Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3747/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X11 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsi üçüncü şəxs X7 faktiki sahibliyindədir. xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 467264 nömrəli etibarnamə əsasında mübahisəli torpaq sahəsinin müqabilində İddiaçı Cavabdeh isə 15000 manat məbləğində pul vermişdir.
2. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X15 tərəfindən xx.xx.2022-ci il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manatı pulun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, dul qadındır bir qızı var, onlarla birlikdə yaşayır. Nəvələri də onlar kimi əziyyət çəkməsin deyə onların gələcəkdə rahat təhsil almaları üçün Bakı kəndlərinin birindən ev almaq istəyirdi. Bu minvalla eşitmişdir ki, Bakı şəhəri, Ramana Südçülük sovxozu ərazisində 3 sot həyətyanı sahəsi və 3 otaqlı mənzili olan fərdi yaşayış evi satılır. Beləliklə o, sözügedən fərdi yaşayış evini satan Cavabdeh ilə tanış olmuş və xx.xx.2021-ci il tarixdə həmin mənzili 15.000 manat nağdı pul ödəməklə etibarnamə əsasında almışdır. Bundan sonra sözügedən mənzilə ev əşyalarını yığıb, qapını açarla bağladıqdan sonra Saatlı rayonuna qayıtmışdır. Lakin 2022-ci ilin iyun ayında həmin mənzilə baş çəkmək istəmiş, amma darvazanın sökülərək ləğv edildiyini, iki həyətin arasında olan daş çəpərdən qapı açıldığını görmüşdür. O, həyətə daxil olduqdan bir qədər sonra həyətdə olan digər mənzildən özünü X5 təqdim edən şəxs onun həyətində nə gəzdiyini soruşmuşdur. O da həyətdə olan digər 3 otaqlı mənzili 15000 manata aldığını, öz evinə gəldiyini bildirmişdir. Almas Qurbanova həyət və evlərin ona məxsus olduğunu, heç kimə heç nə satmadığını, pulu ödədiyi adamdan geri istəməyini bildirmişdir. Bundan sonra o, aldandığını anlamış və Cavabdehla görüşüb, iradlarını ona bildirmişdir. Məcbur qalıb Sabunçu Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsində izahatı alınan Əhmədov X20 rayonu, Ramana Südçülük sovxozu ərazisində 3 sot torpaqda yerləşən 3 otaqlı fərdi evi etibarnamə əsasında ona 15.000 manat müqabilində satdığını etiraf etmişdir. Lakin hər dəfə, o, pulunu tələb etdikdə, o müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmiş, Təranə Cavadovaya ödədiyi pulu alandan sonra onun pulunu qayraracağını bildirmişdir.
5. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsini qeyd etməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh iddiaçının qarşısında hər hansı bir borc öhdəlikləri götürməmiş və onların arasında hər hans bir formada borc müqaviləsi bağlanmamışdır. Öhdəlik anlayışını əhatə edən normadan belə qənaətə gəlmək olur ki, tərəflərdən biri (iddiaçı) digər tərəfə pul verir, digər tərəf isə (cavabdeh) iddiaçıya əmlak verir. Cavabdeh tərəfindən fərdi yaşayış evi iddiaçıya təhvil verilmişdir. Hətta iddiaçı ev əşyalarını həmin evə yığmışdır. Başqa sözlə, cavabdeh üzərinə düşən öhdəliyi icra etmişdir - satdığı əşyanı alıcıya, yəni iddiaçıya təhvil vermişdir. Üçüncü şəxsin qəsdi nəticəsində, yəni X7 qanunsuz hərəkətləri nəticəsində aldığı əşya iddiaçının əlindən çıxmışdır. Belə olan halda, bu deliktə görə cavabdeh məsuliyyət daşıya bilməz. "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən edilmiş çıxarışdan da görünür ki, X3 qəsəbəsində yerləşən özünə məxsus 1000 kv.metr torpaq sahəsindən 300 kv.metrini istifadə, həmin sahədə tikinti işləri aparılması və sair hüquqları X12 ötürmüş, sonuncu həmin hüquqları X16, bu sonuncu şəxs isə həmin hüquqları xx.xx.2021-ci il tarixdə 39 saylı notariat ofisində təsdiq olunmuş müvafiq etibarnamə əsasında hazırki iddiaçı X9 ötürmüşdür. Başqa sözlə, X11 faktiki istifadəsindən olan 1000 kv.metr torpaq sahəsindən 300 kv.metrini əvvəlcə X2, daha sonra bu sonuncu şəxs həmin 300 kv.metr torpaq sahəsini X4 və sonda cavabdeh tərəfindən X10 alınmış torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evində təmir işləri apararaq yaxşılaşdırılmış vəziyyətdə hazırki iddiıçı İddiaçı satmışdır. Torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlərin olmaması səbəbindən bu əməliyyatlar etibarnamə vermək yolu ilə həyata keçirilmişdir. Lakin xeyli müddət (ən azı 7-8 ay) evi boş görən X11 yaranmış vəziyyətdən öz xeyrinə istifadə edərək həmin torpaq sahəsini və fərdi yaşayış evini zəbt etmiş, küçəyə çıxan darvazanı ləğv etmiş, öz həyəti ilə mübahisəli torpaq sahəsinin arasında olan daş hasardan (çəpərdən) əlavə qapı açmışdır. Bu hallar isə ona dəlalət edir ki, mübahisəli torpaq sahəsi X8 məxsus torpaq sahəsindən təcrid olunaraq (daş hasarla) onun tərəfindən başqa şəxşə satılmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh həmin torpağa dair hər hansı hüquqmüəyyənedici sənədi olmadan etibarnamə əsasında satmaq adı ilə iddiaçıdan 15.000 manat pulu almış, torpağın faktiki sahibi iddiaçı ilə heç bir hüquq münsibətləri olmadığı üçün onu həmin torpaq sahəsinə buraxmamış və bunun nəticəsində iddiaçı 15.000 manat məblğəində ziyana düşmüş, cavabdeh isə həmin məbləğdə əsassız varlanmışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi və mənzil üzərindəki hüquqları X13 etibarnamə əsasında X12, ikinci şəxs isə yenidən etibarnamə ilə ona vermişdir. X1 Təranə İsa qızına verdiyi etibarnaməni ləğv etməsi barədə onlara hər hansı bir məlumat verilməmişdir. Həmçinin həmin etibarnamə əvvəldən ləğv olunsa da onun əsasında digər etibarnamələr verilə bilməzdi. Qətnamə bu əsassız varlanmağa əsaslanıb iddianı təmin etmişdir. Lakin onun hansı əməli əsassız varlanmaya səbəb ola bilər ki?! Pul verib ev, torpaq alıb. Təmir işləri görüb. Daha sonra həmin torpağı ev ilə barəbər satmışdır. Ev və torpağı digər şəxs qanunsuz olaraq zəbt etmişdir. Ondan isə pul tutulur?! İşə baxan zaman prosessual hüquq norması pozulmuşdur. Əsassız varlanmağa dair heç bir mötəbər dəlil təqdim olunmamışdır. Həmin torpaq sahəsini mən digər şəxsdən almışdım, onun polisdə də bu barədə izahatı var, lakin məhkəmə onu dindirmədən yekun qərara gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bilirmişdir ki, o, bu pulu Cavabdeh vermişdir.
13. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin imkanı var. Hamısını belə yollara əl ataraq əldə etmişdir. Cavabdeh onun xəbəri olmadan torpaq sahəsinə kənar şəxslər gətirmişdir. İddiaçıya torpaq sahəsinin içindəki 5 otaqlı evlə birlikdə satışa çıxdığını demişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 23.1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 24.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 25.1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
26.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakın satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamış, cavabdeh özünə məxsus olması müəyyən edilməyən Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsini müvafiq məbləğ müqabilində xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 467264 nömrəli etibarnamə əsasında iddiaçının sahibliyinə verməyi, iddiaçı isə müqabilində 15.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının mübahisəli torpaq sahəsinin sahibliyinə verilməsi üçün 15.000 manat məbləğində pul ödədiyi, müqabilində isə torpaq sahəsinin verilmədiyi işin mübahisələndirilməyən hallarındandır. Mübahisəli torpaq sahəsinə cavabdehin hər hansı aidiyyəti müəyyən edilməmiş, o, bu əmlakın nə əvvəlki, nə də indiki sahibi deyildir.
31. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin nə cavabdeh, nə də torpağın qanuni sahibi tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir. Bununla da mübahisənin cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi Mülki Məcəllənin alqı-satqı müqaviləsinə aid müddəaları əsasında həll edilməsi istisna edilir.
32. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən mübahisəli torpaq sahəsi üçün 15.000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur.
33. Yuxarıda göstərilən normaların mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Beləliklə cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır. İddiaçı da həmin əmlakdan məhrum olan şəxs olaraq əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, cavabdeh məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova