Məhkəmə qərarları › İş №2(103)-3707/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3707/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3707/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1587/2023 nömrəli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində göstərilən məbləğlər tələb olunub: 1) əsas borc kimi 8.381.47 ABŞ dolları; 2) faiz borcu kimi 2.754,15 ABŞ dolları; 3) cərimə kimi 5.443,17 ABŞ dolları; 4) kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz kimi 1.197,12 ABŞ dolları. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 8.381.47 ABŞ dolları və kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcu kimi 1.197,12 ABŞ dolları tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində, yəni müqavilə müddəti üçün faiz və cərimə borcunun tutulması barədə tələblərə aid hissədə ləğv edilsin və iddia tam təmin olunsun. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2015-ci ildə bank ilə cavabdehlər – birgə borcalanlar Cavabdeh1 və Cavabdeh3 arasında kredit müqaviləsi bağlanıb, illik faiz dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə 12.470 manat kredit verilib. Digər cavabdeh Samir Muradov zamindir. Daha sonra 2 dəfə - xx.xx.2015 və xx.xx.2017-ci il tarixlərində kredit müqaviləsi dəyişdirilib, kredit öhdəliyinin qalığı restrukturizasiya edilib, kredit qalığı 14.070,78 ABŞ dolları müəyyən edilib, kredit müddəti xx.xx.2022-ci il tarixədək uzadılıb. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə, kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2022-ci ilə) əsas borcun məbləği 10.830,18 ABŞ dolları, faiz borcunun məbləği 2.868,06 ABŞ dolları, maliyyə arayışında qeyd edilən tarixə (xx.xx.2023-cü ilə) illik 5 faiz hesablanmaqla faiz borcunun məbləği 1.528,26 ABŞ dolları təşkil edir. Qətnamə iddianın rədd edilməsinə aid hissədə, yəni müqavilə müddəti üçün faiz borcu kimi 2.754,15 ABŞ dolları, cərimə kimi 5.443,17 ABŞ dolları tutulması barədə tələbə aid hissədə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür, lakin bank borcalanla yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün hər hansı tədbir görməmişdir. Ona görə də müqavilə müddəti üçün faiz və cərimə borcunun tələb edilməsi hüquqdan sui-istifadə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir. Məcəllənin 425-ci maddəsi isə öhdəliyin tərəflərindən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə davranmağı tələb edir. Odur ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1587/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar