Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3747/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi, əsas və faiz borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizəyə və xx.xx.2021-ci il tarixli 056A********** nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə qaytarmaq, aylıq 1.6667 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
2. Bank Xidmətlərinin Göstərilməsi X3 Şərtlərinin 7.32 və 7.32.1-ci bəndlərindən görünür ki, müştəri krediti və kredit faizini müqavilənin şərtlərinə əsasən və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank kredit və girov barədə qarışıq müqavilənin və ya nağd krediti barədə müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini və kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir.
3. İddiaçı ASC-nin arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci iİ tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 10581,47 manat əsas, 1042,08 manat faiz və 372.48 manat cərimə olmaqla, cəmi 11996,03 manat borcu vardır.
4. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
5. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 125.99 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İş üzə qəbul olunmuş məhkəmə aktları
6. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10581,47 manat əsas, 1042,08 manat faiz və 372,48 manat məbləğində cərimə borcu olmaqla cəmi 11996,03 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 125,99 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətləri göstərilməsi X3 şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 36 ay müddətinə, aylıq 1.6667% olmaqla, 15000 (on beş min) manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi plnlaşdırılmış aylıq üçün xx.xx.2022-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətləri X3 şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq Ərizədə qeyd olunur. O, götürdüyü kredit borcundan 4418.53 manat ödəniş etmiş və onun iddiaçıya 10581.47 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə 206 gün üçün hesablanmış faiz borcu 1042.08 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 206 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 372.48 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir.
8. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 056A********** nömrəli müqavilənin (ərizə) ləğv edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli 056A********** nömrəli müqavilə üzrə 10581,47 manat əsas, 1042,08 manat faiz və 30 manat cərimə olmaqla, cəmi 11653.55 (on bir min altı yüz əlli üç manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 125,99 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edlmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Təsvir olunanlara əsasən məhkəmə hesab etmişdir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 10581,47 manat əsas və 1042,08 manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır. Cərimə borcunun tutulmasına dair iddia tələbləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 372.48 manat məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 30 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.2, 442, 462.1, 467, 739.1, 739.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, o məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyil. O bankdan götürdüyü kreditdən 5.000 manatdan çox pul ödəyib. Ona məhkəmə əsassız olaraq faiz və cərimə hesablamışdır. O bununla razı deyil. Cərimə və faiz borcu onun adından silinməlidir. O heç bir yerdə işləmir, himayəsində 3 uşağı vardır, o qalan kredit pulunu hissə-hissə ödəyə bilər, kredit borcunu o bir dəfəyə ödəyə bilmir, buna onun imkanı yoxdur. Lakin məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa hesab edir ki, kredit borcu, faiz borcu iddiaçı tərəfindən şişirdilmiş, yüksək rəqəm göstərilmişdir, o bununla razı deyil, hesab edir ki, kredit borcu yenidən mütəxəssis, ekspert tərəfindən hesablanmalıdır, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. İşə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77, 88, 217, 218-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, yeni bir qrafik açılmasını xahiş edirəm. O əvvəllər işləyirdi. İndi işləmir. Krediti bacısı xəstə olduğuna görə götürüb. O pulu ödəməyəcəyini demir. Bacısı onkoloji xəstədir və anası da xəstədir. Onun bir istəyi yenidən qrafik yaradılaraq ödənişə başlamaqdır.
15. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, ekspert rəyi ilə razı deyil. 15.000 manat kredit götürülüb, 4418.53 manat əsas borcdan, 3136.81 manat faiz borcundan və 1367.32 manat isə cərimə borcundan ödəniş edilmişdir. Ekspert rəyində 5821.13 manat əsas borcdan, 3098.52 manat isə faiz borcundan silindiyini qeyd etmişdir. Cərimə borcundan silinən məbləğ ümumiyyətlə nəzərə alınmayıb. Halbuki həm müqavilə şərtində, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Hesabdan çıxarışda hər biri qeyd edilib ki, hansı əsas borca, hansı faizə və hansı cəriməyə silinib. Bu məbləğləri nəzərə almadan əsassız olaraq yalnız əsasa və faizə silinməsi ekspertin rəyinin əsassız olmasına dəlalət edir. Hal-hazırda bank cavabdehdən borcu görə birdəfəlik ödəməyi tələb edir. Ekspert rəyində 1000 manat əsas borcda və təxminən 100 manat faiz borcunda fərq var. Əsas faiz borcda problem var, faiz borcdan silindiyinə görə bu qədər fərq yaranıb.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmn edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlilidir.
23. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizəyə və xx.xx.2021-ci il tarixli 056A********** nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə qaytarmaq, aylıq 1.6667 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
24. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək müqavilə üzrə 10581,47 manat əsas, 1042,08 manat faiz və 372,48 manat məbləğində cərimə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
26. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət üzrə araşdırma zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
27. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu ünvanlanmış, borcun qaytarılması tələb olunmuşdur.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
29. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli, 3-16- 16/2-9/6300/2023 tarixli ekspert rəyində qeyd edilir ki, xx.xx.2021-ci il tarixli 056A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borcu 9178,86 manat, faiz borcu 865,66 manat təşkil edir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
31. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
33. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10581,47 manat əsas, 1042,08 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 9178,86 manat əsas, 865,66 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10581,47 manat əsas, 1042,08 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 9178,86 manat əsas, 865,66 manat faiz borcu, cəmi 10044.52 manat (on min qırx dörd manat əlli iki qəpik) məbləğində pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev