Məhkəmə qərarları › İş №2(103)-373/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-373/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-373/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 qızının cavabdehlər X5, Cavabdeh1 və X3 qarşı “mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair 2-1293/2001 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 qızı cavabdehlər X5, Cavabdeh1 və X3 qarşı iddia qaldıraraq Bakı şəhəri Nəsibbəy Yusifbəyli (keçmiş Leninqrad prospekti) küçəsindəki 25/27 saylı evə yaşayış hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 ilə nikahlarını xx xxxxx 1997-ci ildə qeyd etdirməklə evlənmiş, həmin tarixdə keçirilən toy mərasimindən dərhal sonra digər cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin gəlmiş, cehiz əşyalarını özü ilə gətirmiş, onlarla birlikdə mübahisəli evdə yaşayaraq birgə təsərrüfat aparmış, 1997 və 2000-ci ildə iki uşağı doğulmuşdur. Son vaxtlar cavabdehlərin ona qarşı olan münasibətləri dəyişmiş və nəticədə onu xx xxxx 2001-ci il tarixdə mübahisəli evdən qovmuşlar. Hesab edir ki, əri S.Hüseynovun və digər cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin gələrək onlarla birlikdə yaşadığı və birgə təsərrüfat apardığı üçün həmin evə yaşayış hüququ əldə etmişdir və buna görə də həmin ünvana köçürülməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X1 qızının Bakı şəhəri Nəsibbəy Yusifbəyli küçəsindəki (keçmiş Leninqrad prospekti) 25/27 evə yaşayış hüququnun tanınması və onun, iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-1293/2001 saylı qətnaməsinin ləğv edilməsini və işin obyektiv araşdırılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərə məhkəmə iclasının vaxtı barədə bildiriş məhkəmə tərəfindən göndərilməmiş, bu səbəbdən də məhkəmə iclasında iştirak etməmişlər və hüquqları pozulmuşdur. Bildirir ki, Şükürova (Hüseynova) Gülbəniz Xanoğlan qızı xx.xx.1997-ci ildə onların oğlu X9 ilə hamilə vəziyyətdə nikah qeydiyyatından keçib ailə qurub. Bu səbəbdən də aralarında narazılıq yaranıb, evində yaşamağa qoymamışdır. Şükürova (Hüseynova) Gülbəniz Xanoğlan qızı ailə qurduqdan sonra oğlu ilə birlikdə anası Şükürova Elmiranın evində yaşamışlar. Onların yaşadığı evə isə arada qonaq kimi gəlmişlər. İddiaçı onunla birlikdə yaşamamış, ümumi təsərrüfatı idarə etməmiş, onun cehiz əmlakı onun evinə gətirilməmiş, cehiz əmlakı da anasının evində olmuşdur. İddiaçı öz övladlarını onların mənzilinə iştirakları olmadan xx.xx.2001-ci il tarixdə çıxarılan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığı xx.xx.2001-ci il tarixində sonra qeydiyyata saldırmışdır. Həmin tarixə qədər nə iddiaçı, nə də uşaqları onların evində yaşamamışlar və qeydiyyatda olmamışlar. İddiaçının məhkəməyə təqdim etdiyi şahidlər iddiaçı tərəfindən sifarişlə gətirilmiş şahidlərdir. Bunların heç biri onların evində olmamış, X8 iddiaçının anasının qonşusu olmuş, Səidə Nəbiyeva iddiaçının rəfiqəsidir, X7 və Hüseynova Zöhrə Məhərrəm qızını ümumiyyətlə tanımırlar, onlarla heç bir əlaqələri olmamışdır, onların evə gəlib-getməmişlər. Onların məhkəmə prosesində iştirak edə bilmədiklərinə görə iddiaçı tanışlarını, yəni öyrədilərək onun xeyrinə ifadə verməyə təhrik edilən şahidlər gətirmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 və onun, həmçinin digər Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, X9 ilə X1 qızı xx xxxxx 1997-ci ildə tarixdə rəsmi nikaha daxil olmuş, mübahisəli evə cehiz əşyaları ilə gəlin köçmüş, cavabdehlərlə birlikdə mübahisəli evdə yaşayaraq birgə təsərüfat aparmış, xx xxxxxxx 1997 və xx xxxxxx 2000-ci ildə iki uşağı doğulmuşdur. İddiaçı cavabdehlər tərəfindən xx xxxx 2001-ci il tarixdə mübahisəli evdən qovmuşlar. Birinci instansiya məhkəməsindəki icraat zamanı ifadə vermiş şahidlər X8, X13, X10 və Hüseynova Zöhrə Məhərrəm qızı bildirmişlər ki, iddiaçı X1 qızı 1997-ci ildə Bakı şəhəri, N.Yusifbəyli küçəsindəki 25/27 saylı evə gəlin gəlmiş, 2001-ci ilin iyun ayına qədər cavabdehlərlə birlikdə həmin evdə yaşamış, birgə təsərrüfat aparmış, həmin dövrdə onun iki uşağı doğulmuş, 2001-ci iln iyun ayında cavabdehlər tərəfindən mübahisəli evdən qovulmuşdur. Bakı şəhəri Nəsibbəy Yusifbəyli küçəsindəki 25/27 saylı evdə cavabdehlər və iddiaçının iki uşağı qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabar icarə müqaviləsindən irəli gələn bütün hüququlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Baxılan hazırkı iş üzrə iddia əsaslıdır və birinci instansiya məhkəməsi iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1293/2001 saylı mülki iş üzrə xx xxxxxx 2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar