Məhkəmə qərarları › İş №2(103)-3733/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3733/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3733/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3733/2025 (Açar sözlər: borc tələbi; borc müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı, X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-890/2025 nömrəli 17 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 25 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 255.000 manat pul borc verir. “Borc alan” borcu xx.xx.2025-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür.

2. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmiş, İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, X4 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və iddiası yoxdur. Gələcəkdə də heç bir iddiası, tələbi və şikayəti olmayacaqdır.

3. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı müqavilənin ləğv edilməsi və borcun tam həcmdə geri qaytarılması barədə Cavabdeh1 xəbərdarlıq etmişdir.

4. AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı 212.000 ABŞ dolları pul vəsaitinin X5 və övladı Cavabdeh1 tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə BMCMİ-də aparılan araşdırma zamanı İddiaçı tələbi təmin edildiyindən o, təkrar ərizə ilə müraciət edərək şikayətinə baxılmasının dayandırılmasını xahiş etdiyi üçün müraciəti işə alınaraq BMCMİ-nin Katibliyində saxlanılır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə əsas borc 255.000 manat və 545 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 255.545 manat məbləğində pulun cavabdehlərdən tutulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlanmış və notariat qaydasında təsdiqlənməklə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən o, Cavabdeh1 255.000 manat məbləğində faizsiz borc vermişdir. “Borc alan” götürdüyü borcu xx.xx.2025-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin altıncı bəndinə əsasən borc alan borcu tamamilə və ya hissə-hissə ödəməli idi. Tərəflər arasında razılığa əsasən isə borc aylar üzrə bərabər hissələrlə ödənilməlidir. Razılaşmaya baxmayaraq və cavabdeh hər dəfə tezliklə borcun qaytaracağını bildirsə də, borcun hər hansı hissəsinin qaytarılmasını təmin etməmişdir. Borcun ödənilməsi üçün cavabdehlə dəfələrlə görüşüb məsələnin həll edilməsi tələb edilmiş, daha sonra da iddiaçı aralarında bağlanan müqaviləni bitmə vaxtından əvvəl ləğv elədiyini və borcun tamamilə qaytarmasını bildirərək rəsmi olaraq prenteziya göndərmişdir. Lakin cavabdeh pretenziyanı almaqdan imtina etmişdir. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Bundan başqa, razılaşma əsasında cavabdeh 255.000 manat məbləğində borcu hissə-hissə ödəməli olduğu halda ödəməyib, həmin məbləği özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərəklə ondan faydalanır, iddiaçının hesabına varlanır.

7. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə əsas borc 255.000 manat və 545 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 255.545 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdеhə məхsus ünvan 1 ünvanında yеrləşən qеyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan еdilməsini хahiş еtmişdir. Məhkəmə tərəfindən yuхarıda qеyd olunan qеyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan еdilmişdir. Daha sonra, Cavabdeh2 məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ona məxsus olduğunu qeyd etmişdir. İddiaçıda olan məlumata görə, cavabdehlərin - Cavabdeh1 və Cavabdeh2 qohumluq münasibətləri vardır və yuxarıda qeyd olunan əmlak məqsədli şəkildə formal olaraq digər cavabdehə bağışlanılmışdır. Hesab edir ki, Cavabdeh2 da cavabdehlərin sırasına əlavə olunmaqla ona qarşı da iddia tələbi irəli sürülməlidir.

9. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tamamilə qanunsuz və əsassız olmaqla ilkin iddia üzrə İddiaçı hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Əslində İddiaçı ilə onun arasında belə bir razılaşma olmamışdır. İddiaçı məhkəməyə yanlış məlumatlar təqdim etmiş, müqavilə şərtlərini düzgün şərh etməmiş və ərizə prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli “Borc” müqaviləsinin 2-ci bəndinə əsasən “borc alan” borcu xx.xx.2025-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq “borc verən” müəyyənləşdirilmiş müddəti gözləmədən müqavilənin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. İlkin iddia üzrə iddiaçı göstərmişdir ki, tərəflər arasında razılığa əsasən aylar üzrə bərabər hissələrlə ödənilməlidir, lakin bunun müqavilənin hansı bəndində şərtləşdirildiyi və nə zaman razılaşdırıldığı barədə heç bir əsaslandırma aparmamışdır. O, müqavilənin bağlandığı zaman borcun tezliklə qaytarılacağı barədə qarşı tərəfə heç bir vəd verməmişdir. Vurğulanmalıdır ki, müqavilənin icra müddətinin bitməsinə hələ 4 ay vardır. Bundan başqa, iddiaçı ona hər hansı məktub, bildiriş, pretenziya və s. təqdim etməmişdir. Cavabdeh İddiaçı onun atası X4 ilə mübahisələri olmuş, iddiaçının AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etdiyi şikayət ərizəsi ilə bağlı araşdırma aparılmış, atası şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2024-cü il tarixdə onunla mübahisələndirilən müqavilə bağlandıqdan sonra material üzrə araşdırmaya yekun vurulmuşdur. xx.xx.2024- cü il tarixdə bağlanan Borc müqaviləsi formal olaraq İddiaçı təkidli tələbi ilə həyata keçirilmiş, notariat kontorunda ona heç bir məbləğ ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə eyni notariat ofisində İddiaçı onun atasına qarşı heç bir şikayət və iddiasının olmaması barədə ərizə hazırlanmışdır. Onunla İddiaçı arasında olan xx.xx.2024-cü il tarixli müqavilə bağlandığı andan etibarsız olmuş və əslində iddiaçı ona heç bir borc verməmişdir.

11. Məhkəmə sorğusu əsasında "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tariхdə təqdim olunmuş kassa məxaric qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə borc müqaviləsi üzrə 255.000 manat Cavabdeh1 ödəniş edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-890/2025 nömrəli 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsi etibarsız hesab edilməsi, ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri 25 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 255.000 manat borcunu qaytarmadığı üçün ondan tutulmalı olmasını iddia еdir. Müqavilə 1 il müddətinə bağlanılmış və müqavilənin altıncı bəndində borc alanın müqavilə üzrə öhdəliyinin icrasını tamamilə və ya hissə-hissə notariusun vasitəsilə həyata kеçirilməsi qеyd еdilmişdir. xx.xx.2024-cü il tariхdə İddiaçı tərəfindən Cavabdeh1 müqavilənin ləğv edilməsi və borcun tam həcmdə ona geri qaytarılması barədə xəbərdarlıqla bağlı pretenziya göndərməsini bildirsə də, iş matеriallarında olan Е-R Еksprеss Souuеr Sеrvis adlı qurumun bildirişdən görünür ki, хəbərdarlıq ünvana çatlırılmamışdır. Müqavilənin bitməsinə 5 ay qalmış ilk iddiaçı hazırki iddia ilə müraciət еtmişdir. Cavabdеh həqiqətən də xx.xx.2024-cü il tarixli Borc müqaviləsinin onun tərəfindən imzalanmasını inkar еtməmiş, lakin ilk iddianı еtiraf еtməsə də, etirazın əslində bu müqavilənin formal olaraq bağlanması və müqavilədə göstərilən pul məbləğinin onun tərəfindən götürülməməsi əsası ilə əsaslandırmışdır.

14. Məhkəmə həmçinin müəyyən etmişdir ki, məhkəmə sorğusu əsasında "xxxx" ASC tərəfindən təqdim olunmuş kassa məxaric qəbzlərində xx.xx.2025-ci il tarixdə borc müqaviləsi üzrə 255.000 manat məbləğin Cavabdeh1 ödəniş edilməsi görünsə də, təqdim еdilmiş vidеogörüntülərdə İddiaçı ASC-nin Buzovna filialına bir nəfər şəхslə daхil olması, həmin şəхsin Cavabdeh1 ilə kassaya yaхınlaşması, əlindəki pulu kassaya təqdim еtməsi, sonuncunun pulu almaq barədə qəbzi imza еdəndən sonra kassadan vеrilən pulu da götürməsi aydın müşahidə еdilir.

15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 borc vеrməklə əlaqədar notarial qaydada müqavilə bağlanması niyyətini bildirməklə yanaşı faktiki olaraq notariusa bu barədə vеrdiyi məlumat həqiqəti əks еtdirməmiş və sonuncu da Cavabdeh1 kassa mədaхil qəbzindəki imzasına əsasən onun borc pulu almasını müəyyən еdərək bu müqaviləni təsdiqləmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, 212.000 ABŞ dolları pul vəsaitinin ələ kеçirilməsi ilə bağlı X5 və övladı Cavabdeh1 BMCMİ-yə müraciət еdən İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmiş ərizəsi ilə X4 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilməsi faktını təsdiq еtmişdir. Bеlə olan halda İddiaçı tərəfindən də еyni tariхdə, еyni məkanda onun hüquqlarını pozan, sonra da ona dəymiş maddi ziyanı ödəyən şəхsin oğluna 255.000 manat pul borc vermək niyyətinin olması və vеrməsi ağlabatan mühakiməyə uyğun gəlmir.

17. Məhkəmənin qənaətinə görə aralarındakı yaş fərqi tərəflərin hər hansı dostluq, yoldaşlıq münasibətlərində və ya iş birliyində olmalarını da tam təsdiq еtməməklə yanaşı İddiaçı hətta Cavabdeh1 atası ilə birlikdə pul mənimsəməkdə günahlandırması faktı da onların mübahisəli və münaqişəli münasibətlərdə olmasınıı təsdiq еdir və əgər yoldaşlıq və ya işbirliyi ilə əlaqədar münasibətləri olmuş olsa idi bеlə İddiaçı Cavabdeh1 hеç bir girov qarşılığı olmadan külli miqdarda borc pul vеrməsinə dair izahatlarını məhkəmə inandırıcı saymır. Buna bariz nümunə kimi İddiaçı Cavabdeh1 bu borcu istəməsi faktının olması ilə yanaşı onu vеrməkdə də məqsədinin nədən ibarət olmasını, borcun qaytarılmasının təminatı kimi girov istəməməsinin səbəblərini açıqlaya bilməməsini, yalnız notariat tərəfindən təsdiqlənmiş müqavilənin mövcudluğuna istinad еtməsini göstərmək kifayət еdərdi.

18. Məhkəmə hеsab еtmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə borc müqaviləsi əsasında Cavabdeh1 faktiki olaraq 255.000 manat pulu borc olaraq verməsi ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə hеsab еtmişdir ki, ilk iddia Cavabdeh1 anası Cavabdeh2 münasibətdə də əsassız olmuşdur. Bеlə ki, əvvəla o iş üzrə borc müqaviləsinin tərəfi dеyildir, ikincisi də İddiaçı ona qarşı iddiasının dəlillərində göstərilənlər Cavabdeh2 qеyd еdilən müqavilə üzrə onun qarşısında mülki məsuliyyət daşıyıcısı olmasına hüquqi əsas yaratmır.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.1.5, 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1-337.5, 339.1, 340.1, 340.2, 351.1, 404, 425, 442, 739.1, 739.2, 740.1, 740.2, Mülki Prosessual Məcəllənin 14.2, 77, 80, 106.1, 216-220 və 233 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, videogörüntüdə müşahidə olunan şəxslər birgə olaraq, kassanın yerləşdiyi ofisə daxil olurlar, kassaya yaxınlaşırlar, pul kassaya təhvil verilir, müvafiq sənədlər imzalanır, pul kassadan alınır və bir müddətdən sonra da birgə kassadan uzaqlaşıb, oranı tərk edirlər. Cavabdeh1 tərəfindən imzalanmış, ona tərəflər arasında borc müqaviləsinə əsasən 255.000 manat məbləğin kassadan verildiyinə dair kassa məxaric qəbzinin mövcud olduğu təqdirdə, cavabdehə pulun verilmədiyi və ya onun pulu almadığının müəyyən edildiyinin qeyd edilməsi, ən azından iş üzrə mövcud dəlillərin təhrif edilməsidir. Qeyd edilməlidir ki, şəxsə pulun verilməsi son olaraq, kassa məxaric orderinə imza edib, pulu kassadan götürülməsi ilə tamamlanmış olur. Cavabdeh kassadan pulu götürəndən sonra, onu kiməsə verməsi və ya gəldiyi şəxsin onun yanında pulu götürməsi kimi mövcud ola bilən hallarda sonuncunun kassadan pulu almadığı kimi qiymətləndirilə bilməz. Digər tərəfdən bir anlıq fərz etsək belə ki, həmin borc pul Cavabdeh1 verilməyib və ya əlindən zorla alınmışdır, belə olan halda şəxsin bu 1 ilə yaxın keçən müddət ərzində hər hansı bir şikayət və tələbinin olmaması nə dərəcədə ağlabatandır? İddiaçı və Cavabdeh1 atası X4 ilə yaxın dostluq münasibətləri olmuş, bu səbəbdən Cavabdeh1la İddiaçı arasında da yaxın münasibət formalaşmışdır. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə diqqət yetirsək, əslində ilkin iddia üzrə cavabdehin borc münasibətlərinin mövcud olduğunu faktiki olaraq etiraf etməsini görə bilərik. Belə ki, qarşılıqlı iddiada qeyd olunur ki, "...xx.xx.2024-cü il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən, "borc alan" borcu xx.xx.2025-ci il tarixədək "borc verənə" qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq "borc verən" müəyyənləşdirilmiş müddəti gözləmədən müqavilənin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. Bu isə mövcud qanunvericiliyin və razılaşmanın tələblərinə tamamilə ziddir. Vurğulanmalıdır ki, müqavilənin icra müddətinin bitməsinə hələ 4 ay vardır. Belə olan halda hazırkı iddia tələbinin irəli sürülməsi düzgün deyildir". Göründüyü kimi, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan faktları tam aydınlaşdırmamış, borclu tərəfin mövqeyindən çıxış etməklə, dediklərini üstün saymış, iddiaçının irəli sürdüyü faktiki hallara diqqət yetirməməklə tərəflər arasındakı bərabərlik prinsipinin şərtlərini pozmuş, iş üzrə müəyyən edilən halları nəzərə alınmamış və hüquqi qiymətdən kənarda saxlamışdır. Bu da əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdehin (ilkin iddiaçının) nümayəndəsi-vəkili apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, onun təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, Kamranın atası Akifin ona 212.000 ABŞ dolları borcu yaramışdır. O, Akiflə dost olmuşdur, birlikdə hərbi xidmətdə olmuşlar, hərbi xidmətdən sonra dostluq əlaqələri davam etmişdir. Bir gün Akif ona yaxşı gəliri olan biznes fəaliyyəti təklif etmiş, o da razılaşmışdır. Onunla Akif arasında iş birliyi olmuşdur. Ümumilikdə 4 nəfər şərikli fəaliyyət göstərmişlər. Nəticədə Akifin onların hər birinə ayrı-ayrılıqda borcları yaranmışdır. Tək ona borcu 212.000 ABŞ dolları təşkil etmişdir. Akifin mülkiyyətində qeyri-yaşayış obyekti olan restoranı var idi. Razılaşmışlar ki, Akif restoranı satıb şəriklərə olan borclarını qaytaracaq, lakin bir müddət sonra məlum olmuşdur ki, Akifin başqa şəxslərə də borcu var. Şəriklərlə restoran barədə razılıq əldə edildikdə o, borcun 12000 ABŞ dolları hissəsini bağışlamışdır. Lakin Akif restoranı əvvəlcə oğlu Kamrana bağışlamışdır. Bundan sonra o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Müraciət etmişdir. O özü təqaüddə olan polis və ədliyyə polkovnikidir. Müraciətindən sonra Akif Əliyev həmin idarəyə çağırılmışdır. Akif həmin idarədə olarkən onu da ora çağırmışlar. O da öz növbəsində idarəyə getmiş, Akifi orada görmüş, orada Akif ona borcundan müəyyən müddət ərzində 200.000 manatını qaytara biləcəyini bildirmişdir. Həmin vaxt o, qalan 200.000 ABŞ dolları borcundan da 50.000 ABŞ dollarını bağışlamışdır. Nəticədə 150.000 ABŞ dolları borc qalmışdır. O, həmin idarənin rəisi Əbülfət Rzayeva zəng edərək, Akifi incitməməyi, ondan şikayətinin olmadığını bildirmişdir. Həmin vaxt Akifin oğlu Kamranla danışmış, razılaşmışlar ki, Kamranla 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat məbləğinə dair borc müqaviləsi bağlasınlar. Müqavilə bağlanarkən Akif də orada olmuşdur. Notariusun depozit hessabına yerləşdirilən pulu özü gətirmiş və özü ilə aparmışdır. Razılaşmaya əsasən müqavilə bağlandıqdan sonra o, Akif Əliyev barəsində şikayətçi olmaması barədə notarial ərizə vermişdir. Akifin, Kamranın və onun razılığına əsasən onun qarşısında Akifin yerinə oğlu Kamran borclu kimi çıxış edir. Müqavilənin məhz Kamranla bağlamağının səbəbi o olmuşdur ki, gələcəkdə müqavilə icra edilməyəcəyi təqdirdə tutmanın mülkiyyətdə olan restorana yönəldilməsi mümkün olsun. Lakin müqavilə bağlandıqdan sonra məlum olmuşdur ki, Kamran da öz növbəsində obyekti anası Cavabdeh2 bağışlamışdır. Məhz buna görə sonuncunu da cavabdeh kimi işə cəlb etmişdir.

25. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onun təmin edilməməsini və birinci instansiya məhkməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir.

29. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

30. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.

31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

33. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

37. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

39. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin birbirinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

40. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

41. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

42. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

43. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

44. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

48. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

49. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

50. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

54. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

55. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

56. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

57. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

58. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

64. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri

65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

67. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir.

69. İşin hallarından göründüyü kimi Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 25 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” “Borc alana” 255000 nmanat pul borc verir. “Borc alan” borcu xx.xx.2025-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür.

70. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiqlənmiş, İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, X4 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və iddiası yoxdur. Gələcəkdə də heç bir iddiası, tələbi və şikayəti olmayacaqdır.

71. İddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş pretenziyadan görünür ki, İddiaçı müqavilənin ləğv edilməsi və borcun tam həcmdə ona geri qaytarılması barədə xəbərdarlıq etmişdir.

72. Hazırda iddiaçı qeyd edilən müqavilə üzrə 255.000 manat borcunu tələb edir, cavabdeh isə həmin müqavilənin etibarsızlığına istinad edir.

73. Cavabdeh tərəfindən təqdim edilən səs yazısından müəyyən edilmişdir ki, o, həqiqətən də iddiaçıdan pul almamışdır. Notariat ofisinə pulu iddiaçı gətirib depozit hesabına yerləşdirib, əməliyyatlar bitdikdən sonra isə özü ilə aparmışdır.

74. Apelyasiya baxışında İddiaçı da fləşkartda səs yazısı təqdim edərək bildirimişdir ki, əslində tərəflər arasında cəmi bir danışıq (söhbət) olmuş və hər iki tərəf də aşkar şəkildə həmin danışığı qeydə almışdır, danışıq 25 dəqiqə 44 saniyə davam etmişdir, cavabdeh tərəfin təqdim etdiyi səs yazısı da məhz həmin danışığın qısaldılmış hissəsidir, ona görə də xahiş edir ki, həmin səs yazısı tam dinlənilsin, birinci instansiya məhkəməsində xəstə oluduğu üçün səs yazısını təqdim edə bilməmişdir.

75. Cavabdehin nümayəndəsi-vəkili də etiraf etmişdir ki, tərəflər arasında cəmi bir danışıq (söhbət) olmuşdur və hər iki tərəf həmin danışığı qeydə almışdır. Təqdim etdikləri səs yazısı da həmin danışığın bir hissəsidir.

76. Kollegiya qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının təqdim etdiyi səs yazısı cavabdehin səs yazısının tam versiyası olduğundan, yeni sübut hesab olunmur və araşdırılması mümkündür.

77. Cavabdeh1 təqdim etdiyi səs yazıları qısa olmaqla ümumi məzmundan çıxarılmışdır. İddiaçı tərəfindən təqdim edilən səs yazısı 25:44 dəqiqə davam edir.

78. İddiaçının təqdim etdiyi səs yazısı dinlənildikdə müəyyən olunur ki, həmin danışıqlar (söhbət) İddiaçı, Cavabdeh1 və sonuncunun atası Akif Əliyev arasında aparılır. Cavabdeh1 iddiaçıya təklif edir ki, borc müqaviləsi onunla bağlansın və o, 1 il müddətində 150.000 ABŞ dollarını qaytarmağı öhdəsinə götürür. Nəticədə İddiaçıla Cavabdeh1 arasında Akif Əliyevin borcunun Kamran Əlyevin qəbul etməsinə və buna dair borc müqaviləsi bağlamağa dair razılıq əldə olunur.

79. Cavabdeh1 İddiaçı obyekti girov qoymağın mümkün olmadığını bildirirək, əvəzində onun özünün Fazil Əliyevlə borc müqaviləsi bağlamasını təklif edir. Müzakirələrdən sonra tərəflər Cavabdeh1lə İddiaçı arasında borc müqaviləsi bağlamağa razılaşırlar.

80. Hazırda iddiaçı müqavilə ilə rəsmiləşdirilmiş borcun qaytarılmasını tələb edir, cavabdeh isə borc müqaviləsi ilə ona hər hansı məbləğdə pul verilmədiyini bildirərək, həmin müqavilənin etibarsız olmasını bildirir.

81. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 iddiasının qanuni əsası kimi Mülki Məcəllənin həm əhəmiyyətsiz əqdlərdən bəhz edən 340-cı, həm də mübahisələndirilən əqdlərdən bəhz edən 339-cu maddəsinə istinad etmişdir.

82. Birinci instansiya məhkəməsi də formal olaraq Mülki Məcəllənin 337-340-cı maddələrini sadalamaqla, qarşılıqlı iddianı ona görə təmin etmişdir ki, borc müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh1 hər hansı məbləğdə pul verilməsi müəyyən olunmamışdır. Lakin məhkəmə həmin əqdi konkret hansı əsasla etibarsız hesab etməsini açıqlamamışdır. Qarşılıqlı iddia ərizəsindən və qətnamədən müəyyən etmək olmur ki, xx.xx.2024-cü il tarixli borc müqaviləsi əhəmiyyətsiz yoxsa mübahisə edilən əqd kimi etibarsız sayılmışdır.

