Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3739/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin satılması, gecikdirilmiş dövr üçün faiz tələbi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, gecikdirilmiş faiz borcunun və əldən çıxmış faydanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (bank) ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli 041 AM №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25% olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bankla Cavabdeh arasında 25 oktyabr 2013-cü il tarixdə İP1-041 AM №-li ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh məxsus olan “Toyota Camry” markalı (Tip:sedan, Buraxılış ili-2008, Ban- 6TİBE43K28X503127) avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir.
3. 23 iyul 2015-ci il tarixində kredit və ipoteka müqavilələrinə Əlavə sazişlər imzalanmış, kreditin qalıq məbləği 7986,26 ABŞ dolları, ödənilmə müddəti xx.xx.2017-ci il tarixinədək müəyyənləşdirilmişdir.
4. 03 fevral 2017-ci il tarixində kredit və ipoteka müqavilələrinə Əlavə sazişlər imzalanmış, kreditin qalıq məbləği olan 6489,50 ABŞ dolları konvertasiya edilməklə 10 058,73 manat müəyyənləşdirilmiş, kredit faizi 18%, ödənilmə müddəti xx.xx.2020-ci il tarixinədək razılaşdırılmışdır.
5. Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən ipotekanın əlavə qeydiyyatı aparılmış, ipoteka müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır.
6. Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh 09 sentyabr 2022-ci il tarixdə bildiriş göndərilmiş, 7781,52 manat məbləğində əsas, 4521,59 manat məbləğində faiz, 3478,94 manat cərimə borcunun, 1027,08 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz borcunun olduğu bildirilərək cəmi 16 809,13 manat borcunu 3 gün ərzində ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq olunmuşdur.
7. 03.11.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 07 oktyabr 2022-ci il tarixinə banka 7781,52 manat əsas, 4521,59 manat faiz, 3478,94 manat cərimə, 1064,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 16 846,93 manat borcu vardır.
8. “İpoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. "xxxx" ASC-nin (iddiaçı, bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh (cavabdeh) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 7781,52 manat əsas, 4521,59 manat faiz, 3478,94 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1064,88 manat faiz borcu olmaqla cəmi 16 846,93 manat kredit borcunun və 175,92 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmeti olan “Toyota Camry” markalı, Tip:sedan, BAN nömrəsi 6TİBE43K28X503127, gümüşü metal rəngli, buraxılış ili 2008-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bankın Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli 041AM nömrəli kredit müqaviləsinə əsasən “Toyota Camry” markalı (Tip:sedan, Buraxılış ili2008, Ban- 6TİBE43K28x503127) avtomobilin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6489,50 (altı min dörd yüz səksən doqquz dollar, 50 sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 10 058,73 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Toyota Camry” minik markalı (Tip:sedan, 10VD036 qeydiyyat nişanlı, Buraxılış ili-2008, Ban- 6TİBE43K28X503127) avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2013-cü il tarixli İP1-041AM saylı ipoteka müqaviləsi bağlanmışdır. Bankla cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Toyota Camry” markalı (Tip:sedan, Buraxılış ili-2008, Ban-6TİBE43K28X503127) avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********821 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin 07 oktyabr 2022-ci il tarixə kredit üzrə borcu cəmi 16 846,93 (on altı min səkkiz yüz qırx altı manat, 93 qəpik) manat təşkil edir. Bundan 7781,52 (yeddi min yeddi yüz səksən bir manat, 52 qəpik) manat əsas borc, 4521,59 (dörd min beş yüz iyirmi bir manat, 59 qəpik) manat faiz, 3478,94 (üç min dörd yüz yetmiş səkkiz manat, 94 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1064,88 (min altmış dörd manat, 88 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilə pozulduğu halda bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə borcalan bank qarşısında özünün bütün əmlakları ilə kerdit borcu, faizlər və cərimələr həddində cavab verir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
11. Birinci instansiya məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ləğvetmədə olan "xxxx" ASC-nin xeyrinə 7781,52 manat əsas kredit borcu, 4521,59 manat faiz borcu, 300 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1064,88 manat faiz borcu olmaqla ümumilikdə 13 667,99 manat borc və 175,92 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmeti olan “Toyota Camry” minik markalı Tip:sedan, BAN nömrəsi 6TİBE43K28X503127, gümüşü metal rəngli, buraxılış ili 2008-ci il olan avtomobilə tutma yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İddia tələbinin əsas və faiz borcunun tutulması ilə bağlı hissəsi təmin edilməli, cavabdehdən əsas borc üzrə 7781,52 manat, faiz borcu üzrə 4521,59 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 1064,88 manat məbləğində borcun tutulması hissəsində iddia tələbi təmin edilməli, cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1064,88 manat məbləğində pul tutulmalıdır.
13. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmaqla hesab etmişdir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək kredit müqaviləsi üzrə cərimə borcu 300 manat məbləğində müəyyən edilməlidir.
14. Məhkəmə həmçinin hesab etmişdir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə, iddiaçı tərəfindən ödənilmiş 175,92 manat (yüz yetmiş beş manat doxsan iki qəpik) dövlət rüsumunun da cavabdehdən tutulmalı olduğunu vurğulamış, iddianın “...ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələb təmin edilə bilməz, çünkü ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda bank tərəfindən bununla bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət olunmalıdır.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 279-cu, 295-ci, 296.1-ci, 317.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 445.7-ci, 448.1-ci, 449.1-ci, 467-ci, 739-cu, “İpoteka haqqında” Qanunun 34.1-ci, 39.3-cü, 59-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir.
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, qətnamədə göstərilən nəticənin işin hallarına uyğun olmadığı, işə iştirakı olmadan baxılaraq mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət vermək hüququndan məhrum edildiyi, onunla bank arasında bağlanan müqavilənin zərər, faiz, öhdəliklə bağlı müddəalarının bütünlüklə müqavilənin standart şərtləri olmaqla iradəsi ziddinə müqaviləyə daxil edildiyini və bu səbəblə etibarsız olmasını nəzərə almadığı, bankın tələb etdiyi məbləğin real borc məbləğindən 2 dəfə artıq olduğu arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh də məhkəməyə gəlməmişdir.
20. Apellyasiya baxışı zamanı şikayətin dəliləri nəzərə alınaraq mühasibatlıq ekspertizası təyin olunmuş və müvafiq ekspert rəyi alınmışdır.
21. Həmin rəylə müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il tarixli 041 AM saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh 03 fevral 2020-ci il tarixinə (müqavilə müddətinin bitmə tarixinə) 7811,14 manat əsas, 1019,95 manat faiz borcu, 03 fevral 2020-ci il tarixindən 07 oktyabr 2022-ci il tarixinədək olan dövr üçün illik 5 (beş) faiz hesabı ilə 1045,82 manat faiz borcu olmuş, xx.xx.2020-ci il tarixindən sonra ödəniş həyata keçirilməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
25. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
26. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
27. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
30. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
32. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
33. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.
34. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)
39. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır.
40. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
41. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
42. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
43. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı
44. ...Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
57. İşin müəyyən olunmuş hallarına əsasən Polad Həsənov kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
58. Bununla belə kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2022-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Polad Həsənov arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli 041 AM №-li kredit müqaviləsi üzrə kredit ona 36 ay müddətinə verilmiş, sonradan kreditin qalıq məbləği olan 6489,50 ABŞ dolları konvertasiya edilməklə 10 058,73 manat müəyyənləşdirilmiş, kredit faizi 18%, ödənilmə müddəti xx.xx.2020-ci il tarixinədək razılaşdırılmış, xx.xx.2020-ci il tarixinədək isə Polad Həsənovun əsas borc qalığının 7811,14 manat, faiz borcunun 1019,95 manat təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur.
59. Həmin ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddəti başa çatdığı tarixdən bankın maliyyə arayışında hesabladığı xx.xx.2022-ci il tarixinədək Polad həsənova illik 5% hesabı ilə 1045,82 manat faiz hesablanmalıdır.
60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
61. Bu baxımdan kollegiya hesab edir ki, “Cavabdeh ləğvetmədə olan "xxxx" ASC-nin xeyrinə 4521,59 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1064,88 manat faiz borcu, ümumilikdə isə 13 667,99 manat borcun tutulması” qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir və adı çəkilən şəxsdən müvafiq kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 1019,95 manat, gecikmə faizinin məbləği 1045,82 manat müəyyənləşdirilməlidir.
62. Kollegiyanın qənaətinə görə, məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 300 manat müəyyən etməkdə haqlı olmuşdur. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
63. Kollegiya, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir; belə ki, iş materiallarından onun məlum olan ünvanına bildirişlər, kredit müqaviləsini bağlayarkən bildirdiyi telefon nömrəsinə mesaj göndərilidyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
64. Məhkəmə kollegiyası həmçinin, şikayətin dəlillərindən asılı olmadan münasibət bildirilməsi zəruri olan hal kimi qiymətləndirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı halda bununla bağlı qərar qəbul edilməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılmaşlarını məhkəməyə təqdim etməmişlər; belə olan halda isə avtomobilin texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur.
65. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyrimümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı öz həllini tapmalıdır.
66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-984/2023 saylı iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi “Cavabdeh ləğvetmədə olan "xxxx" ASC-nin xeyrinə 4521,59 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1064,88 manat faiz borcu, ümumilikdə isə 13 667,99 manat borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh ləğvetmədə olan "xxxx" ASC-nin xeyrinə 1019,95 (on min on doqquz manat 95 qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1045,82 (min qırx beş manat 82 qəpik) faiz borcu, ümumilikdə isə 10 147,29 (on min yüz qırx yeddi 29) manat tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə, yəni Cavabdeh ləğvetmədə olan "xxxx" ASC-nin xeyrinə 7781,52 manat əsas kredit borcunun, 300 manat cərimə borcunun və 175,92 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmeti olan “Toyota Camry” minik markalı Tip:sedan, BAN nömrəsi 6TİBE43K28X503127, gümüşü metal rəngli, buraxılış ili 2008-ci il olan avtomobilə tutma yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 100 (yüz) manatı Cavabdeh, 45 (qırx beş) manatı ləğvetmədə olan "xxxx" ASC-nin tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə