Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3716/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əli oğlunun Cavabdeh MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və qızından ibarət tərkibdə, İddiaçı Əli oğlunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mmülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-150/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Əli oğlu Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakdan xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək faktiki istifadəyə görə 125.558 manat haqqın və hazırkı iddianın verilməsinə görə ödənilmiş 451 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 150/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraatın ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır.
3. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 150/2025 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən verilmiş e-2(004)- 150/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadın özündə açıq şəkildə göstərilmişdir ki, “Qərardadın icraatın dayandırılmasına dair hissəsindən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.” Həmin qərardadda heç bir yerdə şikayətin yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilməli olması qeyd edilməmişdir. Əksinə, iş üzrə tərəfindən təqdim olunan digər sənədlər də poçt vasitəsilə və ya birbaşa məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən qəbul olunmuşdur. Eyni qaydada, xx.xx.2025-ci il tarixində verilmiş şikayət ərizəsi də MMC-nin nümayəndəsi tərəfindən şəxsən məhkəməyə təqdim edilmişdir. Bu baxımdan, yalnız təqdimetmə üsuluna görə şikayətin qəbul edilməməsi prosessual hüquqların pozulması və formal yanaşma ilə izah olunur. Həmçinin, məhkəmənin gəldiyi nəticə hüquqi baxımdan əsassızdır, çünki şikayət yalnız ekspertiza təyin edilməsi ilə deyil, bütövlükdə xx.xx.2025-ci il tarixli qərardadın ləğv olunması ilə bağlı olmuşdur. Qərardadın həm icraatın dayandırılması, həm də ekspertiza təyin olunması hissəsi bir-biri ilə bağlıdır və ekspertiza təyin edilməsi məhz mübahisəli və hüquqi baxımdan əsassız əsaslarla icraatı dayandırmaq üçün göstərilmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllədə əlavə və ya təkrar ekspertiza təyin edilməsi barədə qərardan şikayətin verilməsini qadağan edən hər hansı norma mövcud deyil. Bu işdə ekspertiza təyin edilməsi icraatın dayandırılmasına səbəb olmuş, yəni konkret hüquqi nəticə doğurmuşdur, buna görə də həmin qərardad ümumi qaydada apellyasiya qaydasında şikayət oluna bilən aktdır.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
11. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və elektron imza ilə təsdiq edilməklə deyil, qələmlə imza edilərək kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir.
14. Habelə, şikayət Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir.
15. Həmçinin qeyd olunur ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə iş üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadlarından şikayətin verilməsi nəzərdə tutulsa da, iş üzrə ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
16. Cavabdeh ekspertizanın təyin edilməsi hissəsində qərardaddan narazı qaldığı təqdirdə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qərardada olan etirazını qətnamədən apellyasiya şikayəti verdiyi təqdirdə şikayətə daxil edə bilər.
17. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.