Məhkəmə qərarları › İş №2(103)-3735/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3735/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3735/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2(006)-363/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında olan alışveriş əsasında cavabdehin ona borclu qaldığı pulun– 15.264 ABŞ dollarının, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin – 15.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2005-ci il tarixdən hazırki vaxtadək “Moskva Univermağı” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh uzun illərdi ki, tanışdılar və aralarında etibarlı münasibətlər olmuşdur. 2011-ci ilin noyabr ayında cavabdeh iddiaçının yanına gələrkən ondan qızıl-zinət əşyalarını nisyə alaraq, əşyaların dəyərini bir ay ərzində ödəmək istədiyini bildirmişdir. İddiaçı cavabdehə etibar etdiyi üçün cavabdehin təklifini qəbul etmiş və ümumi dəyəri 16.000 ABŞ dolları olan qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Lakin bir ay keçdikdən sonra cavabdeh iddiaçının iş yerinə gələrək əlavə bir ay vaxt istəmişdir. İddiaçı bununla razılaşmışdır. 2012-ci ilin yanvar ayında cavabdeh yenidən iddiaçının yanına gəlmiş və bildirmişdir ki, qızıl-zinət əşyaları satılıb, lakin o, pulları öz şəxsi ehtiyaclarına xərcləyib və həmin pulu hissə-hissə verə biləcək. 13.11.2012-ci il tarixdə cavabdeh iddiaçıya 736 ABŞ dolları ödəmiş və qəbz yazaraq qalan pulu hissə-hissə qaytaracağını yazılı surətdə bildirmişdir. Lakin bir neçə il keçməsinə baxmayaraq, cavabdeh qalan pulu iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, (16.000–736=15.264) ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa iddiaçı bildirir ki, cavabdehin qanunazidd hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir ki, həmin zərər cavabdeh tərəfindən ona ödənilməli və bu məqsədlə cavabdehdən onun xeyrinə mənəvi ziyanın əvəzi olaraq 15000 manat məbləğində pul tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2(006)-363/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 15.264 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcək tarix üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2(006)-363/2016 saylı qətnaməsinin ləğv edilib, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, ona məhkəmə prosesinin keçiriləcəyi barədə heç bir xəbərdarlıq edilməmiş, məhkəmə qərarı onun iştirakı olmadan çıxarılmışdır. Belə ki, cavabdeh əvvəllər ailəli olmuş və həyat yoldaşı ilə ayrıldıqdan sonra keçmiş qaynanası müxtəlif vasitələrlə və hətta yaxın münasibətdə olduğu insanların əli ilə cavabdehə zərər vurmağa başladı. İddiaçı da cavabdehin keçmiş qaynanası ilə yaxın münasibətdə idi, hətta cavabdeh ailəli olduğu müddətdə tez-tez onların evində qalırdı. Cavabdeh, keçmiş həyat yoldaşı ilə ayrıldıqdan sonra iddiaçı, cavabdehin keçmiş qaynanasının sözü ilə cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdeh tərəfindən yazılmamış, hətta notariat təsdiqi belə olmayan, habelə kənar şəxslərin iştirakı ilə imzası ilə təsdiq olunmamış bir qəbzi məhkəməyə təqdim edərək, guya cavabdehin iddiaçıdan 16000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını aldığını, həmin puldan 736 ABŞ dollarını qaytardığını, qalan 15264 ABŞ dolları borcu isə bir ay ərzində qaytaracağına söz verdiyini, lakin sözünə əməl etmədiyini, hazırda ona borclu olduğunu bildirmişdir. Lakin iddiaçı cavabdehin ondan həmin qızıl-zinət əşyalarını kimlərin yanında aldığını, həmin puldan 736 ABŞ dollarını ona necə və hansı şəraitdə, hansı şəxslərin iştirakı ilə qaytardığını və həmçinin həmin puldan müəyyən miqdar qaytardıqdan sonra qalan 15264 ABŞ dolları borcu qaytaracağı barədə olan qəbzin hansı şəraitdə və kimlərin iştirakı ilə tərtib olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədiyi üçün, qəbzin onun tərəfindən tərtib olunmaması və imza edilməməsi hallarının təsdiq olunması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət verə bilməmişdir. Apellyasiya mərhələsində cavabdeh tərəf həmçinin iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-442/2020 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 yanvar 2016-cı il tarixli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması və ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pulun Cavabdeh tutularaq, dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2(102)-351/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-442/2020 saylı qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında ona verilən suallar cavab olaraq qeyd etdi ki, cavabdeh tərəfindən yazılmış qəbzin tarixi 13.11.2011-ci il tarixi olmalıdır. Həmin qəbzdə kimin qaralama apararaq, 2012 qeyd etməsini deyə bilməz. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddianın “cavabdehin ona borclu qaldığı pulun–15.264 ABŞ dollarının tutulmasının” təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi”nin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmiş, cavabdeh də, apellyasiya şikayətinin dəlillərinə görə həmin hissəni mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2(102)-351/2021 saylı qərarında qeyd olunmuşdur ki, iddiaçı birinci instansiya məhkəməsində iştirak etmədiyindən iddia müddətinin tətbiqinə dair ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət edərək, iddiaçının iddia tələbinin 3 il keçdikdən sonra verildiyini bildirirək iddianın rədd edilməsini xahiş etmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi həmin ərizəni əsaslı saymayaraq qeyd etmişdir ki, həmin ərizə birinci instansiya məhkəməsində işə baxılan zaman verilməmiş, apelyasiya baxışı zamanı verilmişdir ki, bu da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə yolverilməzdir. Cavabdeh məhkəmə bildirişlərinin göndərilməsinə baxmayaraq, bildirişlərin qəbulundan imtina etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdehə ünvanlanmış məktublar müxtəlif səbəblər göstərilməklə ünvan sahibinə təqdim olunmamışdır. Belə səbəblər kimi məktubun qəbulundan imtina edilməsi (i/v 21), cavabdehin həmin ünvanda yaşamaması (i/v 42), qapının bağlı olması (i/v 34) göstərilmişdir. Yəni iş materialları ilə həmin bildiriş məktublarının qəbulundan “şəxsən” cavabdehin imtina etməsi təsdiq olunmur. Bundan əlavə birinci instansiya məhkəməsinin qanuni qüvvəsini almış prosessual müddətin bərpasına dair 19 iyul 2019-cu il tarixli qərardadında aşağıdakılar qeyd olunmuşdur: “... Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının bildirişləri, o cümlədən yekun qərar cavabdehin ünvanına poçt vasitəsi ilə göndərilsə də, ona çatdırılması barədə məlumat yoxdur...”.Bundan əlavə, iddiaçının öz tələbini əsaslandırdığı işin 23cü vərəqindəki “qəbzin” məzmunundan görünür ki, həmin qəbz 2011-ci ildə tərtib olunmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi həmin qəbzin məzmununa hüquqi qiymət vermədən həmin qəbzin tarixinin dəyişdirilməsinə diqqət yetirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsinə əsasən mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə mübahisələndirilən hissədə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 13.11.2011-ci il tarixli qəbzdən (qəbzin özündə tarix qaralanaraq 2012 kimi qeyd olunmuşdur) görünür ki, Cavabdeh İddiaçı 15264 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları aldığını və həmin əşyaların dəyərini bir ay müddətində- 13.01.2012-ci ildə İddiaçı qaytaracağını bildirmişdir. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2020-ci il tarixli, 32215 saylı rəyindən görünür ki, mülki işin 23-cü vərəqəsində olan Cavabdeh ilə İddiaçı adlarından 13.11.2012-ci il tarixli sənəddə “imza:” qrafasındakı imza, işin 48-ci vərəqədə olan 08.09.2017-ci il tarixli ərizədə “imza:” qrafasındakı imza, işin 53-cü vərəqədə olan 28.01.2019-cu il tarixli apellyasiya şikayətində “imza:” qrafasındakı imza, işin 54-cü vərəqində olan 28.01.2019-cu il tarixli müddətin bərpasına dair ərizənin “imza:” qrafasındakı imza, işin 64-cü vərəqəsindəki 16.02.2019-cu il tarixli şikayətdə “İmza: Cavabdeh” qrafasındakı imza öz aralarındaeyni bir şəxs tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, cavabdehə 16000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları nisyə satmış, cavabdeh isə həmin məbləği iddiaçıya 13.01.2012-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürsə də, öhdəliyini tam icra etməmiş, həmin puldan yalnız 736 ABŞ dolları hissəsini qaytarmış, hazırda 15264 ABŞ dolları borcu vardır. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya apellyatorun əqdin etibarsız hesab edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslı olsa da, iddia müddəti ötürülmüşdür. Belə ki, cavabdehin nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin icra müddəti 13.01.2012-ci ildən hesablanmaqla, 13.01.2015-ci ildə bitmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, 16 noyabr 2015-ci ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia müddəti keçirildiyi üçün, ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də, kollegiya apellyasiya şikayətinin dəllərini qismən əsaslı hesab edərək, mübahisələndirilən hissədə iddia müddətinin tətbiq edilərək, həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2(006)- 363/2016 saylı qətnaməsi mübahisələndirilən- iddianın “cavabdehin iddiaçıya borclu qaldığı pulun– 15.264 (on beş min iki yüz altmış dörd) ABŞ dollarının tutulmasının” təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 126 (yüz iyirmi altı) manat İddiaçı alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar