Məhkəmə qərarları › İş №2(103)-3727/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3727/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3727/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1325/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM1922B4617564 saylı kredit müqaviləsindən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC borcalana 60 ay müddətinə illik 20 % ödəmək şərti ilə 5700 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.

2. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi maliyyə arayışından görünür ki, X2 xx.xx.2019- cu il tarixli BPM1922B4617564 saylı kredit müqaviləsi üzrə 4546,51 AZN əsas, 0,01 manat faiz borcu vardır.

3. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X2 vərəsəsi Cavabdeh miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin Daşınmaz Əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********EP30312 nömrəli arayışa və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014 tarixində X4 verilmiş **********84-05301-093114 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,91 kv/m, yaşayış sahəsi 30,14 kv/m, yardımçı sahəsi 21,77 kv/m, 2 otaqlı mənzildən ibarətdir.

4. "xxxx" ASC tərəfindən borclu X2 vərəsəsi oğlu Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsii Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 4546.51 manat əsas borc, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu olmaqla, cəmi 4546.52 manat və ödənilmiş 65.47 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli BPM**********64 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 20 %-lə, 60 ay müddətinə 5700 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 139665 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1493 nömrəli məktubdan görünür ki, Cavabdeh 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 4546.51 manat əsas borc, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu olmaqla, cəmi 4546.52 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-27439/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1325/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın təmin edilməsi Cavabdeh əsas borca görə 4546,51 manat, faiz borcuna görə 0,01 manat olmaqla, ümumilikdə 4546,52 manat məbləğində pul vəsaiti, həmçinin 65,47 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739, 743, 1151.1, 1146, 1243.2, 1255, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfimdən dekabr ayından banka borc üzrə ödəniş olmamışdır. Sonuncu ödənişi 16 noyabr 2020-ci il tarixdə olsa da, silinmə 2021-ci ilin feval ayında edilib. 3 illik iddia müddəti iddiaçı tərəfindən buraxldığından qanunsuz olaraq mənim ödənişimin 2021-ci ilin fevral ayında olmasını məhkəməyə bildirmişlər. Məhkəməyə təqdim etdikləri arayışda ödənişin 2020-ci ilin noyabrında olması qeyd olunsa da və bundan sonra 3 illik iddia müddəti buraxıldığı halda və mənim bununla bağlı Məhkəməyə müraciətim olsa da məhkəmə qanunsuz və əsassız olaraq qətnamə qəbul etmişdir. Məhkəmə iclaslarının video qeydiyyatına baxılsa görəcəksiniz ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır, lakin bunu mjəhkəmə nəzərə almamışdır. Bankın məqsədi onun borcundan ödəniş etmək qabiliyyətinin olmasını göstərmək və 3 illik iddia müddətinin buraxılmaması məhkəmə yalandan bildirməkdir. Anamın ölüm haqqında şəhadətnaməsini 2020-ci ilin dekabr ayının 21-i banka təqdim etdim, daha sonra bankın idarə heyətinin sədr müavininə də müraciət etdim, lakin danışıqlar alınmadı. Bankda heç bir filial müdürünün 5000 manatdan artıq kredit vermək səlahiyyəti yoxdur. Lakin anama 5700 manat kredit verilmişdir. Bundan başqa özümün Unibank KB ASC-yə 2000 manat borcum vardır. Lakin həmin borc məbləği bank tərəfindən sığorta edilib. Ama anamın krediti sığorta edilməyib. Anam xərçəng xəstəsi olduğundan, krediti bankdan müalicəsi üçün götürmüşdür. İddiaçı sonuncu ödənişdən üç il müddət keçdikdən sonra Məhkəməyə müraciət edərək cavabdehdən pul tələb edir, Məhkəmə iddiaçıya köməklik göstərərək mənim ziyanıma qanunsuz və əsassız qətnamə çıxarır. Bütün yuxaırda qeyd olunan hallar Apellyasiya Məhkəməsində tam araşdırılmalı, işdə olan prosessual və Maddi pozuntulara düzgün qiymət verilməlidir. Eyni zamanda Mülki Məcəllənin tələblərinə əsasən iddia müddətinin buraxılması nəzərə alınmaqla, iddia müddətinin tətbiq olunması ilə İddiaçının iddiasından imtina barədə qərar qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

21. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

23. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

24. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

25. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

27. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda, cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1325/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli BPM1922B4617564 saylı kredit müqaviləsi bağlanmış, "xxxx" ASC borcalana 60 ay müddətinə illik 20 % ödəmək şərti ilə 5700 manat məbləğində kredit vermişdir.

39. X5 xx.xx.2020-ci il tarixində ölmüş, ölümündən sonra 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində 149/2021 reyestr nömrəli vərəsəlik işi açılmışdır.

40. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixində vəfat etmiş X2 vərəsəsi Cavabdehdur.

41. Cavabdeh mərhumdan miras qalmış **********84- 05301-093114 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,91 kv/m, yaşayış sahəsi 30,14 kv/m, yardımçı sahəsi 21,77 kv/m, 2 otaqlı mənzilə tam pay hüququ əldə etmişdir.

42. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018- ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

43. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə X5 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdeh borcalanın mirasını qəbul etsə də, mirasın dəyərindən xeyli az olan öhdəliyini icra etməmişdir. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən, vərəsənin miras payının həcmi qismində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən mirasın dəyəri tələb edilən borc məbləğindən artıq olduğundan iddia əsaslıdır..

44. Kollegiya apellyatorun şikayətinə münasibətdə bildirir ki, kredit borcunu sığortalamaq tərəflərin könüllü istəyindən asılıdır və sığortalanmama tələb hüququnu istisna etmir, eyni zamanda cavabdehin hazırda borcu ödəmək iqtidarında olmaması iddianın rədd edilməsi üçün əsas deyildir.

45. Kollegiya apellyasiya şikayətinin sonuncu ödəmə tarixi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən kredit məbləğinin ödənilməsi ilə bağlı sonuncu əməliyyat tarixi xx.xx.2021-ci ildir. Bu halı təkzib edəcək heç bir sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu səbəbdən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1325/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar