Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3710/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1770/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı X1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bütün qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq 150 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1770/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı X4 (nümayəndəsi Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin şərtlərinə görə:
1. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat məbləğində aliment ödəməyə razıdır.
2. İddiaçı X4 xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat məbləğində aliment ödənilməsi şərti ilə razıdır. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini, barışıq sazişinin təsdiq edlməsinin nəticələrinin ona izah olunduğu üçün aydın olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X4 barışıq sazişinin təsdiq edilməsini, barışıq sazişinin təsdiq edlməsinin nəticələrinin ona izah olunduğu üçün aydın olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən, ... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, eləcə də məhkəmə tərkibi tərəfindən barışıq sazişinin təsdiq edlməsinin nəticələri tərəflərə izah olunduğundan və bunun onlara aydın olduğunu bəyan etdiklərindən təsdiq edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1770/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə iddiaçı xüsusi olaraq iddiasından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyir. Məhkəmə tərkibi də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki qeyd olunduğu kimi, tərəf xüsusi olaraq iddiadan imtina etmir. Mübahisə predmeti ilə bağlı mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qəraraaldı:
İddiaçı X1 və Cavabdeh təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat aliment ödəyir;
2. İddiaçı X4 xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat aliment ödənilməsini qəbul edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1770/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.