83. Ona görə də Kollegiya qarşılıqlı iddianın əsaslılığını hər iki etibarsız şərtləri daxilində yoxlamaq qərarına gəlir.

84. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.

85. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

86. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (m. 337.1). Mülki hüquqda etiğarsızlığın daha iki növü müəyyəndir (müvafiq razılıq alınmadığına görə etibarsız olan əqdlər və məhkəmə aktı ilə etibarsız hesab olunan əqdlər), ancaq hazırki işdə həmin növ etibarsızlıq halları müzakirə predmetini təşkil etmir.

87. Qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.

88. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

89. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Həmin səbəblərin müxtəlifliyi etibarsızlığın da fərqli növlərini meydana gətirir.

90. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (m. 337.3.). Bu əqdlər forma və məzmun tələblərinə riayət olunmadan bağlanmış, uydurma və yalan əqdlər hesab olunurlar (düzələ bilməyən etibarsızlıq).

91. Hazırki işə münasibətdə əqdin forma və məzmun tələblərinə riayət olunmuşdur. Odur ki, əhəmiyyətsizliyin digər əsasları (uydurma və yalan) nəzərdən keçirilə bilər.

92. Uydurma əqd zamanı tərəflərin real hüquq münasibətlərinə girmək və həqiqi hüquqi nəticə yaratmaq məqsədləri olmur. Əqd yalnız görunuş yaratmaq məqsədilə bağlanır. Uydurma əqdin əlaməti – real icranın olmamasıdır.

93. Yalnız bir tərəfin vicdansız niyyəti əqdin uydurma olması üçün əsas təşkil etmir.

94. Uydurma əqdin tərəfləri başqalarının gözündə bağladıqları əqdin «qanuni» olması görüntüsünü yaratmaq üçün onun bütün formal tərəflərinə əməl edirlər. Adətən uydurma əqdin məqsədi – kreditorlardan əmlakı gizlətmək və ya digər şəkildə aktivlərin itirilməsinə yol verməmək olur. Məsələn, əmlakından məhrum olmaq istəməyən borclu onu bağışlama, alqı-satqı və s. əqd üzrə qohumunun və ya başqa şəxsin adına rəsmiləşdirir. Başqa sözlə, uydurma əqd zamanı hər iki tərəf eyni mənafedən çıxış edir və vahid məqsəd güdür.

95. Uydurma əqd başqa əqdi pərdələyə və yalan əqdin elementlərini özündə əks etdirə bilər. Məsələn, tərəflər vəsaitlərin köçürülməsi barədə razılığa gəliblər, ancaq bilirlər ki, bu baş verməyəcək. Burada əvəzli əqd əvəzsiz əqdi pərdələyir.

96. Göründüyü kimi, əqdin uydurma olması üçün hər iki tərəfin də bunun üçün birbaşa niyyəti olmalı, onların hər ikisi də eyni mənafedən çıxış etməli və real (hüquqi) nəticə gözlənilməməlidir. Yəni, əqd ancaq kağız üzərində rəsmiləşdirilmiş vəziyyətdə qalmaqla icra olunmur. Uydurma əqd, bir qayda olaraq, onda iştirak edən tərəflərdən birinin mənafeyi baxımından (əmlakı mümkün gələcək bölgüdən yayındırmaq, borc öhdəliyi üzrə tutmanın gələcəkdə əmlaka yönəldilməsinin qarşısını almaq məqsədilə) bağlanır.

97. Göstərilən hallar hazırki işdə müəyyən olunmur, ona görə də xx.xx.2024-cü il tarixli borc müqaviləsinin uydurma əqd olması nəticəsinə gəlmək mümkün deyil. Tərəflərin müqavilə ilə başqalarının gözündə bağlanmış əqdin qanuni olması görüntüsünü yaratmaq kimi niyyətlərinin olması, eyni məqsəd güdməsi və eyni mənafedən çıxış etməsi müəyyən olunmur.

98. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanan əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarları).

99. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı).

100. Yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.

101. Tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu MM-nin 340.2ci maddəsinin tətbiqi üçün kifayət deyil.

102. Yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

103. Göstərilən hallar da hazırki münasibətlərdə müəyyən ounmur, yəni xx.xx.2024-cü il tarixli borc müqaviləsinin başqa əqdi pərdələməsi halı mövcud deyil, ona görə həmin müqavilənin yalan əqd olması nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur.

104. Mübahisələndirilən əqdlər, onu bağlayan şəxsin iradəsinin zədələnməsi halında baş verir. Yəni, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə belə əqd mübahisə edilən əqd sayılır (m. 339.1-339.4-cü və 347).

105. Tərəfin iradə ifadəsinin zədələnməsi hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində baş verir, belə hallarda əqd mübahisələndirilməklə etibarsız hala gəlir (Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı).

106. İradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur.

107. «Əqdin mübahisələndirilməsi» dedikdə, bu barədə məhkəmədə iddia qaldırmaq yox, iradəsi zədələnməklə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini 1 il müddətində məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə istənilən formada (yazılı və ya şifahi) bildirmək hüququ başa düşülməlidir. Yəni, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.

108. Bununla belə, mübahisə edilən əqdlərdə iradənin zədələnməsinin qarşı tərəfə bildirilməsi təkçə məhkəmədənkənar qaydada həyata keçirilmir, bunu məhkəmədə iddia qaldırmaqla da etmək olar (məhkəmə bildirişi iddiaçının iradəsinin zədələnməsinin qarşı tərəfə bildirilməsi kimi qəbul olunur).

109. Hazırki işdə Cavabdeh1 xx.xx.2024-cü il tarixli borc müqaviləsinin bağlanması zamanı iradəsinin zədələnməsinə, yəni həmin müqaviləni hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində bağlanmasına istinad etmir. Onun bu məzmunda tələbi, şikayəti və etirazı da olmamışdır. Əksinə, borc müqaviləsinin rəsmiləşdirilməsindən öncə aparılmış danışıqların (söhbətin) məzmunundan belə aydın olur ki, göstərilən məzmunda borc müqaviləsinin bağlanması məhz Cavabdeh1 və atasının təşəbbüsü olmuş və həmin müqavilə rəsmiləşirildikdən bilavasitə sonra İddiaçı Akif Əliyevdən şikayətçi olmaması barədə ərizə vermişdir.

110. Beləliklə, müqavilə bağlanarkən Cavabdeh1 hər hansı təzyiq göstərilməsi və ya iradəsinin zədələnməsinə səbəb ola biləcək Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində göstərilən digər hallardan hər hansı biri mövcud olmamışdır.

111. Cavabdeh1 qarşılıqlı iddiasında da ona təzyiq göstərilməsi və s. barədə heç nə bildirməmiş, iddiasının faktiki əsasını yalnız o hal təşkil etmişdir ki, müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmişdir.

112. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində də araşdırılmış CD-dəki çəkilişdən görünür ki, pul depozitə qoyulub-götürülərkən Cavabdeh1 gülə-gülə “əslində pul mənə çatmalıdır” deyir. Həmin görüntülərdən bir daha aydın olur ki, göstərilən məzmunda əqdin bağlanması nəinki Cavabdeh1 iradəsinə zidd olmuş, əksinə onun mənafeyinə uyğun olmuşdur, çünki həmin müqavilənin rəsmiləşdirilməsi nəticəsində İddiaçı da cavabdehin atası Akif Əliyevdən şikayətçi olmaması barədə ərizə vermişdir ki, bu hüquqi hərəkətlərin nəticəsində də sonuncunun barəsində aparılan təhqiqat araşdırmasına son qoyulmuşdur.

113. Beləliklə müəyyən olunur ki, Cavabdeh1 atası – hazırki icraat zamanı üçüncü şəxs qismində işə cəlb olunmuş Akif Əliyevin İddiaçı 150.000 ABŞ dolları məbləğində borcu olmuş, Akif Əliyev həmin borcu özünə məxsus obyekti sataraq bağlamaq barədə vəd versə də, sonradan obyekti oğlu – Cavabdeh1 adına rəsmiləşdirmiş, bunu gördükdə İddiaçı AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və həmin araşdırma müstəvisində tərəflər mövcud borcu rəsmiləşdirmək qərarına gəlmiş, ümumi razılığa əsasən xx.xx.2024-cü il tarixdə İddiaçıla Cavabdeh1 arasında notariat qaydada borc müqaviləsi bağlanmış, eyni zamanda elə həmin notariusda İddiaçı ona dəymiş ziyanın ödənilməsi və Akif Əliyevdən şikayət və tələbinin olmaması barədə ərizə vermiş, həmin ərizə əsasında İddiaçı müraciəti işə alınmışdır.

114. Təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.

115. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

116. Hazırki işin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, mübahisəli əqd bağlanarkən X6 Nəcəfova 255.000 manat borcu olmuş və əqdlə həmin borc rəsmiləşdirilərək, etibarlı hala gətirilmişdir. Borc müqaviləsi borcu təminat altına almaq məqsədi ilə bağlanmışdır.

117. Bu hallar tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilədən irəli gələn hüquq münasibətlərinin yarandığına dəlalət edir.

118. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

119. Həmin Məcəllənin 882.5-ci maddəsinin tələbinə görə isə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

120. Borc müqaviləsinin bağlanmasını Cavabdeh1 özü iddiaçıya təklif etmişdir. Danışıqlar zamanı Cavabdeh1 öz fikrini söyləmiş, müqavilənin icra edilməməsi nəticəsində hansı tədbirlər görülə biləcəyini iddiaçıya izah etmiş, iddiaçı əvvəlcə obyekti ipoteka (girov) ilə yüklü etməyi istəsə də, sonradan Kamranın israrlı izahlarından sonra borc müqaviləsi bağlamağa razılaşmışdır.

121. Belə olan halda müəyyən olunur ki, mübahisəli kredit müqaviləsi bağlanarkən tərəflər Akif Əliyevin İddiaçı iş birliyindən irəli gələn borcunu sənədləşdirmək düşüncəsi ilə hərəkət etmişlər, yəni notariat ofisində kredit müqaviləsinin təsdiqlənməsi ilə əslində mövcud borcun sənədləşdirilməsi həyata keçirilmişdir. Bu hal həmin əqdin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər.

122. Başqa sözlə, kreditorun mövcud borcu kredit müqaviləsi kimi rəsmiləşdirildikdə, tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə, həmin müqavilə borcun etirafı kimi qiymətləndirilməlidir.

123. Mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır.

124. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu və xx.xx.2012-ci il tarixli qərarları).

125. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.

126. Qeyd olunan qiymətləndirmə konteksində müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər öz iradələrini sərbəst bəyan etməklə borc müqaviləsi bağlamışlar.

127. Borc müqaviləsinin Cavabdeh1lə bağlanması da qanuqla yolveriləndir. Belə ki, Mülki Məcəlləyə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur (maddə 522.1 və 522.2).

128. Hazırki halda kreditor olan iddiaçının hər hansı etirazı olmamış, əksinə o özü də müqavilənin məhz Cavabdeh1lə bağlanmasının tərəfdarı olmuşdur.

129. Cavabdeh1 borca görə obyektin girovla (ipoteka) ilə yüklü edilməsinə razı olmamış, bunun əksinə məhz onunla borc müqaviləsi bağlanması təşəbbüsü ilə çıxış etmişdir.

130. Aydın olur ki, mübahisəli borc müqaviləsi bağlanan vaxt qeyri-yaşayış obyekti cavabdehin mülkiyyətində olduğu üçün, müqavilə də məhz cavabdehlə bağlanmışdır ki, gələcəkdə öhdəlik icra olunmadıqda, tutma qətnamənin icrası qaydasında həmin obyektə yönəldilə bilsin.

131. Beləliklə Kollegiya hesab edir ki, xx.xx.2024-cü il tarixli borc müqaviləsinin etibarsızlığını şərtləndirən hallar müəyyən olunmur, ona görə də qarşılıqlı iddia əsassızdır.

132. İlk iddia tələbi isə Cavabdeh1 münasibətdə tam təmin edilməlidir.

133. Kollegiya ilkin iddianı Cavabdeh2 münasibətdə əsassız hesab edir, belə ki, o, hazırki mübahisənin iştirakçısı deyil. Qeyri-yaşayış obyektinin hazırda onun adına qeydə alınması da iddianın ona münasibətdə təmin olunması üçün əsas ola bilməz, həmin obyekt hazırki mübahisənin predmetini də təşkil etmir.

134. Məhkəmə xərclərinə münasibətdə kollegiya hesab edir ki, ilkin iddia tələbi Cavabdeh1 münasibətdə tam təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 545 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 272,50 manat ondan tutularaq, İddiaçı ödənilməlidir.

135. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş qarşılıqlı iddiaçıya aid edilməlidir.

136. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-890/2025 nömrəli iş üzrə 17 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 255.000 manat borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 545 manat dövlət rüsumu və apellyasiya şikayəti verilməsinə görə ödənilmiş 272,50 manat dövlət rüsumu olmaqla, cəmi 255.817,5 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar