Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3742/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3227/2017 saylı, 04 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ASC-nin "İnam" filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2014-cü il tarixli 4843/14 və 4845/14 saylı, Cavabdeh2 arasında bağlanmış 21 may 2014-cü il tarixli 4846/14 saylı və Cavabdeh3 arasında bağlanmış 21 may 2014-cü il tarixli 4847/14 saylı kredit müqavilələrinə əsasən onlara 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə cəmi 63300 ABŞ dolları kredit verilmişdir.
2. İddiaçı ASC-nin "İnam" filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2014-cü il tarixli 4845/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 zamin və birgə borcalan, İddiaçı ASC-nin "İnam" filialı ilə Cavabdeh2 arasında bağlanmış 21 may 2014-cü il tarixli 4846/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 zamin və birgə borcalan, İddiaçı ASC-nin "İnam" filialı ilə Cavabdeh3 arasında bağlanmış 21 may 2014-cü il tarixli 4847/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 zamin və birgə borcalan kimi müqavilələri imzalamışlar.
3. İddiaçı ASC-nin "İnam" filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2014-cü il tarixli 4843/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 20 may 2014-cü il tarixində İddiaçı ASC ilə arasında 1458 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus 2010-cu il buraxılışlı, "Mercedes Benz-G55" markalı **-GV-*** dövlət qeydiyyat nişanlı, BANWDB4632701X180543 ban, qara rəngli avtomobili, dəyəri tərəflərin razılığı ilə 130000 USD qiymətləndirərək Banka ipoteka qoyulmuşdur.
4. Bank tərəfindən xx.xx.2015-ci il, xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə borcalanlara banka olan borcun ödəməyəcəkləri təqdirdə tutmanın ipoteka qoyulmuş avtomobilə yönəlməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı bildiriş və xəbərdarlıq məktubu göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 20 may 2014-cü il tarixli 4843/14 və 4845/14, 21 may 2014-cü il tarixli, 4846/14 və 4847/14 saylı kredit müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixinə 60435 ABŞ dolları əsas borcunun, 5973 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlərdən müştərək qaydada tutularaq bankın hesabına ödənilməsi, ipotekaya qoyulmuş "Mercedes Benz-G55" markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, kredit müqavilələrinə görə cavabdehlər əsas borcu və kreditdən istifadəyə görə hesabianmış faiz borcunu ödəməli idi, amma öhdəliklərini lazımi qaydada icra etməmişlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə ilə öhdəliklər yerinə yetirilməmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3227/2017 saylı, 04 may 2017ci il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20 may 2014-cü il tarixli 4843/14 və 4845/14, 21 may 2014-cü il tarixli, 4846/14 və 4847/14 saylı kredit müqavilələrinə əsasən, cəmi 66408 (altmış altı min dörd yüz səkkiz) ABŞ dolları (ondan ödənilməmiş 60435 ABŞ dollan əsas borc, 5973 ABŞ dolları faiz borcu olmaqla) məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə alınması və ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi; 1458 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan "Mercedes Benz-G55" markalı **-GV-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin açıq hərracda satılması və Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi; kreditin təminatı olan ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti hesabına iddiaçının tələbinin tam ödənilməsi; iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınması və ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətini Mülki Məcəllənin 739.1, 427, 439, 442, 448, 462, 319.1, 443.1, 445.2, 472-ci maddələri, həmçinin “İpoteka haqqında” Qanunun 4, 33, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9.Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərir ki, qeyd olunan qətnamədən onun məlumatı olmamışdır. Belə ki, əvvəllər Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda da yaşamışdır. Təxminən 2014-cü ildə həmin mənzil satılmışdır və ünvan 2 ünvanında məskunlaşıb. Qeyd etdiyi mənzil satıldıqdan bir müddət sonra isə qeydiyyat ünvanı ünvan 3arda yaşamadığı üçün, həmçinin həmin ünvanda yaşayan şəxslərlə heç bir əlaqəsi olmadığı üçün, məhkəmədən və adı çəkilən qətnamədən məlumatı olmamışdır. Təxminən bir ay bundan öncə onun həmin qətnamədən məlumatı olmuşdur və Suraxanı Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciət etdikdən sonra, xx.xx.2023-cü il tarixdə qətnamə ona rəsmi qaydada təqdim olunmuşdur. Qətnamədən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən artıq zaminliklə bağlı iddia müddəti ötürülmüşdür. Lakin onun həmin məhkəmədən məlumatı olmadığı üçün iştirak edə bilmədiyindən zaminliklə bağlı iddia müddətinin ötürülməsinə dair vəsatətlə müarciət edə bilməmişdir. Bundan başqa, qətnamədən görünür ki, qətnamənin tarixi xx.xx.2016-cı il kimi qeyd olunmuş, lakin qətnamənin mətnindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin qətnamədə əks olunan tarixlərin hansının həqiqətə uyğun olmasını belə müəyyən etmək çox çətindir. Bu da öz növbəsində qətnamənin ləğv edilməsi üçün əsas hesab olunmalıdır. Birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirərək kredit və zaminilik müqaviləsinin mübahisələndirilməsi ilə bağlı əsaslı faktların olub-olmamasına dair müvafiq tədbirlər həyata keçirməli olduğu halda, yalnız tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsinin prosedur baxımından qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmasını araşdırmış və buna uyğun da yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan hallar, bu kimi münasibətləri tənzimləyən normalar araşdırılmadan qərar qəbul olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik Cavabdeh2 etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia haqlı sayılırdı.
22. Cavabdeh2 göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi, zamin və birgə borcalan kimi imzaladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, həmin müqavilələri iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilələrdə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.
23. Cavabdeh2 iddiaçı ilə bağladığı müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi. Buna baxmayaraq,işdən görünür ki(bax.i.v.94) iddiaçının nümayəndəsi 24 may 2017-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin icraya yönəldilməməsini xahiş etmişdir.
24. Cavabdeh2 qətnamədən məlumatı olmamasını qeydiyyatda olduğu və yaşadığı mənzilin 2014-cü ildə satılması və başqa ünvanda yaşaması ilə əlaqələndirsə də bu fakt şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, işə baxılarkən məhkəmədə onun yaşadığı və qeydiyyatda olduğu ünvan barədə məlumat olmuş, məhkəmə bildirişləri də həmin ünvana göndərilmişdir.
25. İddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olsa da Cavabdeh2 nə borcalan kimi imzaladığı kredit müqaviləsi üzrə, nədə zamin və birgə borcalan kimi imzaladığı müqavilə üzrə iddia müddəti keçməmişdir. Hətta zamin və birgə borcalan kimi imzaladığı müqavilə üzrə də öhdəliyin icrası müddəti çatdığı vaxtdan bir illik müddət keçməmiş məhkəməyə müraciət edilmişdir. Demək ki, bir illik müddət keçmədiyindən onun zaminliyinə də xitam verilə bilməzdi. Ona görə də məhkəmə iclaslarında iştirak etmiş olsaydı belə zaminliklə bağlı müddət keçmədiyindən onun bu barədə vəsatət verməsinə də ehtiyac olmamışdır.
26. Qətnamənin tarixinin xx.xx.2016-cı il kimi qeyd olunması da şikayətin əsaslı olmasına təsir etmir. Çünki, işdə yalnız bir qətnamə mövcuddur və onun yalnız çıxarıldığı ilin texniki səhv olaraq göstərilməsi ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, qətnamənin nömrəsi, çıxarıldığı gün və ay düzgün göstərilmişdir. Cavabdeh2 bu texniki səhvdən özünə məxsus şəkildə istifadə etməsi anlaşılan olsa onun haqlı olduğuna əsas vermir.
27. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də əsas və zərurət olmamışdır. Çünki, tələb edilən əsas və faiz borcun məbləği işin hallarına uyğun olmuşdur. Əgər Cavabdeh2 öhdəlik götürdüyü müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etmişdirsə buna dair şikayətinə hansısa sübut əlavə edərdi, lakin etməyib. Demək ki, öhdəliyini lazımi qaydada icra etdiyinə dair hansısa sübutu məhkəməyə təqdim etmirsə, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də əsas və zərurət yarana bilməzdi.
28. Birinci instansiya məhkəməsinin açıq-aydın birtərəfli mövqe nümayiş etdirməsi dəlili özü elə açıq-aşkar əsassız sayılır. Çünki, bu dəlil yalnız şikayət xatirinə istifadə olunur. Yəni, kredit və zaminlik müqavilələrinin mübahisələndirilməsi ilə bağlı əsaslı faktlar vardırsa şikayətdə bu göstərilə bilərdi. Əgər belə bir faktın olmasını şikayət verən şəxs göstərmirsə onda məhkəmə hansı tədbirlər görməli idi yaxud nəyi araşdırmalı idi. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də şikayətdə bununla bağlı ehtimal olunan cavab da göstərilə bilərdi.
29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3227/2017 saylı, 04 may 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3227/2017 saylı, 04 may 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.