Məhkəmə qərarları › İş №2(103)-3750/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3750/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3750/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-385/2024 nömrəli, 16 fevral 2024cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.19-cu bəndinə əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbul, bəyan və təsdiq edir.

2. “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin surətindən görünür ki, “X4 Azərbaycan” QSC məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir.

3. 09.10.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016- cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin şərtlərinə uyğun olaraq “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2012-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 1582 manat məbləğində pul vəsaitinə görə “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC -yə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir.

4. Təhvil aktlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 882 manat məbləğində ödəniş etmişdir. "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X4 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 237.30 manat məbləğində xidmət haqqı ödəmişdir.

5. 09.10.2023-cü il tarixli bildirişdən görünür ki, “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 100 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 882 manat məbləğlərindəki vəsait "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC -yə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh ilə “X4 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bu səbəbdən də tərəflərindən "xxxx" MMC-yə köçürülmüş 237.30 manat məbləğində xidmət haqqı cavabdeh tərəfindən ödənilməlidir. Mübahisənin məhkəməyədək həll olunmasına dair mövcud olan qanunvericiliyin tələblərinə əsasən hazırki “pretenziya məktubu” göndərilir. Pretenziyada göstərilənlər icra olunmadığı təqdirdə “X4 Azərbaycan” QSC qanunla nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında iddia qaldırmağa müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsi və pulun ödənilməsinə dair iddiasını müdafiə etməkdə haqlıdır. Bu halda tələb olunan məbləğə əlavə olaraq məhkəmə xərcləri də əlavə olunacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 5 (beş) iş günü müddətində pretenziyada göstərilən cəmi 237.30 manat məbləği “X4 Azərbaycan“ QSC-yə ödənilməsi xahiş edilmişdir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)- 1492/2021 saylı məhkəmə qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 1369.03 məbləğində əsas borc, 159.58 məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 13 manat məbləğində cərimə borcu, 8.00 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya borcu, 3.40 məbləğində cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 1553.01 manat və dövlət büdcəsinə köçürülmüş rüsumun 27.26 manat hissəsi "X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 2.74 manatı iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. “X4 Azərbaycan” QSC tərəfindən Nizami Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh məhkəmə qətnaməsi üzrə borcu “X4 Azərbaycan” QSC-nin xeyrinə bağlanmışdır.

8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrədin Şahhüseynovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)- 1492/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

9. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, “X4 Azərbaycan” QSC tərəfindən “İnternational Legal Service“ MMC-yə onu məhkəmələrdə təmsil etmək və icra işləri ilə məşğul olmaq üçün etibarnamə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 237,30 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3272/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X4 Azərbaycan” QSC arasında xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X4 Azərbaycan” QSC-nin "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 100 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 882 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X4 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 237.30 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.”

13. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı qətnaməsi ilə 1369.03 manat məbləğində əsas borcun, 159.58 manat məbləğində faiz borcunun, 13 manat məbləğində cərimə borcunun, 3.40 manat məbləğində cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərclərinin, cəmi 1553.01 manat və dövlət büdcəsinə köçürülmüş rüsumun 27.26 manat hissəsinin ondan, yəni Cavabdeh alınaraq “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı qətnaməsi üzrə çıxarılmış icra vərəqəsi üzrə borc öhdəliyi tam səkildə tərəfindən ödənilmişdir. Hazırki kiçik mübahisələr üzrə iddia ərizəsində də iddiaçı tərəf borcun tam şəkildə tərəfindən ödənilməsini qeyd edir. Hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı icra vərəqəsi üzrə heç bir borc öhdəliyi mövcud deyildir. Üzərindən 2 ildən çox vaxt keçdikdən sonra iddiaçı Bank ona qarşı “borcun tutulması tələbi” nə dair yeni bir iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olduqda məlum olur ki, hazırki mübahisə predmetinin əsasını 237.30 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı banka ödənilməsi təşkil edir. Borcun yaranma səbəbini isə iddiaçı “X4 Azərbaycan” QSC iddia ərizəsində “İnternational Legal Service“ MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilə ilə nəzərdə tutulmuş xidmətin göstərilməsinə dair öhdəlikdən irəli gəldiyini göstərmişdir. Nəzərə çatdırır ki, onunla iddiaçı “X4 Azərbaycan” QSC arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq” müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Aralarında bağlanmış müqavilənin heç bir bəndində tərəfindən “İnternational Legal Service“ MMC-yə xidmət haqqı ödəyəcəyinə dair vəzifə öhdəliyi nəzərdə tutulmamışdır. Göründüyü kimi xidmət haqqına dair müqavilə “X4 Azərbaycan” QSC ilə “İnternational Legal Service“ MMC arasında onunla bağlanan xx.xx.2012-ci il tarixdə “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq” müqavilədən 4 il sonra, yəni xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Buradan da aydın şəkildə görünür ki, iddiaçının hazırki iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Həmçinin onu da qeyd etmək istəyir ki, iddiaçı Bank vaxtı ilə ona qarşı borcun qaytarılması ilə tələbi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərkən qeyd edilən xidmət haqqının, yəni 237.30 manat məbləğində maddi zərərin tutulmasını tələb etməmişdir. Odur ki, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir..

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-385/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, Cavabdeh 237.30 manat məbləğində maddi zərərin və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 389.3, 421.2, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinin cavabdehə heç bir aidiyyatı yoxdur. Belə ki, iddianın predmeti "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən yaranmış münasibətlər irəli gələn məsələlərdir. Vaxtı ilə iddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehə qarşı pul tələbinə dair məhkəməyə müraciət olunmasında, məhkəmə proseslərində iştirakında, yekun məhkəmə aktının qəbul olunmasında "xxxx" MMC-nin hər hansı bir əməkdaşının rolu olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı qətnaməsinin təsviri və ya qət etdi hissəsinə nəzər yetirdikdə həmin çəkilən xərclərlə, yəni xidmət haqqının tələb olunması ilə balı heç bir xüsusat qeyd edilməmişdir. Həmin "xxxx" MMC-nin əməkdaşlarının qətnamə qət olunduqdan sonra borcun qaytarılması istiqamətində hər hansı faydalı və lazımı fəaliyyətlə məşğul olması özü özlüyündə əsaslı şübhələr doğurur. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında Qanunu”nun tələblərinə görə(imperativ norma) məhkəmələrin qərarları əsasında verilən icra vərəqələrinin icrası icra məmurları tərəfindən həyata keçirilir. Müvafiq icra vərəqəsinin icrası ilə bağlı icra məmurlarının gördükləri tədbirlərə dair nəzərdə tutulan xidmət haqqı (7 %) tərəfimdən tam ödənildikdən sonra həmin icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Necə ola bilər ki, icra tədbirlərinin görülməsi və icra vərəqi üzrə öhdəliyin icra edilməsi istiqamətində görülmuş tədbirlərə görə tərəfimdən qanunla nəzərdə tutulmuş 7 % xidmət haqqı ödənilməklə xitam qərardadı qəbul edildiyi halda, birinci instansiya məhkəməsi hansısa kollektor şirkətinə guya qətnamə üzrə qət olunan pul borcunun qaytarılması istiqamətində gördükləri tədbirlərə görə müvafiq xidmət haqqının məndən tutulması barədə əsassız qətnamə qəbul etsin.. Həmçinin adı sadalanan kollektor şirkətinin müvafiq əməkdaşlarının icra vərəqi üzrə nəzərdə tutulan öhdəliyin icra olunması istiqamətində gördükləri tədbirlər və həmin tədbirlər nəticəsində yaranan xərclər barədə heç bir yazılı sübut iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdm olunmamış, eyni zamanda məhkəmə də işin tam, obyektiv araşdırması üçün bu kimi xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

25. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.

26. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-385/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iş materiallarından müəyyən olunur ki, “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilə bağlanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, e-2(007)- 1492/2021 saylı qətnaməsi ilə Cavabdeh 1553.01 manat pulun “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC tərəfində göstərilən hüquqi yardım nəticəsində, qət edilmiş 1553.01 manatın “X4 Azərbaycan” QSC-yə ödənilməsi təmin edilmişdir. Göstərdiyi hüquqi yardıma görə “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMCyə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda “X4 Azərbaycan” QSC "xxxx" MMC-yə ödədiyi 237.30 manat məbləğində xidmət haqqının Cavabdeh tutulmasını xahiş edir.

38. İş materiallarından görünür ki, “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə "Hüquqi xidmət haqqında" müqavilə bağlanmışdır və “X4 Azərbaycan” QSC tərəfindən “İnternational Legal Service“ MMC-yə xx.xx.2021-ci il tarixdə onu məhkəmələrdə təmsil etmək və icra işləri ilə məşğul olmaq üçün etibarnamə vermişdir.

39. “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin 4.19-cu bəndinə əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbul, bəyan və təsdiq edir.

40. “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5-ci bəndinə əsasən istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya kredit kartlarla bağlı qarışıq müqavilələrinə (müqavilə) əsasən istifadə edilən kreditlərdən yaranan borcların qaytarılması (yığılması) ilə əlaqədar ödəniş və xərclər: 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən (istehlak və kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında).

41. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2012-ci il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sinin 4.20-ci bəndinin tələbinə əməl etmədiyi üçün 237.30 manat məbləğində borcu ödəməlidir.

42. Kollegiya apellyatorun şikayətinə münasibətdə bildirir ki, müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir

43. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, xx.xx.2012-ci il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sinin 4.19-cu bəndində kart sahibinin bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq etməsi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh həmin müqaviləni imzalamaqla bunu qəbul etmiş sayılır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı onu məhkəmələrdə təmsil etmək və icra işlərini həyata keçirmək üçün “İnternational Legal Service“ MMC-yə etibarnamə vermişdir. İddiaçı "xxxx" MMC-yə Cavabdeh tərəfindən “X4 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 237.30 manat məbləğində xidmət haqqı ödəmişdir. Bu səbəbdən 237.30 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-385/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar