Məhkəmə qərarları › İş №2(103)-3721/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3721/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3721/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-480/2025 nömrəli 12 may 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilməmiş borcun əvəzi olaraq 14.700 (on dörd min yeddi yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 134,1 (yüz otuz dörd manat 10 qəpik) manat, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(001)- 480/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 14700 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, eləcə də İddiaçı MMC tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş 320 manat, dövlət rüsumu qismində ödənilmiş 134,10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin ekspertiza xərci 198 manat (60+138=198) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa edilərək, apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd edilən qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 22 may 2025-ci il tarixki qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət belə əsaslandırılmışdır ki, çıxarılmış məhkəmə qətnaməsindən qanunla müəyən edilmiş müddətdə və qaydada apellyasiya şikayəti vermişdir, lakin sima imzası ilə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin apellyasiya şikayəti, elektron kabinet vasitəsi ilə asan imza ilə imzalanmalıdır. Ekranda təqsdiqlənmiş yazıda da şikayət məhkəmənin elektron bazasına yerləşməmişdir. Odur ki, həmin halı üzürlü hesab edilməsini məhkəmədən xahiş edir və göstərilənləri nəzərə alaraq apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(001)- 480/2025 saylı qətnaməsi 18 fevral 2025-ci il tarixli məktubla Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və 24 fevral 2025-ci il tarixdə “Abdullayev” soyadlı şəxs həmin ünvanda qətnaməni xəbərnaməyə imza etməklə qəbul etmişdir. Göründüyü kimi, mübahisələndirilən qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilmiş və sözügedən qətnamə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh şikayətində qeyd edir ki, şikayəti sima imzası ilə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin apellyasiya şikayəti, elektron kabinet vasitəsi ilə asan imza ilə imzalanmalıdır. Kollegiya qeyd edir ki, qeyd edilən məsələlər məhkəmə aktından şikayət verən şəxsin öz məsuliyyət dairəsinə aiddir olmaqla, buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-480/2025 nömrəli 12 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar