Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-372/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, MK/58081/88/36 saylı kredit sazişi bağlanmış və şəxsi istehlak məqsədləri üçün illik 18 faiz olmaqla 24 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit müqаviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyacağına dair öhdəlik götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 18562.35 manat əsas borc, 1830.13 manat faiz borc, 1761.74 manat cərimə, cəmi 22154.22 manat məbləğində borcun və ödənilmiş 157 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-869/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilərək cavabdehlərdən xx.xx.2022-ci il tarixli, MK/58081/88/36 saylı kredit sazişi üzrə birgə qaydada 18562.35 manat əsas, 1830.13 manat faiz borcu, 300 manat cərimə borcu, cəmi 20692.48 manat məbləğində borc və 157 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Həmçinin tələb edilən cərimə məbləği (1761.74 manat) əsas borca mütənasib deyil və tənasübsüz surətdə yüksək məbləğ olduğundan azaldılmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425, 442, 448 , 467. 472, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, cərimə və faiz borcunun silinməsi, kredit məbləğinin aylara bölünərək qrafik üzrə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmiş, borc düzgün hesablanmamışdır. Məhkəmə tərəfindən cərimə tənasübsüz yüksək hesab olunsa da tam olaraq silinməmiş və ya yetəri qədər azaldılmamışdır. Öhdəliyini icra edir, boyun qaçırmır, sadəcə borc məbləği həddən artıq şişirdilmişdir. Maddi imkanı olmadığı üçün gecikmələri olmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən kredit müqaviləsinin və həmin müqaviləyə əlavənin şərtlərini və müqavilənin bağlanma müddətini nəzərə almamışdır. Həmçinin, kreditora ona 06 ay müddətinə möhlət verilməsinə dair müraciət etmiş, lakin nəzərə alınmamışdır. Belə ki, müqavilənin 2-ci bəndində müqavilənin icra olunma müddəti xx.xx.2023-cü il tarix göstərilmişdir. Bundan əlavə borc müqaviləsinin 7-ci bəndində “ödəniş müddətinin keçməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra ifadəsi” yer almışdır, lakin kreditor tərəfindən ona hər hansı bildiriş təqdim edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnaməni Cavabdeh1 mübahisələndirdiyindən, iddiaçı və digər cavabdeh apellyasiya şikayəti vermədiyindən Kollegiya qətnamənin əsaslılığını yalnız Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə iddianın təmin olunan hissəsində tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. İddiaçı cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.
17. İddiaçının tələbi 18562.35 manat əsas borc, 1830.13 manat faiz borc, 1761.74 manat cərimə, cəmi 22154.22 manat məbləğində borcun və ödənilmiş 157 manat məbləğində dövlət rüsumunun tutulması barədədir.
18. Birinci instansiya məhkəməsi iddianı əsas və faiz borcunun tutulması hissəsində əsaslı sayaraq tam təmin etmiş, dəbbə borcunu isə azaldaraq 300 manat müəyyən etmişdir.
19. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən borcun məbləğini maliyyə arayışına əsasən müəyyən etmişdir.
20. Cavabdeh1 apellyasiya şikayətində faiz və cərimə borcunun düzgün hesablanmadığını qeyd etmiş və ekspertiza keçirilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
23. İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış kredit borcunun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.
24. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 20 dekabr 2024-cü il tarixli, 9/8578 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kredit müqaviləsi üzrə borcalanın Banka xx.xx.2023-cü il tarixə, yəni müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə 18561,64 manat əsas, 1466,37 manat faiz borcu olmaqla, cəmi 20028,01 manat olduğu müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcunu nəyə görə müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə deyil, məhz iddia tələbi həddində müəyyən etdiyini qətnamədə əsaslandıra bilməmişdir.
26. Məhkəmə kollegiyası borc ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməli və əsas və faiz borcunun məbləği müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə uyğun gələn əsas borc üzrə 18561,64 manat, faiz borcu üzrə 1466,37 manat həddində müəyyən edilməlidir.
27. Cərimə borcunun məbləğinə gəldikdə isə, birinci instansiya məhkəməsi həmin hissədə borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Məhkəmə kollegiyası tələb olunan əsas və faiz borcunun məbləğini, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunu 300 manat məbləğində təmin etməklə düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə Kollegiyası həmçinin izah edir ki, apellyatorun kredit məbləğinin aylara bölünərək qrafik üzrə ödənilməsi barədə tələbi hazırkı apellyasiya baxışının predmeti deyildir. Ərizəçi həmin qətnamənin hissə-hissə icra olunması barədə ərizə ilə icra məmuruna müraciət edə bilər.
31. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdehlərdən tutulacaq əsas borcun məbləği 18561,64 (on səkkiz min beş yüz altmış bir manat altmış dörd qəpik) manat, faiz borcunun məbləği 1466,37 (min dörd yüz altmış altı manat, otuz yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.