Məhkəmə qərarları › İş №2(103)-3719/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3719/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3719/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı QBKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 3672/2024 nömrəli qərardadından İddiaçı QBKT MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməyib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən olunur ki, hazırkı iddiaya münasibətdə müqavilə ilə və ya qanunla məhkəməyə qədər (pretenziya qaydasında) nizamlanma nəzərdə tutulmayıb. Tərəflərin arasındakı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 6.2-ci bəndinin göstərişi isə məhkəməyə qədər (pretenziya qaydasında) nizamla kimi qəbul edilə bilməz. Belə ki, həmin bəndə görə, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanına müraciət edəcəkdir. Həmin bənddə bunun ardınca qeyd olunub: “Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz”. Beləliklə, qərardad ləğv edilməli və iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3672/2024 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar