Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3737/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Əlirza İsayevin və vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Gəray Məmmədovun, Cavabdeh “xxxx” QSC-nin nümayəndələri Nümayəndə1 və yyyyyyyyyyyynın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2019-cu il tarixli, 2(007)-794/2019 saylı qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2015-ci il üzrə 20994909,69 manat, 2016-cı il üzrə 17832241,62 manat, 2017-ci il üzrə 13272902,98 manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 neft məhsullarının satışından 12 ay müddətindən əldə etdiyi külli miqdarda pul vəsatini hələ də qanunsuz olaraq öz istifadəsində saxlayaraq iddiaçıya ödəməmişdir. Külli miqdarda pul vəsaitinin qaytarılması ilə bağlı iddiaçının Cavabdeh1 etdiyi çoxsaylı şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq cavabdeh bu günə kimi istifadəsində saxladığı iddiaçıya aid pul vəsaitini qaytarmaqdan imtina edir. Qeyd olunanlara əsasən cavabdehlərdən müştərək qaydada 2015-ci il üzrə 20994909,69 manat, 2016-cı il üzrə 17832241,62 manat, 2017-ci il üzrə 13272902,98 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla 52100084,29 (əlli iki milyon yüz min səksən dörd manat 29 qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(007)- 794/2019 saylı qətnaməsi ilə ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 20 avqust 2019-cu il tarixli, 2(103)-10506/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(102)-273/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)- 3780/2020 qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(102)-1326/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3780/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə təqdim edərək iddiasından imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının təmsilçiləri iddiadan imtina barədə ərizəni müdafiə edərək bildirdilər ki, hazırda müəyyən etmişlər ki, cavabdehlərin iddiaçıya heç bir borcu yoxdur, iddia tələbləri əsassızdır. Ona görə də iddiadan imtina edirlər və mülki işin icraatına xitam verilməsini xahiş edirlər. Cavabdehlərin nümayəndələri hər biri ayrı-ayrılıqda iddiadan imtinanın qəbul edilməsinə, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdilər. Məhkəmə kollegiyası işdə işitrak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(007)- 794/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2015-ci il üzrə 20994909,69 manat, 2016-cı il üzrə 17832241,62 manat, 2017-ci il üzrə 13272902,98 manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3737/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3737/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver