Məhkəmə qərarları › İş №2(103)-3745/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3745/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3745/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2229/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadından iddiaçı “X1” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2229/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan İddiaçı “X1” ASC şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2229/2023 saylı qərardadına əsasən iddiaçı tərəfindən verilmiş borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, Cavabdeh qeydiyyatda olduğu və Suraxanı rayon Polis İdarəsinin İnzibati binası hesab edilən ünvanı göstərməklə Mülki Prosessual Məcəllənin 284-3.2.2-ci maddəsinin tələblərinə riayət etməmiş və cavabdehin ünvanı inzibati bina olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışda görünür ki, cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin qeydiyyat ünvanının hazırda hansı ünvan olması məlum deyil. İddia ərizəsinin geri qaytarılmasının əsasları Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində qeyd edilmişdir. Lakin hazırki işin geri qaytarılması üçün qərardadda qeyd edilmiş əsas Azərbaycan Respublikası MPM-in 152-ci maddəsində nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsində qeyd edilir ki, “yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər”. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsas mövcud deyildir. Bundan əlavə, bir iddiaçı olaraq “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehin faktiki yaşayış yerini müəyyən etmək qeyrimümkündür və faktiki ünvanın müəyyən edilməsi üçün bir elektron mexanizm də mövcud olmadığı üçün bu cür müəyyənetmə iddiaçının imkanı xaricindədir. Belə olan halda cavabdehin faktiki yaşayışına görə iddia ərizəsinin geri qaytarılması məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırır. Eyni zamanda da göründüyü kimi, qərardadda qeyd edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılma səbəbləri yuxarıda istinad etdiyi Azərbaycan Respublikası MPM -nin 152-ci maddəsində göstərilən bəndlərin heç birinə aid deyil. Odur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2229/2023 saylı qərardadı qanunusuz olduğundan ləğv olunmalı, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul olunmalıdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2229/2023 saylı, 03 may 2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-5.1 və 284-3.5-ci maddələrinə istinad edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən qənaətini bununla əsaslandırmışdır ki, cavabdehin faktiki yaşadığı ünvanını təsdiqləyən sübut iş materiallarına əlavə edilməmişdir. İddiaçı ərizədə cavabdehin faktiki olaraq ünvan 2 ünvanında yaşadığını qeyd etmişdir. Lakin cavabdehlə əlaqə saxlanılmış və cavabdehin həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bununla da, iddiaçı cavabdehin faktiki yaşadığı hesab edilən ünvanı yanlış göstərməklə Mülki Prosessual Məcəlləsinin 284-3.2.2ci maddəsinin tələblərinə riayət etməmişdir. Cavabdehin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın göstərilməməsi və ya olmaması, ona bildirişin rəsmi qaydada verilməsini istisna edir və bununla da o, əsaslandırılmış etirazlarını bildirmək hüququndan məhrum olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı isə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verməsi əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçmir. Belə ki, cavabdehin Suraxanı rayon Polis İdarəsinin İnzibati binasından qeydiyyatdan çıxarıldıqdan sonra qeydiyyat yaxud faktiki yaşayış ünvanının hazırda hansı ünvan olmasının məlum olmaması şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, bu hal iddiaçıya ərazi aidiyyəti qaydalarını pozaraq iddia ərizəsi ilə istədiyi məhkəməyə müraciət etməyə əsas vermir. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi... aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işin ərazi aidiyyəti üzrə də məhz Suraxanı Rayon Məhkəməsində baxılmalı olması mübahisəsiz olmalıdır. Başqa sözlə qeyd olunan norma məhkəməyə ərazi aidiyyətinə əməl edilməməsinə görə iddia ərizəsini geri qaytarmağa imkan verir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Polis İdarəsinin inzibati binasının cavabdehin əvvəllər rəsmi qeydə alındığı yer olsa da iddia ərizəsi məhkəməyə verilərkən cavabdeh həmin binada qeydiyyatda olmamışdır. Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Lakin cavabdehin Suraxanı rayonu ərazisində əmlakının olmasına dair də iddia ərizəsinə hansısa sübut əlavə edilməmişdir. Eyni zamanda cavabdehin məlum olan axırıncı yaşayış yeri də Suraxanı rayon Polis İdarəsinin İnzibati binası olmamış və olması da mümkün deyildi. Demək ki, bu maddədə göstərilən əsaslar olmadığına görə də iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilə bilməzdi. Ona görə də bankın cavabdehin qeydə alındığı ünvanı, faktiki yaxud məlum olan axırıncı yaşayış yerini müəyyən edə bilməməsi şikayətin əsaslı olmasına təsir etmir və bu vəziyyət heç bir halda məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2229/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2229/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar