiq olunmuş Nizamnaməsinə əsasən Cəmiyyətin adından qərar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi tələblərinə əməl etməyib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixdə 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə "Dağ-mədən ayırması” statusunun verilməsi” Qaydalarına əsasən yerin təkinin istifadəyə verilən sahələrində faydalı qazıntılar çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq olaraq "Dağ mədən ayırması” aktı almaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli olduğu halda, bunu qəsdən etməyərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən "dağ-mədən, dağ və buruq qazmalarının aparılmasına” dair verilmiş 28 noyabr 2013-cü il tarixli 073706 nömrəli lisenziyaya əsasən istismar işlərini həyata keçirərkən lisenziyalaşdırma şərtlərini pozub "dağ mədən ayırması” aktı almadan "Gülbaxt tikinti müəssisələri” kombinatından 04 aprel 1999-cu il tarixli müqavilə əsasında icarəyə götürülmüş "Gülbaxt” əhəngdaşı yatağında yerləşən 1 ha torpaq sahəsində qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 27 dekabr 2017-ci il tarixdən 6 avqust 2018-ci il tarixədək olan müddətdə 7120 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda 54 824 (əlli dörd min səkkiz yüz iyirmi dörd) manat məbləğində ziyan vurmuş, eləcə də istismar üçün ayrılmış sahədə yerin təkindən faktiki istifadə edərək təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda "Yerin təki haqqında” 13 fevral 1998-ci il tarixli 439-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də "Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən, müəssisənin, qurğular və başqa obyektlərin istismarı, ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsini həyata keçirməli, həmin Qanunun 6-cı maddəsinə əsasən ətraf mühitin qorunmasına borclu olduğu halda qanunvericiliyin həmin tələblərini yerinə yetirməmiş, həmin əməli nəticəsində istehsal zamanı yaranan tullantıların yığılması, qorunması və toplanması təmin olunmadığından həddən artıq tozlanmaya səbəb olmaqla atmosferin çirklənməsinə, mineral xammal bazasının məhvinə və ətraf mühit üçün təhlükə yaranmasına, yəni bərpası mümkün olmayan ağır nəticələrə səbəb olmuş, eləcə də həmin əməli ilə insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarına və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhəməsinin Cinayət Kollegiyasının 19 mart 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, hökmün Cavabdeh Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsi hissəsində ləğv edilməsi, Cavabdeh ittihamından Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin xaric edilməsi, hökmdən Cavabdeh Azərbaycan CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən qəti cəzanın təyin edilməsinə dair müddəanın xaric edilməsi, Cavabdeh üzərində hökmlə ona Azərbaycan Respublikası CM-nin 247-ci maddəsi ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Qərara əsasən, təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 54 824 manat olduğu təsdiq edilmiş, məhkum Cavabdeh Azərbaycan Respublikası CM-in 192.1 və 247-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət etməklə toplanılmış, tədqiq edilmiş və qiymətləndirilmiş sübutlarla tam təsdiq olunmuş, onun əməli həmin maddələrlə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün düzgün tövsif olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 54 824 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci və 308.2-ci maddələri ilə məhkum edilmiş, onun təbiətə vurduğu ziyanın 30 153,2 manat olduğu müəyyən olunmuşdur. Həmin hökmdən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ləğv edilərək Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 247-ci və 308.2-ci maddələri ilə məhkum edilmiş, onun təbiətə vurduğu ziyanın 54 824 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ziyan məbləği ilə bağlı hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan cinayət işi üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktları ilə cavabdeh tərəfindən vurulmuş ziyanın 54 824 manat olduğu müəyyən edilmiş, cinayət işinə baxılarkən mülki iddia verilməmiş, həmin ziyan məbləğindən cavabdeh tərəfindən indiyə kimi hər hansı məbləğ ödənilməmişdir. Zərərçəkmiş şəxs kimi iddiaçı hesab edir ki, cinayət işi üzrə məhkəmə aktı ilə təsdiq edilmiş 54 824 manat ziyan məbləği cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

11. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ziyan məbləğini həddindən artıq şişirdilmiş hesab edir. Cinayət işinə məhkəmələr tərəfindən baxılarkən həmin məbləğə etiraz etmiş, ekspertiza rəylərinin düzgün olmadığını bildirmiş, lakin onun etirazı nəzərə alınmamışdır. Məhkəmə hökmü ilə təyin edilmiş cəzanı çəkmişdir. Hazırda maddi və ailə vəziyyəti ağırdır, tələb edilən məbləği ödəməyə imkanı yoxdur, iddia tələbinin rədd edilməsini xahiş edir.

12. Birinci instansiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunan, cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin cinayət işi üzrə qüvvədə olan məhkəmə aktları ilə cavabdehin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 54 824 manat olduğu müəyyən edilmişdir. Qeyd olunan məhkəmə aktlarından həmçinin aydın olur ki, ziyan məbləğinin dəqiq hesablanması üçün dəfələrlə ekspertizalar keçirilərək ekspert rəyləri alınmış, həmin rəylər digər sübutlarla birgə ətraflı tədqiq olunaraq ziyan məbləğinin 54 824 manat olduğu öz təsdiqini tapmışdır. Ona görə də, iddiaçının zərərçəkmiş şəxs qismində qüvvədə olan məhkəmə aktları ilə təqsirli bilinmiş cavabdehə qarşı cinayət əməli nəticəsində dəymiş ziyanı tələb etməsi barədə hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 78.1-ci, 82.4-cü maddələrinə istinad etmişdir.

15. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun dəyişdirilməsini və ondan 30 153,2 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ziyan məbləğinin düzgün hesablanmadığı, sahibkar olaraq iş yerini itirdiyinin, ağır maddi çətinliklərlə üzləşdiyinin, digər şəxslər qarşısında borclarının olduğunun nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmıışdır.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

17. Məhkəmə iclasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

31. Nəzərə alınmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – cavabdehin 54 824 manat məbləğində ziyan vurmuş olması - iş üzrə sübutetmənin predmetidir və həmin hal qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur.

32. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (§ 23) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

33. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

34. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-756/2024 saylı iş üzrə 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar