Məhkəmə qərarları › İş №2(103)-3743/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3743/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3743/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Elsevər Əkbərovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-757/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı (bank) ilə cavabdehin (müştərinin) arasında xx.xx.2023-cü il tarixli BRCB2632051B299 nömrəli “X1 kart müqavilə”si bağlanıb (iş v. 14). Həmin müqaviləyə əsasən cavabdehə debet kartı verilib. 2.Daha sonra - xx.xx.2023-cü il tarixdə tərəflərin arasında həmin debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma bağlanıb (iş v. 22). Əlavə razılaşma elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanıb. Əlavə razılaşmaya əsasən, həmin karta 59 ay müddətinə 1.350 manat kredit vəsaiti mədaxil edilməlidir. 3.Əlavə razılaşmanın bağlanmasına əsas xx.xx.2023-cü il tarixdə cavabdehin elektron qaydada verdiyi “kredit sifarişi və akseptsiz silinməyə dair” razılıq ərizəsi olub (iş v. 25). Həmin ərizə ilə cavabdeh ona 59 ay müddətinə 1.350 manat kredit verilməsi barədə sifariş verib. 4.İddiaçının maliyyə arayışına görə, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 1.349,49 manat əsas borcu, 259,53 manat faiz borcu, cəmi 1609,02 manat borcu var (iş v. 6). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 1.349,49 manat, faiz borcu kimi 259,53 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 6.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. 7.Qətnamə onunla əsaslandırılıb ki, kredit müqaviləsi və digər sənədlər cavabdeh tərəfindən fiziki olaraq imzalanmayıb, cavabdehin imzanın digər analoqundan, iddiaçının qeyd etdiyi kimi elektron imzadan istifadə etməklə müqaviləni imzalaması isə müəyyyən olunmur. Bundan əlavə, müqavilənin cavabdeh tərəfindən imzalandığı fərz olunsa belə, iddiaçı tərəfindən kredit öhdəliyinin mövcudluğu yenə də sübuta yetirilmir. Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Göründüyü kimi, bank tərəfindən qarşı tərəfin kredit öhdəliyinin mövcudluğunu sübut etmək üçün kredit müqaviləsi və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən sübutlar yalnız xx.xx.2023-cü il tarixli müqavilə, xx.xx.2023-cü il tarixli əlavə razılaşma, hesabdan çıxarış və bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışıdır. Müqavilənin predmetindən isə müəyyən olunur ki, bank müştəriyə “X1” ödəniş kartı verməyi, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırmağı, həmin kartla bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açmağı öhdəsinə götürmüşdür. İddia ərizəsinə kredit müqaviləsi əlavə edilsə də müqavilənin predmetinə uyğun olaraq ödəniş kartının müştəriyə verildiyini, karta müvafiq qaydada razılaşdırılmış kredit məbləğinin köçürüldüyünü təsdiq edən sənədlər əlavə edilməmişdir. Nə qədər ki, nə debet kartın özünün, nə də kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir, bu mövcud sübutlar əsasında iddianın təmin edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 9.Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Elsevər Əkbərov apellyasiya şikayətinin əssaslı olduğunu bildirdi. 10.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Birinci instansiya məhkəməsinin istinad etdiyi mövqe kredit münasibətinin mövcudluğunun və ya kreditin verilməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hala aiddir. Hazırkı işdə cavabdeh iddia tələbinə etiraz verməyib. İddiaçı "xxxx" ASC bank-maliyyə sahəsində ixtisaslaşmış hüquqi şəxsdir, onun sıravi vətəndaşa böyük olmayan (1.350 manat) məbləğində kredit verilməsinə dair saxta sənədlər hazırladığını güman etməyə əsas yoxdur. Sübuetmə vəzifəsi tərəflərə aiddir (MPM, maddə 77.1), lakin işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM, maddə 77.3). Kreditin verilməsinə dair sübutlar banklarda olur, məhkəmə təcrübəsində görə, mübahisəli hallarda məhkəmələr kreditin verildiyini təsdiq edən əlavə sübutların təqdim edilməsini banklara təklif edir. Hazırkı işin hallarına görə, məhkəmə iddiaçıya belə təklif etməli idi. Lakin birinci intansiyası məhkəməsi zəruri əlavə sübutları təqdim etməyi iddiaçıya təklif etməyib. Ona görə də iddiaçı zəruri sübutları (hesabdan çıxarışı, plastik kartın cavabdehə verildiyini təsdiq edən orderi və s.) apellyasiya instansiyası məhkəməsinə təqdim edib. 12.Beləliklə, iddiaçının təqdim etdiyi sübutlardan müəyyən olunur ki, tərəflər arasında məsafədən elektron qaydada (mobil tətbiq vasitəsilə) kredit müqaviləsi bağlanıb. Yazılı kredit müqaviləsinin bu qaydada bağlanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 406.3 və 746-2.5-ci maddələrinin göstərişlərinə uyğundur. Cavabdeh müqavilə öhdəliyini pozub. İddiaçının təqdim etdiyi “müqavilə üzrə çıxarış”dan görünür ki, cavabdehin əsas borcu 1.349,49 manat, faiz borcu 259,53 manat təşkil edir (iş v. 97). Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. 13.İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,09 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,05 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-757/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Əsas borc kimi 1.349,49 manat, faiz borcu kimi 259,53 manat, dövlət rüsumunun əvəzi kimi 54,14 manat, cəmi 1.663,16 (min altı yüz altmış üç tam yüzdə on altı) manat Cavabdeh alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar