Məhkəmə qərarları › İş №2(103)-3721/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3721/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3721/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «aliment miqdarının artırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1868/2023 saylı, 03 aprel 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-839/2010 nömrəli, 20 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 50 (əlli) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-4835/2017 nömrəli, 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 120 (yüz iyirmi) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, Məsimova Zəhra Rəşad qızı iki tərəfli 3-4-cü dərəcəli neyorosensor ağır eşitmə, iki tərəfli koxlear nevrit. Anadangəlmə. Nitq pozulması intelekt ləngiməsi.Miqren diaqnozu ilə xx.xx.2027-ci ilədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir.

4. X1 Audiometriya formundan görünür ki, Məsimova Zəhra Rəşad qızı “iki tərəfli orta dərəcəli mix (qarışıq) tip eşitmə zəifliyi” xəstəliyindən əziyyət çəkir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğinin və uşağın sağlamlığında mövcud olan ciddi xəstəliklərin müalicəsi üçün əlavə xərc şəklində 300 (üç yüz) manat, ümumilikdə 520 (beş yüz iyirmi) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış sonuncu qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdüyündən onun məsrəfidə yetərincə artmışdır. Zəhra Məsimova sağlamlıq imkanları məhdud uşaqdır. Belə ki, bir neçə tibb müəssisələrinin arayışlarından da görünür ki, uşağın hər iki qulağında orta dərəcəli sensonevral ağıreşitmə diaqnozu mövcuddur. Bununla əlaqədar müalicə məqsədi ilə bir müddət əvvəl iddiaçı uşağı Türkiyəyə aparmış, həkim müayinəsindən sonra da xüsusi bir cihazın alınması tövsiyə olunmuşdur. Həmin cihazın məbləği 2000 (iki min) manat dəyərindədir. İddiaçının hal hazırda həmin cihazı almağa heç bir maddi imkanı olmadığından uşağın müalicəsidə yarımçıq qalmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1868/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi (hakim Ruslan Mirzəliyev) ilə iddia tələbinin qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4835/2017 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin və 50 (əlli) manat müalicə pulunun tutularaq İddiaçı ödənilməsi; alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızının xəstəliyi ilə bağlı cavabdehin hər ay 300 manat məbləğində müalicə pulu tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü Məsimova Zəhra Rəşad qızı “iki tərəfli orta dərəcəli mix (qarışıq) tip eşitmə zəifliyi” xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyacı vardır. Lakin iddiaçı müalicəyə görə cavadehdən tutulmalı olan pulun məbləğinin zərurətini iddia tələbində əsaslandıra bilməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə qismən yəni 50 manat məbləğində təmin edilməsi daha ağlabatandır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayətində göstərilir ki, qətnamə prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir, qanunsuz və əsassızdır. Qətnamədə iddiaçının tələbinin “aliment miqdarının artırılması” tələbi göstərilsə də, iddia ərizəsində aliment miqdarının artırılması və əlavə xərc tələbinin verilməsi görünür. İddia ərizəsi icraata qəbul edilməməli idi. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Aliment miqdarının artırılması və əlavə xərclərin bir iddia ərizəsində birləşdirilməsi mümkün deyildir. İddia ərizəsi və məhkəmə qətnaməsindən görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan iki tələbi - aliment miqdarının artırılması və əlavə xərclər tələbini bir iddia ərizəsində vermiş, məhkəmə də prosessual hüquq normalarını pozaraq icraata qəbul etmiş və qətnamə çıxarmışdır. Bu pozuntu qətnamənin ləğvi üçün əsasdır. Bundan başqa, o, məhkəmə iclasında iştirak edən zaman ikinci nikaha girmək barədə nikah haqqında şəhadətnamənin, həmin nikahdan doğulmuş iki uşağın doğum haqqında şəhadətnamələrinin surətləri və əmək haqqı barədə arayışı təqdim etmişdi. Ya qətnamədə, ya da elektron kabinetdə həmin sənədlər görünmür. İddiaçı hansı xərcləri çəkməsi ilə bağlı məhkəməyə sənəd təqdim etmişdir. Məhkəmə qətnaməsi qanuni və ədalətli olmalıdır. Əmək haqqı barədə arayışdan görünür ki, o, Mingəçevir şəhərində yerləşən Samux şadlıq sarayında kababçı işləyir və aylıq maaşı 345 (üç yüz qırx beş) manat təşkil edir. Bir uşağın saxlanması üçün əlavə xərclə birlikdə 270 (iki yüz yetmiş) manat pul ödəyə bilərmi. 75 manat pulla ikiazyaşlı uşağı, özü və arvadı dolana bilər mi? Hər iki valideyn uşaqlarını saxlamağa borcludur. İddiaçı sağlamdır, heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə 270 (iki yüz səksən) manat pulun iddiaçıya verilməsini müəyyən edərkən onun, arvadının və iki azyaşlı uşağının yaşamasını nəzərə alınmamış, yəqin bilmişdir ki, acından ölməlidirlər.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

11. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda cavabdehin mövqeyini tam əsassız hesab edərək onun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və iddiaçının mövqeyini belə əsaslandırmışdır ki, Mingəçevir Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(051)- 4835/2017 nömrəli qətnaməsi ilə tərəflərin övladı Zəhra Məsimovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Buna baxmayaraq, hazırda uşağın 13 yaşı var Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış sonuncu qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdüyündən onun məsrəfi də yetərincə artmışdır. Uşağın təlim-tərbiyəsi və tədrisi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı üçün çox çətindir. Buna görə də, iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manata çatdırılmalıdır. Eyni zamanda, iddiaçı ilə cavabdehin övladı Zəhra Məsimova sağlamlıq imkanları məhdud uşaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli məlumatından görünüir ki, Məsimova Zəhra Rəşad qızının sağlamlıq imkanları məhdud uşaq hesab edilərək iki tərəfli 3-4-cü dərəcəli neyorosensor ağır eşitmə, iki tərəfli koxlear nevrit, anadangəlmə nitq pozulması intelekt ləngiməsi cavabı verilmişdir X1 Audiometriya formundan görünür ki, Məsimova Zəhra Rəşad qızı "iki tərəfli orta dərəcəli mix (qarışıq) tip eşitmə zəifliyi" xəstəliyindən əziyyət çəkir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi zatən birinci instansiya məhkəməsi tərəfindən tam təmin olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv olunması xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin artırılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

27. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə rəsmi nikah münasibətlərindən olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər, o cümlədən ikinci dəfə nikah bağlaması və həmin nikahdan da iki uşağının olması alimentin artırılmasının rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2023-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 220 manat olmuş və bu məbləğin azaldılması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. 28.Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının rədd edilməsi üçün əsas ola bilməzdi.

29. İddiaçı uşağın sağlamlığında mövcud olan ciddi xəstəliklərin müalicəsi üçün əlavə xərc şəklində 300 (üç yüz) manat tələb etsə də, məhkəmə bu məbləği 50 manat müəyyən etmişdir. Uşağın sağlamlıq imkanlarının məhdud olmasına dair işdə mötəbər sübutlar mövcuddur. Qeyd olunan xəstəliklərə görə iddiaçının əlavə xərclər çəkməsinə dair də işdə sübutlar mövcuddur. Bu cür vəziyyətdə qətnamənin həmin hissədə ləğv edilməsi üçün də ciddi əsas olmalıdır.

30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1868/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1868/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar