Məhkəmə qərarları › İş №2(103)-3724/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3724/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3724/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1626/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20000 manat məbləğində pulun alınaraq ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh 20000 manat məbləğində pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Elvin adlı şəxs vasitəsilə tanımışdır. Onun tikinti-təmir işlərində briqadir kimi fəaliyyət göstərib. Bu zaman ondan notarius vasitəsilə borca 20.000 manat pul alıb və bu günə qədər də qaytarmayıb. Bunu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi təsdiq edir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, "Borc verən" qismində İddiaçı “Borc alan” qismində Cavabdeh 20000 manat məbləğində pulu borc verir. Kredit müqaviləsinin 2-ci bəndinə görə, "Borc alan" (Cavabdeh) krediti xx.xx.2022-ci il tarixinədək "Borc verənə" (İddiaçı) qaytarmağı öhdəsinə götürür. Lakin bugünə qədər Cavabdeh 20000 manat məbləğində pul borcundan ona geriyə heç nə qaytarmamışdır.

4. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1626/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia qismən təmin edilməsi, Cavabdeh 20000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 150 manat məbləğində pulun alınaraq İddiaçı geri ödənilməsi, ödəniş sistemində ********* nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün artıq məbləğdə ödənilmiş 30 manat dövlət rüsumu bu ödənişi həyata keçirən İddiaçı büdcədən geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, İddiaçıla aralarında bağlanmış mübahisəli müqavilə əslində formal xarakter daşımışdır. Belə ki, iddaçı ilə ortaq tanışı olan Elvin Əsgərov arasında borc söhbəti olmuş, həmin borcun qaytarılmasına Elvin ondan köməklik göstərməsini xahiş etmişdir. O da müəyyən vaxt qazanmaq müqabilində İddiaçıla formal olaraq guya onun İddiaçı 20000 manat borcu olmasına dair mübahisəli borc müqaviləsi bağlamışdır. Notariusun depozitinə qoyulmuş həmin 20000 manat pul İddiaçı tərəfindən formal qaydada bank faizi ödənilməklə hesaba oturulmuş və şəxsən İddiaçı tərəfindən də götürülmüşdür. İddiaçı ona həmin pulu verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli müqavilənin hansı şəraitdə bağlandığını və həqiqəti əks edib etmədiyini, müqavilədə göstərilən məbləğin həqiqətən də cavabdehə verilib-verilməməsini araşdırmamış və bunu aydınlaşdırmaq üçün cavabdehin məhkəmə baxışında iştirakı təmin edilməmişdir. Cavabdehin məhkəmə iclasına gecikməsinin səbəblərinin üzürlü olub olmaması aydınlaşdırılmadan, habelə cavabdehin mübahisəyə mövqeyi öyrənilmədən onun hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda ad təsdiq etdi ki, borc müqaviləsinə əsasən iddiaçının bank hesabına yerləşdiyi 20.000 manat məbləğində pul vəsaitinin alınması barədə bank məxaric qəbzinə özü işmza etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi və göstərdi ki, cavabdehlə iddiaçı arasında bundan əvvəllər də borcu münasibətləri olmuş, hazırkı borc pulu da cavabdeh öz ehtiyacları üçün almış, məxaricə özü imza atmış, sadəcə olaraq vaxt qazanmaq üçün əsassız şikayət vermişdir. Sübutların tədqiqi:

9. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində İddiaçı – borc verən, Cavabdeh - borc alan olmaqla bağlanmış 3M-126 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, borc verən borc alana 20000 manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndi: "Borc alan" krediti xx.xx.2022-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür.

10. xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 20000 manat məbləğində pul notariusun (X2) depozit hesabına ödənilmişdir.

11. xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 40 manat məbləğində xidmət haqqı ödənilmişdir.

12. 764410424 nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasəna Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

16. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

17. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

18. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

19. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

22. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı

24. olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

26. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası tərəflərin fikrlərini dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, mülki işin materiallarından göründüyü kimi cavabdeh və iddiaçı arasında notarial qaydada xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. İddiaçı tərəfindən 20000 manat məbləğində pul notariusun depozit hesabına ödənilmişdir. Cavabdeh məhkəmə iclasında pul vəsaitinin götürülməsi barədəki qəbzi şəxsən imzaladığını təsdiq etmişdir. Lakin həmin Müqaviləyə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinədək kredit borcunu iddiaçıya qaytarmağı öhdəsinə götürməsi nəzərdə tutulsa da, həmin borc cavabdeh tərəfindən qaytarılmamışdır.

30. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi və kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini, yəni 20.000 manat pul vəsaitini cavabdehə verilməsini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan borcu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Həmin borcun məbləği iş materiallarında olan ödəniş qəbzi ilə də sübut edilmişdir. Belə olan halda, iddiaçı həmin borc pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

31. Cavabdeh apellyasiya şikayətində borc müqaviləsinin formal xarakter daşıdığını, iddiaçı tərəfindən ona borc pul verilmədiyini qeyd edir.

32. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, hazırkı halın sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Ona borc pul verilmədiyini bildirən cavabdeh bunu sübut etməlidir. Hazırkı halda 20.000 manat pulun müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən banka yerləşdirilməsini, eləcə də həmin pulun bankdan götürülməməsinə dair məxaric qəbzinin onun özü tərəfindən imzalandığını cavabdeh təsdiq etmişdir. Bununla da müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

33. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:

34. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayət vermiş şəxsin özünə aid edilməlidir.

36. Hazırki qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan çox olduğundan MPM-in 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilər.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı rayon məhkəməsinin 2(010)-1626/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar