Məhkəmə qərarları › İş №2(103)-3709/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3709/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3709/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1134/2022 saylı, 28 mart 2022-ci il tarixli nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 28.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə, yəni 28.03.2022-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsaslanmaqla baxılmamış saxlanılmış və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini, iddia tələbi üzrə məhkəmə icraatının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, qərardad qəbul olunduqdan sonra ərizə verərək həmin qərardadın ləğv edilərək iddia tələbi üzrə məhkəmə icraatının davam etdirilməsini xahiş etmişdir. Ona görə də həmin iş üzrə qəbul olunmuş qərardad ləğv olunmalıdır. Məhkəmənin 08 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, qeyd olunduğu kimi birinci instansiya məhkəməsi hazırlıq iclasnda iddia ərizəsinin geri qaytarılması məsələsinə baxarkən öz mövqeyini Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə prosessual normanı düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin 18.02.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək işin məhkəmə hazırlıq iclası 28.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixcli qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişiklik edilmiş və qeyd olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Qanunvericiliyin və Ali Məhkəmə Plenumunun tələblərindən göründüyü kimi hazırlıq iclasında ərizənin qaytarılması barədə ərizə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır. Birinci instansiya məhkəməsi isə qeyd olunan prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1134/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar