Məhkəmə qərarları › İş №2(103)-375/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-375/2022

06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-375/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(008)- 1421/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 9086 manat məbləğində vurulmuş zərərin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan "Hyundai Accent" markalı 90MU856 dövlət qeydiyyat nişanlı avtomobil 05 noyabr 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan "VAZ-21074" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Sabunçu DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İddiaçı məxsus olan “Hyundai Accent" markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9086 manat məbləğində zərər dəymişdir. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bununla əlaqədar bildirir ki, VAZ 21074 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, hadisə zamanı avtomobil etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə edildiyindən zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(008)- 1421/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 9086 (doqquz min səksən altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1421/2021 saylı iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə qeyri-qanunidir, prosessual normaların kobud şəkildə pozulması nəticəsində qəbul edilmişdir və ləğv edilməlidir. Məhkəmə qətnaməsində göstərilir ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh kimi Cavabdeh2, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır.Belə ki, məhkəmənin bildirişi ona göndərilməmiş və hər hansı bir formada təqdim edilməmişdir. Məhkəmə tərəfindən prosessual hüquq norması pozulmuşdur. Məhkəmə isə işə baxılmasını təxirə salıb, ona lazımi qaydada bildiriş göndərmək əvəzinə işə onun iştirakı təmin edilmədən baxmış və qanunsuz qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə işə onun iştirakı olmadan baxıldığı üçün şikayətin dəlillərindən asılı olmayarq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan əlavə məhkəmə qətnaməsində göstərilir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran VAZ 21074 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olmuş, Cavabdeh1 isə qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Belə olan halda, dəymiş ziyana görə məsuliyyəti həm sözü gedən avtomobilin mülkiyyətçisi, həm də onu qanuni əsası olmadan idarə edən şəxs müştərək qaydada daşıyırlar. Belə ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsi barədə heç bir iddia irəli sürməmişdir. İddiaçıya məxsus avtomobilə dəyən ziyanın məbləğinin 9086 manat olması isə “AUTO Azərbaycan” tərəfindən verilmiş aktda öz təsdiqini tapır. Məhkəmə qətnaməni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1108.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4cü maddələrinə istinad etmişdir. Bildirir ki, məhkəmənin gəldiyi nəticə səhvdir və burada kobud prosessual pozuntuya yol verilmişdir. Belə ki, məhkəmə tərəflərin arasında çəkişmə prinsipinə əməl etməmiş, onların məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Onun məhkəmə prosesində iştirakının təmin edilməməsi nəticəsində yüksək təhlükə mənbəyinin sahibi kimi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsi barədə iddia irəli sürə bilməmişdir. Bundan əlavə məhkəmə proseesində iştirakının təmin edilməməsi nəticəsində o, iddiaçıya məxsus avtomobilə dəyən ziyanın məbləğinin 9086 manat olması ilə bağlı “AUTO Azərbaycan” tərəfindən verilmiş aktı mübahisələndirə bilməmiş. Bildirir ki, aktda göstərilən məbləğ həqiqəti əks etdirmir və şişirdilmiş rəqəmdir. Hesab edir ki, məhkəmə dəymiş ziyanın dəqiq məbləğini müəyyən etmək üçün mütləq texnikimühasibatlıq-ekspertizası təyin etməli və ekspertiza rəyinin nəticəsinə əsasən yeni qətnamə qəbul etməlidir. Hesab edir ki, Bakı şəhəri Sabıınçu rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsinin qəbul edilməsi nəticəsində hüquqları pozulduğundan, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X5 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəfin izahatını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə 9086 (doqquz min səksən altı) manat borc məbləği hissədə dəyişdirilərək, 6885,0 (altı min səkkiz yüz səksən beş) manat məbləği hissəsində müəyyən olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, Cavabdeh1 Vaz 21074 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə icbari sığortası olmadan və etibarnaməsiz hərəkət edərək düzgün ara məsafəsi saxlamadan hərəkət edərkən Hyundai Accent markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobililə toqquşduğundan inzibati xətalar məcəlləsinin 327.1, 332.1 və 469.3-cü maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh1 inzibati xətalar məcəlləsinin 327.1, 332.1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AB N652856 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Accent" markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı Böyükağa oğludur. İş materiallarında olan “AUTO Azərbaycan” AA041014 saylı aktdan görünür ki, “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 9086 manat müəyyən edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh VAZ 21074 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun həmin avtomobili idarə etməyə etibarnaməsi olmamışdır. Həmçinin cavabdeh düzgün ara məsafəsi saxlamadığından idarə etdiyi avtomobil ilə İddiaçı Böyükağa oğluna məxsus, X7 tərəfindən etibarnamə əsasında idarə olunan Hyundai Accent markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq qəza vəziyyəti yaranmışdır. Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran VAZ 21074 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olmuş, Cavabdeh1 isə qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Belə olan halda, dəymiş ziyana görə məsuliyyəti həm sözügedən avtomobilin mülkiyyətçisi, həm də onu qanuni əsası olmadan idarə edən şəxs müştərək qaydada daşıyırlar. Belə ki, iş materiallarından görünür ki, VAZ 21074 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 X6 verdiyi etibarnamələr xx.xx.2019xx.xx.2019-cu illər və xx.xx.2019-xx.xx.2019-cu illər ərzində, X3 verdiyi etibarnamələr isə xx.xx.2019-xx.xx.2019-cu illər və xx.xx.2019-xx.xx.2020-ci illər ərzində qüvvədə olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, İddiaçı məxsus olan "Hyundai Accent" markalı 90MU856 dövlət qeydiyyat nişanlı avtomobil 05 noyabr 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan "VAZ-21074" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir.Sabunçu DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 nümayəndəsi xx.xx.2019-cu il tarixli Müqaviləni məhkəməyə təqdim edərək VAZ 21074 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin Müqavilə əsasında X1 bildirsə də, məhkəmə kollegiyası həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun təsdiq edilərək qeydə alınmadığından alqı-satqı faktını təsdiq edəcək sübut kimi qəbul etməmişdir. Belə ki, Mülki Məcəllənin: 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 650-ci maddəsinə əsasən Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Daha sonra iş materiallarından görünür ki, iddiaçıya məxsus avtomobilə dəyən ziyanın məbləği 9.086,0 manat olması “AUTO Azərbaycan” tərəfindən verilmiş akta əsasən müəyyən edilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/7756 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı məxsus olan "Hyundai Accent" markalı 90MU856 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri köhnəlmə faizləri tətbiq edilməklə 6.885,0 manat təşkil edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/7756 saylı ekspert rəyi kifayət qədər əsaslandırıldığından digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi vurulmuş maddi ziyanın əvəzi olaraq 9086 (doqquz min səksən altı) manat məbləği hissəsində dəyişdirilməlidir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(008)-1421/2021 nömrəli qətnaməsi vurulmuş maddi ziyanın əvəzi olaraq 9086 (doqquz min səksən altı) manat məbləği hissədə dəyişdirilməli, vurulmuş maddi ziyanın əvəzi olaraq 6.885,0 (altı min səkkiz yüz səksən beş manat, 0 qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ödənilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(008)-1421/2021 nömrəli qətnaməsi vurulmuş maddi ziyanın məbləği hissədə dəyişdirilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 6.885,0 (altı min səkkiz yüz səksən beş manat, 0 qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar