Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3750/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2952/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbbi qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2192 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 2222 manat pulun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB 31.10.2018-ci il tarixli AKX0039907/10- 2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1302AQ**********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmişdir. 30.01.2018-ci il tarixli, ******* saylı akta əsasında 489,40 manat, 26.02.2018-ci il tarixli, ******* saylı akta əsasında 114 manat, 30.03.2018-ci il tarixli, ******* saylı akta əsasında 194,40 manat, 26.04.2018-ci il tarixli, ******* saylı akta əsasında 116,60 manat, 31.05.2018-ci il tarixli, ******* saylı akta əsasında 134,40 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasında 799,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasında 90 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasında 252 manat, Cəmi 2071,20 manat “Azəriqaz” İB-nə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2071,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır.Bundan əlavə cavabdehin əvvəldən 120,80 manat borcu olmuş və karta keçirilmişdir.Cavabdehə Birliyin işçiləri tərəfindən 2192 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2952/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 450 manat məbləğində dəymiş ziyan, 6 manat dövlət rüsumunun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Tahirə Əsədova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2952/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsinin iddianın rədd edilmiş hissəsə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (iddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış və yay aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaq məhkəmənin maddi və prosessual hüquq normalarına da riayət etməsini yoxlamalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli 2(008)-2952/2020 saylı qətnamədə iddia tələbi qismən təmin olunmuş olsa belə, tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 386; 448.2; 1096; 1097.1; Qaz təchizatı haqqında Qanunun 6.2; 20 və 22-ci; X2 6.5-ci maddələri) ümumiyyətlə tədbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli plan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş, lakin iddia tələbi tam təmin edilməmiş və iş üzrə düzgün olan qanunların müddəaları da tədbiq edilməmişdir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı “Azəriqaz” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh əvvəllər kənar xəttin olduğunu etiraf etmiş, hazırda isə ondan istifadə etmədiyini bildirmişdir. Lakin hansı müddətdən etibarən kənar xətdən istifadə etmədiyini əsaslandıra bilməmiş, bununla belə digər etirazlarının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli iddia qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 31.10.2018-ci il tarixli AKX-0039907/10-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə»yə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə 4 gözlü qaz plitələri (PQ 4), su qızdırıcı kalonkalar, kərpic plitə kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir. “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1302AQ**********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: 30.01.2018-ci il tarixli, ******* saylı akta əsasında 489,40 manat, 26.02.2018-ci il tarixli, ******* saylı akta əsasında 114 manat, 30.03.2018-ci il tarixli, ******* saylı akta əsasında 194,40 manat, 26.04.2018-ci il tarixli, ******* saylı akta əsasında 116,60 manat, 31.05.2018-ci il tarixli, ******* saylı akta əsasında 134,40 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasında 799,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasında 90 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasında 252 manat, Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni 450 manat hissəsində təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, təbii qazdan qeyri-qanuni istifadə əsasında vurulmuş zərərin yay ayları üçün 30 manat, qış ayları üçünsə 60 manatdan hesablanması ədalətlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edilməsini zəruri hesab edir ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş zərərin yay ayları üçün 30, qış ayları üçün 60 manatdan hesablanmasının normativ əsası birinci instansiya məhkəməsi tərəfindən göstərilməmişdir. Bu səbəbdən də kollegiya həmin yanaşmanı əsassız hesab edir. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında verdiyi izahatında bir dəfə qanunsuz qoşulma etdiyini, daha sonra isə qanunsuz qoşulma etmədiyini qəbul etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman qanunsuz qoşulmanın olubolmamasının müəyyən edilməsindən ötrü 2(103)-3750/21 saylı, 23.04.2021-ci il tarixli qərardadla məhkəmə texniki ekspertizası təyin edilmiş və tədqiqat aparılması üçün iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 09 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanından təbii qazdan istifadə ilə əlaqədar kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Kollegiya hesab edir ki, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının (MM 1096,1097) tələblərinə əsasən qeyd edir ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, tərəflər arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli, AKX-0039907/10-2018 nömrəli müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X2 təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin, işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 30.01.2018-ci ildə müəyyən etmişdir və müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 8 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki X3nda qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 2 il müddətdən sonra iddia verməsi onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir. Sadalanan xüsusatlara əsasən kollegiya vurğulayır ki, cavabdeh tərəfindən bir dəfə qanunsuz qoşulma həyata keçirildiyi etiraf edildiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni 30.01.2018-ci il tarixli, ******* nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməlidir. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qanunsuz qoşulma nəticəsində dəymiş zərərin yay ayları üçün 30 manat, qış ayları üçün 60 manatdan olmaqla 450 manat məbləğində müəyyən etməsi əsaslı deyildir. Kollegiya ekspertiza xərci ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Kollegiya qeyd edilən normalara müvafiq olaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 102 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 22 manatı cavabdehdən, qalan 80 manatı isə iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Belə ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehdən qanunsuz qoşulmaya görə qanunsuz qoşulmanın aşkar edildiyi ilk Akta əsasən, yəni 30.01.2018-ci il tarixli akta əsasən hesablanmış 489.40 mana məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2952/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 489.40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat pul vəsaiti iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2952/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 489.40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat pul vəsaiti iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat məbləğində pulun 22 manatı Cavabdeh, 80 (səksən) manatı isə iddiaçı “Azəriqaz” İstehsalat Birliyindən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3750/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3750/2021
15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver