Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3742/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə distant qaydada bağlanmış BRCB4952022B299 saylı “Kredit müqaviləsinə” cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 1.384,26 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 306,26 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,91 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mobil tətbiq vasitəsilə distant və elektron qaydada “Kredit müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən müəyyən edilmişdir ki, kreditin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 27%, gecikməyə görə cərimə isə 1%-dir. Kredit xəttindən son istifadə tarixi xx.xx.2026-cı il tarixidir. Bank, onunla cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən cavabdehə “Birbank Cashback” kredit kartı verilmiş və kart hesabına 1.527 manat pul vəsaiti köçürmüşdür. “Kredit müqaviləsinin” şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı Banka 1.384,26 manat əsas, 306,26 manat faiz, cəmi 1.690,52 manat kredit borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Buna görə Bank hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 36,91 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat
3. İddiaçı Bankın nümayəndəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh işin baxılması barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
5. Bu səbəbdən də, Rayon Məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı bank onun tərəfindən cavabdehə kredit verilməsini bildirsə də, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Nəticə etibarilə, iddia ərizəsinə kredit müqavilənin predmetinə uyğun olaraq ödəniş kartının müştəriyə verildiyini, karta müvafiq qaydada razılaşmış kredit məbləğinin köçürüldüyünü təsdiq edən sənədlər və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən, yəni iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mobil tətbiq vasitəsilə distant və elektron qaydada bağlanmış “Kredit müqavilələri” üzrə kreditin verilməsi əyani surətdə kağız daşıyıcıda tərtib edilmiş “Kredit müqavilələri” üzrə kreditin verilməsi qaydasından prosedur baxımdan fərqlənir. Distant elektron qaydada müqavilənin bağlanması üçün müştəri kreditin verilməsi ilə bağlı elektron qaydada Banka müraciət etdikdən sonra onun şəxsi məlumatları sorğu vasitəsilə təsdiqlənir, müştəri ilə əlaqə yaradılır, suallar verilir, daha sonra növbəti mərhələ - virtual eyniləşdirmə mərhələsinə keçilir. Müqavilə elektron qaydada bağlanıdığı üçün tərəflər müqaviləni fiziki olaraq imzalamırlar. Müqavilə bağlandıqdan sonra müştərinin müəyyən olunmuş mobil nömrəsinə OTP kod vətəsdiqlənmə linki göndərilir, müştəri OTP kodu linkdəki müvafiq xanaya daxil edir və eyniləşdirmə prosesi bitdikdə müştəri sənədlər səhifəsinə keçid edir. Burada müştəri sənədləri yükləyə bilər. Müştəri sənədlərlə tanış olduqdan sonra xanaları işarələyir və təsdiqləyir. Eyniləşdirmə nəticəsi təyin olunan identifikasiya meyarlarına uyğundursa RSXB əməkdaşı prosesi həyata keçirir. Müştəri tərəfindən proses yekunlaşdıqdan sonra bankın əməliyyat sistemində formalaşmış aktiv tapşırığın cari şərtlərə uyğunluğu yoxlanılaraq təsdiq və ya imtina edilir. İdentifikasiya uğurlu olduğu halda kredit vəsaiti müştərinin kreditə bağlı cari hesabına köçürülür və proses tamamlanır. Müvafiq qaydada kreditlərin rəsmiləşdirilməsi prosesi qeyd olunan kredit müqaviləsinin şərtlərində də təsbit edilmişdir. Hazırda müştərinin – iddiaçının razılığını bildiriən videorolik mövcuddur. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
13. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında mobil tətbiq vasitəsilə elektron, yəni distant qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB4952022B299 saylı “Kredit xətti müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 1.527 manat məbləğində kredit ayrılmışdır. Müqaviləyə əsasən müəyyən edilmişdir ki, kreditin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 27%, gecikməyə görə cərimə isə 1%-dir. Kredit xəttindən son istifadə tarixi xx.xx.2026-cı il tarixidir.
14. Bankın təqdim etdiyi sənədlərdən görünür ki, Bank, onunla cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən cavabdehə “Birbank Cashback” kredit kartı verilmiş və kart hesabına 1.527 manat pul vəsaiti köçürmüşdür. “Kredit müqaviləsinin” şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı Banka 1.384,26 manat əsas, 306,26 manat faiz, cəmi 1.690,52 manat kredit borcu yaranmışdır.
15. İşdə olan xəbərnamələrin surətindən görünür ki, Bank, yaranmış borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcu ödəməmişdir.
16. “Ödəniş qəbzindən” görünür ki, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən dövlət büdcəsinə 36,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinə” əsasən “Birbank Cashback” kredit kartının cavabdehə təqdim edilməsini və həmin karta kredit məbləğinin köçürülməsini təsdiq edə biləcək sənədlərin məhkəməyə təqdim edilməməsini əsas götürmüş Rayon Məhkəməsi iddia tələbini təmin etməmişdir.
18. Məhkəmə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır, çünki cavabdeh kredit almaq üçün mobil tətbiq vasitəsilə elektron, yəni distant qaydada iddiaçı Banka müraciət etmiş, bundan sonra cavabdeh ilə Bank arasında eyni qayda, yəni distant qaydada “Kredit müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə “Birbank Cashback” kredit kartı göndərilmiş, cavabdehə məxsus mobil telefon nömrəsinə təsdiq kodu göndərilmiş, cavabdeh kodu aktivləşdirdikədən sonra Bank həmin karda köçürtdüyü kredit məbləği avtomatik qaydada aktivləşir və ondan istifadə etmək mümkün olur.
19. İş materiallarından görünür ki, iş üzrə tərəflər arasında qeyd edilən bu prosedurlar mərhələli şəkildə həyata keçirilmiş və Bank onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsində” nəzərdə tutulmuş kredit məbləğini, müqavilədə nəzərdə tutulmuş şərtlə ilə cavabdehə vermişdir.
20. Başqa sözlə kreditin Bank tərəfindən cavabdehə verilməsi sübuta yetir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
22. Belə olan halda cavabdeh sübut etməlidir ki, o, Bankdan götürdüyü kredit məbləğini və bu məbləğə hesablanmış faizləri Banka ödəmişdir. Çünki 23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Lakin cavabdeh onun iddiaçı Banka borcunun olmadığını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmiş, ümumiyyətlə məhkəmə baxışı iclaslarında iştirak etməmişdir, baxmayaraq ki, o məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmişdir.
24. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1); öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(maddə 425.1); əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3); öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442); öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1); əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1); borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2); əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2).
25. Qeyd edilən normaların tələbləri və müqavilə şərtləri baxımından müəyyən edilir ki, tərəflər arasında “Kredit müqaviləsindən” irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçı Banka borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur.
26. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir, Bankın iddia ərizəsi və apellyasiya şikayəti tam həcmdə əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş və baxımdan da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, dəlillər əsaslıdır.
28. MPM-in 385.1.1 və 385.1.4-cü maddəsinin tələbinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır.
29. Buna görə də, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
30. Bunlardan başqa Məhkəmə bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 382, 384, 392, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə pulun tutulması tələbi barədə” iddiası təmin edilsin. Kreditor olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan olaraq Cavabdeh arasında 23 noyabr 2023-cü il tarixdə mobil tətbiq vasitəsilə distant və elektron qaydada bağlanmış BRCB4952022B299 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 1.384 (bir min üç yüz səksən dörd) manat 26 (iyirmi altı) qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 306 (üç yüz altı) manat 26 (iyirmi altı) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat 91 (doxsan bir) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödədiyi dövlət rüsumu Cavabdeh aid edilsin. Bu məqsədlə 18 (on səkkiz) manat 86 (səksən altı) qəpik, dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 40 (qırx qəpik) məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.