Məhkəmə qərarları › İş №2(103)-3731/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3731/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3731/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(003)- 3195/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 ,Cavabdeh2, Cavabdeh3 Balaağa qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3889.3 manat məbləğində əsas, ona hesablanmış 436.51 manat məbləğində faiz borc, ipoteka predmetinə turma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.7 kv.m olan 12 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Balaağa qızının, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.7 kv.m olan 12 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC ilə borcalan Cavabdeh1 arasında 07 noyabr 2018-ci tarixli, 105810-602745/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "İddiaçı" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.7 kv.m olan 12 saylı mənzil 07 noyabr 2018-ci il tarixli, 105810-602745/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 30.06.2020-ci il tarixli, 001/007/2636/2020 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh1 01.07.2020-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(003)-3195/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 3889.3 manat məbləğində əsas borc, 436.51 manat məbləğində faiz borcu, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı, cəmi 4386.21 (dörd min üç yüz səksən altı manat iyirmi bir qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1ə yönəldilməsi və ilkin satış qiyməti 50 000 (əlli min) manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Balaağa qızı, Cavabdeh4 və Cavabdeh5 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları və evin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğin Cavabdeh1 qaytarılması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3195/2020 saylı iş üzrə 19.11.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və ondan tutulmalı olan borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı Şəhəri Xəzər rayon Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3195/2020 saylı 19.11.2020-ci il saylı qətnaməsi ilə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassızdır. Belə ki, işə baxılan zamanı ondan tutulmalı olan borcun birdəfəlik deyil hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Birinci istansiya məhkəməsi isə iş üzrə qətnamə qəbul edərkən bu hala qiymət vermədiyini və borcun tam şəkildə tutulması barədə qətnamə qəbul etdiyini bildirmişdir. Həmçinin baxmayaraq ki, o, borcun ödənilməsinə etiraz etmir və borcu ödəməyə razıdır, birinci instansiya məhkəməsi onun və digər cavabdehlərin ipoteka predmeti olan evin hərracda satılması və boşadılması qərarına gəlmişdir. Hesab edir ki, iş üzrə ədalətli qərar qəbul olunmamışdır. Ona görə də həmin qətnamə ləğv edilərək iş üzrə ədalətli qərar qəbul edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 07.11.2018-ci il tarixli 105810-602745/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında borc alana 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 6000 manat verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07.11.2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə tərəflər arasında bağlanmış həmçinin 07.11.2018-ci il tarixli 105810-602745/1 saylı kredit müqaviləsinin təminatı olmaqla Cavabdeh1 məxsus 50 000 manat dəyərində qiymətləndirilmiş ünvan 1in ipoteka ilə yüklü edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağanmış müqavilə üzrə həmin 04.08.2020-ci il tarixə 3889.3 manat əsas borcu, 436.51 manat faiz borcu, cəmi 4325.81 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1 xüsusi mülkiyyətindədir və İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildirişlərin və xəbərdarlıqların surətlərindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin ünvan 1-ə yönəldilməsi proseduruna başlayacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 məxsus ünvan 1-ə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh2, Cavabdeh3 Balaağa qızı, Cavabdeh4 və Cavabdeh5 notarial qaydasında təsdiq edilmiş ərizələrində ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi əsasında kredit alaraq həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1-ə yönəldilməsi, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə kollegiyası eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair (50 000 manat) tərəflər arasında ipoteka ilə yüklü edilərkən razılaşma olmuş, hazırda isə cavbadeh həmin qiymətlə razıdır. Məhkəmə kollegiyası iddia tələbinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ipoteka predmeti olan əmlakdan çıxarılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsinə dair ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, elcədə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində borcu mübahisələndirdiyini bildirsə də, əslində borcu hissə-hissə ödəməyə razı olduğunun nəzərə alınmamasından narazı olduğunu göstərmişdir. Beləliklə məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 3889.3 manat məbləğində əsas borc, 436.51 manat məbləğində faiz borcu, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq İddiaçı ASCyə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan ünvan 1-ə yönəldilməsi və ilkin satış qiyməti 50000 manat olmaqla açıq hərracdan satılması, o, satıldıqdan sonra cavabdehlər tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh1 qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(003)-3195/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar