Məhkəmə qərarları › İş №2(103)-373/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-373/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-373/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Dadaşova Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi (direktoru) və eyni zamanda İddiaçı1, Cavabdeh ləğv prosesində olan QSC Cavabdeh KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar “xxxx” MMC-nin və İddiaçı1 cavabdeh QSC Cavabdeh KB-yə qarşı müqavilələrin ləğvi və əmlakın yüklülükdən azad edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar “xxxx” MMC və İddiaçı1 cavabdeh QSC Cavabdeh KB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin, habelə həmin kredit müqaviləsinin təminatı qismində bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavə sazişin ləğv edilməsi, qeyd edilən əlavə saziş əsasında ipoteka ilə əlavə yüklü edilmiş iddiaçı İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi ünvanında yerləşən əmlak kompleksinin (Şamot tozu istehsal sahəsinin) əlavə yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 ilə cavabdeh QSC Cavabdeh KB arasında xx.xx.2013cü il tarixdə 36 ay müddətinə 445600 manat məbləğində kreditin verilməsi məqsədilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində İddiaçı1 ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylı əlavə sazişə əsasən İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı- Rostov şosesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipotekaya qoyulmuşdur. xx.xx.2013-cü il tarixli, 1xx/xx/2742/13 saylı kredit müqaviləsinə əsasən xxxx borcalana 445600 manat məbləğində kredit açır. Borcalana kredit üzrə pul vəsaitləri borcalanın yazılı müraciəti əsasında verilir. Hər bir yazılı müraciətdə kredit üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir. Bankın göstərilən məbləğdə krediti müqavilə ilə müəyyən edilmiş qaydada Borcalana vermək vəzifəsi, Borcalanın müqavilədə göstərilən məbləğdə krediti almaq hüququ vardır. İddiaçılar kredit müqaviləsi ilə müəyyən edilmiş məbləğdə kredit vəsaitindən onlara vəsaitin ayrılması üçün dəfələrlə yazılı şəkildə cavabdeh Banka müraciətlər etmələrinə baxmayaraq, müraciətləri cavabsız qalmış və kredit müqaviləsinin bağlandığı tarixdən bu günədək onlara hər hansı bir vəsait ayrılmamışdır ki, bu da bağlanmış müqavilə üzrə tərəflərdən biri olan cavabdeh Bank tərəfındən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulmasıdır. Belə ki, cavabdeh Bank tərəfindən müqavilə ilə müəyyən edilmiş öhdəliklərin pozulması, yəni müqavilə ilə müəyyən edilmiş kredit məbləğinin onlara verilməməsi müqavilənin açıq-aşkar formada əhəmiyyətli dərəcədə pozulması olub, bu pozuntu onları müqavilə üzrə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Digər tərəfdən, cavabdeh bank tərəfindən icra edilməyən müqavilənin şərtlərinə və tələblərinə əsasən kredit müqaviləsinin əsası olan müqavilənin predmetini təşkil edən kreditin təyinatı istehsal olduğu halda, kreditdən təyinatına uyğun istifadə edilməsi cavabdeh bank tərəfındən təmin edilməmiş, başqa sözlə cavabdeh bank sözügedən vəsaiti kredit müqaviləsinin təyinatına uyğun istifadə etmək üçün onlara nağd və ya nağdsız formada (nağdsız yazılı sərəncam verməklə təyinatına uyğun istifadə etmək üçün) verməmişdir. Bir sözlə, cavabdeh bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ümumiyyətlə icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 3.2-ci maddəsinə əsasən kredit üzrə kredit məbləğinin ödənilməsi məsələsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq xxxx tərəfındən sərəncam qəbul edilməsi qaydasında həll edilir. O cümlədən də, kredit müqaviləsinin 3.4-cü maddəsinə əsasən kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə borcalanın yazılı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.4-cü maddəsinə əsasən xxxx bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalana vurulan zərərə görə məsuliyyət daşıyır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinə əlavə sazişin ləğv edilməsi üçün mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Banka təklif göndərilmiş, lakin təklifdə müəyyən edilmiş müddət ərzində cavabdeh Bankdan təkliflərinə heç bir cavab almadıqlarından iş üzrə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərindən və qanunvericiliyin tələblərindən də göründüyü kimi, müqavilənin digər tərəfi olan cavabdeh Bank müqavilə üzrə vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməmiş, bununla da müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmaqla xxxx tərəfindən öhdəliyin icra edilməməsi səbəbindən müqavilənin ləğv edilməsi üçün zəmin yaratmışdır. Həmçinin sözügedən kredit müqaviləsi bağlanarkən həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində cavabdehlə İddiaçı1 arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylı əlavə saziş bağlanmış və iddiaçıya məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə xxxxun üzərinə düşən öhdəliklər (müqavilə üzrə kredit məbləğinin istehsal təyinatı üçün verilməməsi) cavabdeh bank tərəfindən icra edilmədiyindən iddiaçının əsas öhdəliyi yaranmamışdır. Beləliklə də, əsas öhdəlikdən, başqa sözlə kredit müqaviləsindən kənar mövcud olmayan və müstəqil xarakter daşımayan ipoteka müqaviləsinə əlavə sazişin heç bir hüquqi qüvvəsi yoxdur. Belə olduğu təqdirdə mövcud olmayan əsas öhdəliklə bağlı imzalanmış ipoteka müqaviləsinə əlavə saziş də ləğv edilməlidir. Cavabdeh QSC "Bank Standart" KB isə "xxxx" MMC-yə və İddiaçı1 qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair qarşılıqlı iddia qaldırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(009)- 4339/2016 saylı qətnaməsi ilə “xxxx” qismində QSC Cavabdeh Kommersiya Bankının “Elm” fılialı ilə “Borc alan” qismində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinin ləğv edilməsi, “xxxx” qismində QSC Cavabdeh Kommersiya Bankının “Elm” filialı ilə “İpoteka qoyan” qismində İddiaçı1 və “Borc alan” qismində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylı əlavə sazişin ləğv edilməsi, xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylı əlavə saziş əsasında ipoteka ilə əlavə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi ünvanında yerləşən əmlak kompleksinin (Şamot tozu istehsal sahəsinin) 6 saylı əlavə saziş üzrə əlavə yüklülükdən azad edilməsi qət edilmişdir. Qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna əməl edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən baxılmamış saxlanılmışdır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti vermiş, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxxx 2016-cı il tarixli qərarı ilə QSC Cavabdeh Kommersiya Bankı müflis elan olunmuş və hal-hazırda bank ləğv prosesindədir. Bank ləğv prosesində olduğuna görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraat dayandırılmalı idi. Bundan əlavə, məhkəmə əmlakı ipoteka yüklülüyündən azad edərkən nəzərə almamışdır ki, xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsinə əlavə saziş qismində 5 dəfə saziş bağlanmış, həmin sazişlər hal-hazırda qüvvədədir və bu sazişlərə əsasən sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir. Məhkəmə 6 saylı əlavə sazişi ləğv edərkən ondan əvvəl bağlanmış sazişlərə münasibət bildirməmişdir. Bank tərəfindən ilk iddiaya qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə qarşılıqlı iddialar verilsə də, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibət bildirməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(009)-4339/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(009)- 4339/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(009)-4339/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Türhan Quliyev apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı1 isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(009)- 4339/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, QSC Cavabdeh Kommersiya Bankının “Elm” filialı ilə “xxxx” MMC-nin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank borc alana 445600 manat məbləğində kredit açmağı, borc alan isə həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə pul vəsaitlərini qəbul edərək həmin kreditə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən borcalana kredit üzrə pul vəsaitləri onun yazılı müraciəti əsasında verilir və hər bir yazılı müraciətdə kredit üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir. Eyni zamanda kredit müqaviləsinin şərtlərinə əsasən kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə borcalanın yazılı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. Kreditdən istifadə müddətinin başlanğıcı isə müqavilənin şərtlərinə əsasən kreditin borcalanın hesabına köçürüldüyü təqvim günündən hesablanır. Kredit müqaviləsi üzrə Borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə tərəflər xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 6 saylı Əlavə Saziş bağlamış və həmin Sazişə əsasən fiziki şəxs X2 mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar cavabdehlə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinə xx.xx.2013-ci il tarixli 6 saylı əlavə sazişin ləğv edilməsini xahiş etmişlər. İddiaçılar xx.xx.2016-cı il tarixdə mübahisəli kredit və ipoteka müqaviləsinə əlavə sazişin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərmiş və 5 gün müddətində onlara məlumat verilməsini xahiş etmişlər. Həmin təklif xx.xx.2016-cı il tarixdə rəsmi qaydada bank tərəfindən qəbul edilmiş, lakin göstərilən müddət ərzində bank tərəfindən iddiaçıların təklifinə hər hansı cavab verilməmişdir. Bank tərəfindən iddiaçıların bu təklifinə hər hansı cavab verilmədiyindən, iddiaçılar xx.xx.2016-cı il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən bu qənaətə gəlmişdir ki, cavabdeh bank kredit müqaviləsi üzrə üzərinə 445600 manat məbləğində kredit açması və kreditin istehsal üçün verilməsi ilə bağlı öhdəlik götürsə də, onun tərəfindən bu öhdəliklər yerinə yetirilməmiş, nəticədə iddiaçı tərəf müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdeh QSC Cavabdeh KB tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan və cavabdehin bu hərəkətləri müqavilənin ləğv edilməsi üçün əsas olduğundan, məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin bu qənaətə gəlmişdir ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımadığına və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlandığına görə, habelə xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia əsaslı olduğuna görə xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 6 saylı əlavə sazişin ləğv olunması barədə tələb də əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Belə ki, işdə olan sübutlardan görünür ki, xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsi üzrə QSC Cavabdeh KB “xxxx” MMC-yə 445600 manat məbləğində kredit açılması öhdəliyini götürsə də, öhdəliyə əməl etməmişdir. Bu hal kredit müqaviləsi üzrə pulun ayrılmasını təsdiq edən hər hansı mötəbər sübutun (kassa məxaric orderi, pulun iddiaçının hesabına köçürülməsini və iddiaçı tərəfindən həmin vəsaitə sərəncam verilməsini təsdiq edən sənədlər) olmaması ilə sübuta yetir. Qeyd olunan halla bağlı cavabdeh bankın dəlili bundan ibarətdir ki, xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsi üzrə 445600 manat məbləğində pul Bank tərəfindən ayrılmış və iddiaçının həmin bankda olan gecikmiş borclarına silinmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinin 5.1.10-cu bəndinə əsasən, borc alan tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silmək bankın hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin təyinatı istehsal olduğu halda, kreditdən təyinatına uyğun istifadə edilməsi cavabdeh bank tərəfindən təmin edilməmiş, cavabdeh bank həmin vəsaiti kredit müqaviləsinin təyinatına uyğun istifadə etmək üçün onlara nağd və ya nağdsız formada verməmişdir. Cavabdeh bankın nümayəndələri müqavilənin qeyd olunan tələblərinə əməl etmədiyini, yəni müqavilənin təyinatına uyğun olaraq kredit vəsaitini ayırmadığını açıqaşkar etiraf etmişlər. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 3.2-ci maddəsinə əsasən kredit üzrə kredit məbləğinin ödənilməsi məsələsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq xxxx tərəfındən sərəncam qəbul edilməsi qaydasında həll edilir. Cavabdeh bank müqavilə qüvvəyə mindikdən sonra borcalanın müraciətlərinə əsasən pul məbləğlərinin verilməsi ilə bağlı hər hansı sərəncam verməmişdir. Bundan əlavə, müqavilənin 5.1.10-cu bəndinə əsasən, bank yalnız borc alan tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silmək hüququna malikdir. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, borcalan tərəfindən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə hansı şərtlərin pozulması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan əlavə, xx.xx.2013-cü il tarixdə imzalanmış müqavilə üzrə vəsait ayırıb ondan 1 gün sonra müqavilənin 5.1.10-cu bəndinə, yəni borc alan tərəfindən müqavilə şərtlərinin pozulmasına istinad etməklə həmin vəsaitin silinməsi qanunsuz olmuşdur. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: QSC Cavabdeh KB məhkəmə qərarı ilə müflis elan olunduğuna görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraatın dayandırılmalı olması ilə bağlı apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Banklar haqqında” Qanunun 72.1.2-ci və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2017-ci il tarixli Qərarına əsasən bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı xxxx tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də hazırkı tələb iflas prosesində olan banka qarşı xxxx tələb yox, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələb olduğuna görə hazırkı iş üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsinə əsas yoxdur. Bundan əlavə, əmlak ipoteka yüklülüyündən azad edilərkən xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsinə əlavə saziş qismində 5 dəfə saziş bağlanması, həmin sazişlərin halhazırda qüvvədə olması və bu sazişlərə əsasən sözügedən əmlakın ipoteka ilə yüklü edilməsi, 6 saylı əlavə sazişi ləğv edərkən ondan əvvəl bağlanmış sazişlərə məhkəmə tərəfindən münasibət bildirilməməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi həcmində qətnamə çıxararaq yalnız xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 6 saylı əlavə sazişin ləğv edilməsini qət etmiş, əmlakı yalnız həmin əlavə saziş üzrə əlavə yüklülükdən azad etmişdir. Bu barədə iddia tələbi olmadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq digər əlavə sazişlərə münasibət bildirməmişdir. Bank tərəfindən ilk iddiaya qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə qarşılıqlı iddialar verilsə də, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddiaya münasibət bildirilməməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı QSC Cavabdeh KB tərəfindən “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən, Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən xx xxxxxxx 2016-cı il tarixli qərardadla birinci instansiya məhkəməsi qarşılıqlı iddianı baxılmamış saxlamışdır. QSC Cavabdeh KB həmin qərardaddan şikayət verməmiş, xx xxxxxx 2016-cı il tarixli məktubla Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmiş, sənədlər geri qaytarılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin bu dəlili də əsassızdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(102)-2972/2019 saylı qərarında apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı olan hallara dair yazılı göstərişlər verilmişdir. Belə ki, Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilən kredit müqaviləsi xx xxxxx 2013-cü il tarixdə bağlandığı halda, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2016-cı il tarixdə, yəni 3 ildən sonra müraciət etməsinin, həmçinin sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, onların nəyə görə xx xxxxxx 2015-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etmələrinin səbəbləri araşdırılmamış, xx xxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə məbləğin borcalanın həmin bankdakı digər borclarına silinib-silinməməsini və sair halları aydınlaşdırmaq məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisələndirilən kredit müqaviləsi xx xxxxx 2013-cü il tarixdə bağlandığı halda, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2016-cı il tarixdə, yəni 3 ildən sonra müraciət etməsi, həmçinin sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, onların xx xxxxxx 2015-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etmələri hazırkı iddianın rədd edilməsinə əsas ola bilməz. Təkrar apelyasiya icraatı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 29195 saylı rəyinə əsasən, QSC Cavabdeh KB ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı, xx.xx.2011-ci il tarixli 170/03/979/11 saylı və xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqavilələri üzrə “xxxx” MMC-nin ödənişlərinə dair ödəniş sənədləri (qəbzləri və ya ödəniş tapşırıqları) olmadığından, “xxxx” MMC tərəfindən göstərilən kredit müqavilələrindən hansı birinə ödəniş edildiyini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsinin, xx.xx.2010-cu il tarixli 01 saylı, xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2012-ci il tarixli 04 saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin QSC Cavabdeh KB-yə olan borcu xx.xx.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsi, xx.xx.2010-cu il tarixli 01 saylı, xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2012-ci il tarixli 04 saylı əlavə sazişlər üzrə tam ödənilmişdir. MKR-dən çıxarışda ********** saylı kredit müqaviləsi üzrə borcun xx.xx.2013cü il tarixdə tam bağlanması göstərilmişdir. İddiaçının cavabdehə xx.xx.2011-ci il tarixli 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 77917,05 manat borcunun olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin verilməsinə dair xidmət haqqı (komisyon haqq) nəzərdə tutulmamasına baxmayaraq, təqdim edilmiş çıxarış məlumatlarına əsasən verilmiş kredit məbləğlərinə görə 29097,77 manat məbləğində xidmət haqqı (komisyon haqq) tutulmuşdur. Müqavilədə xidmət haqqı nəzərdə tutulmadğı nəzərə alındıqda müəyyən edilmiş 77917,05 manat məbləğində borc qalığından hesablanmış 29097,77 manat məbləğində xidmət haqqı çıxıldıqda 48819,28 manat məbləğində borc müəyyən edilir. Rəydə həmçinin qeyd olunmuşdur ki, xx.xx.2013-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 445600 manat məbləğində pul vəsaiti köçürülmüş, həmin tarixdə həmin məbləğ xx.xx.2010-cu il tarixli 01 saylı, xx.xx.2011-ci il tarixli 02 saylı, xx.xx.2012-ci il tarixli 04 saylı əlavə saziş və xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsi üzrə banka olan borclara silinmişdir. xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaiti həmin müqavilənin şərtlərinə əsasən digər kredit müqavilələri üzrə kredit borclarına silinə bilməzdi. Halbuki, həmin 445600 manat məbləğində ayrılmış kredit vəsaitinin bank tərəfindən tərtib edilmiş hesabdan çıxarışlarda digər kredit vəsaitlərinə silinməsi görsənir. Hazırkı ekspertiza tədqiqatı zamanı digər müqavilələr üzrə hesablamalar aparılarkən 445600 manat məbləğində vəsaitin əvvəlki kreditlərə silinməsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ləğv prosesində olan QSC Cavabdeh KB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(009)- 4339/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 400 manat pul Ləğv prosesində olan QSC Cavabdeh KB-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar