Məhkəmə qərarları › İş №2(103)-3720/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3720/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3720/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi X1 nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-602/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 346/11 nömrəli, xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2018ci il tarixə Cavabdeh Ləğv prosesində olan İddiaçı X5rşısında əsas borc üzrə 25.000 (iyirmi beş min) manat, faiz borcu üzrə 28.000 (iyirmi səkkiz min) manat, cərimə borcu üzrə 18.650 (on səkkiz min altı yüz əlli) olmaqla, cəmi 71.650 (yetmiş bir min altı yüz əlli) manat borcun və Ləğv prosesində olan İddiaçı X7 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-602/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdım olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxxx 2012-ci il tarixdən hesablanması və iddianın rədd edilməsi düzgün deyil. Çünki məhkəmənin də öz qətnaməsində qeyd etdiyi kimi cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir.Mülki Məcəllənin 380-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Deməli cavabdeh tərəfindən sonuncu ödəniş edildikdən sonra iddia müddətinin axımı yenidən başlayaraq üç il müddətinə hesablanmalı idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 bildirdi ki, şəxs borcundan 5000 manat ödəniş edib və bununla da iddia müddətinin axımı kəsilib. Mülki Məcəllədə iddia müddəti axımının kəsildiyini göstərən hərəkətlərin iddia müddətinin axımında baş verməsi tələb olunmur. Hesab edir ki, iddia müddəti axımı kəsilib və buna görə də qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli 346/11 nömrəli bərpaolunan təminatsız kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 (on iki)ay müddətinə 18% dərəcəsi ilə 25.000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı X4 xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə əsas borc üzrə 25.000 (iyirmi beş min) manat, faiz borcu üzrə 28.000 (iyirmi səkkiz min) manat, cərimə borcu üzrə 18.650 (on səkkiz min altı yüz əlli) olmaqla, cəmi 71.650 (yetmiş bir min altı yüz əlli) manat borcu vardır. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, xx xxxxxxx 2011-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx xxxxxxx 2012-ci il tarixdə bitmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti xx xxxxxxx 2015-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 4 il 15 gün sonra ödəniş etməsi, iddia müddətinin keçməsini istisna etmir. Çünki, qeyd olunan ödəniş 3 il müddət, yəni iddia müddəti keçdikdən sonra edilmişdir. Bu fakt isə iddia müddətinin ötürülməsinə təsir etmir və iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-602/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi X1 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar