Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3752/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin icraçı direktoru X4 və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(005)-295/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Sahil-D Kompani MMC və Cavabdeh2 İddiaçı xeyrinə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilə görə ödədiyi 124.480 manat, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 53.416 manat faiz məbləğinin, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “Sahil-D Kompani" MMC arasında 23 fevral 2013-cü il tarixdə 257 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı 124.480 manat ödəməklə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m olan 3 otaqlı 62 nömrəli mənzili əldə etmişdir. Mənzil, iddiaçıya təhvil verilmişdir. Cavabdeh MMC-nin direktoru olmuş X7 barəsində başlanılmış cinayət işində (MMC-nin inşa etdiyi binadakı mənzillərin təkrar satılması ilə bağlı) iddiaçı zərəçəkmiş kimi tanınmamışdır. Çünki iddiaçıya məxsus mənzil, iddiaçıdan başqa hər hansı şəxsə, satılmamışdır. Cinayət işinin gedişində zərərçəkmiş kimi tanınmış şəxslərdən biri - İran vətəndaşı Khalilzad Zohreh olmuşdur. Çünki ünvan 2 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasında, sahəsi 155,6 kv.m. olan 3 otaqlı 77 saylı mənzil K.Zohrehə təkrar satılmışdı, yəni K.Zohreh aldadıldığını iddia etmişdir. K.Zohreh cinayət işinin gedişində, konkret desək, 15.01.2015-ci ildə ərizə ilə Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə müraciət edərək ünvan 2 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasında, sahəsi 155,6 kv.m. olan 3 otaqlı 77 saylı mənzilin şəxsi xahişi ilə həmin ünvanda başqa mənzillə əvəzləşdirildiyini, buna görə də “STS” şirkəti və Məzahir Cəfərova qarşı heç bir tələbinin olmadığını bildirmişdir. K.Zohreh, cinayət işinin gedişində, 20 aprel 2015-ci ildə ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında müqavilə əsasında aldığı sahəsi 155,6 kv.m. olan. 3 otaqlı mənzil ilə təmin olunduğunu, buna görə də Cavabdeh1 MMC-yə və onun direktoru Məzahir Cəfərova qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. K.Zohreh, Bakı Ağır Cinayətlər Məhkəməsində 14 may 2015-ci il tarixdə keçirilmiş iclasda zərərçəkmiş qismində dindirilmişdir. Həmin məhkəmə iclasında K.Zohreh ona verilmiş suala cavabında bildirmişdir ki: “Sahil D” şirkətinin təsisçisi Cavabdeh2 köməkliyi ilə evlə təmin olunduğundan Məzahir Cəfərova qarşı heç bir şikayət və tələbi yoxdur” (1(101)- 517/2015 saylı Cinayət işinin materialları, Cild 10, i/v. 159). İddiaçı, cavabdeh MMC və K.Zohreh arasında baş tutmuş məhkəmə işi üzrə aşağıdakı məhkəmə aktları qəbul edilmişdir: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilinə sahiblik və istifadəsinə cavabdeh "xxxx" MMC tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 155,6 kv.m. olan 62 saylı mənzilinin (bundan sonra Mənzil) iddiaçının sahibliyinə və istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və Mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs qismində İran İslam Respublikasının vətəndaşı Khalilzad Zohreh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi ilə Zohreh Xəlilzadın apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2018-ci il tarixli qərarı ilə üçüncü şəxs Z. Xəlilzadın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-6/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli Qərarı ilə üçüncü şəxs Zohreh Xəlilzadın əlavə kassasiya şikayəti təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2018- ci il tarixli qərarı və onunla bağlı olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9/2019 saylı, 4 mart 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Zohreh Xəlilzada qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair ilk iddiası rədd olunmuş; qarşılıqlı iddia üzrə iddiaçılar Zohreh Xəlilzad və Cavabdeh1 MMC-nin ayrı-ayrılıqda verdikləri qarşılıqlı iddiaları qismən təmin edilərək İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 23.02.2013-cü il tarixli, 257 saylı müqavilə qismən, yəni ünvan 4 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında, sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 saylı mənzilə (bundan sonra - 62 saylı Mənzil) aid hissədə etibarsız hesab edilmiş, qarşılıqlı iddialar qalan hissədə rədd olunmuşdur. Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2019cu il tarixli qərarı ilə ilk İddiaçı kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi. Mənzil 2013-cü ilin fevralında İddiaçıya satılmış və təhvil verilmişdir. Sonradan cavabdeh MMC və onun təsisçisi Cavabdeh2 qanuna zidd hərəkətləri nəticəsində, saxta yolla İran vətəndaşı K.Zohrehə “hədiyyə edilmişdir”. Nəticədə İddiaçıya külli miqdarda zərər dəymişdir.. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(005)- 295/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15-ci mərtəbə, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzilin dəyəri kimi ödənilmiş 124.480 (bir yüz iyirmi dörd min dörd yüz səksən) manat pulun Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulması, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin mənzilə görə ödənilmiş pulun gecikdirilməsinə görə hesablanmış 53416 manat faiz məbləğinin tutulmasının təmin edilməməsi hissəsində mübahisələndirərək, həmin hissədə qətnamənin ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Həmin qətnamədən həmçinin Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia etdiyi mənzilə görə MMC-yə hər hansı vəsait ödəmədiyindən, onun mənzilə görə pul tələbi barədə iddiası əsassız olduğundan, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz apelyasiya şikayətlərinin təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin icraçı direktoru X5 və vəkili Vəkil öz apelyasiya şikayətlərinin təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kоllegiyası qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı qətnaməni iddia tələbinin təmin olunmayan, cavabdeh isə tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Məhkəmə kоllegiyası işin materiallarını, apelyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə kollegiyasında verdiyi izahatlarını məcmu halda qiymətləndirərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, qətnamə iddianın təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Kollegiya qeyd edir ki, qətnamədən iddiaçı verdiyi apelyasiya şikayətində iddianın təmin olunmayan hissəsini, cavabdeh isə iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Cavabdeh iddia tələbini bütünlüklə rədd etdiyindən, ilk növbədə cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirilmə aparılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzil 23 fevral 2013-cü il tarixdə 257 nömrəli müqavilə əsasında İddiaçı tərəfindən əldə edilmiş, lakin sonradan məhkəmə qətnaməsi əsasında Khalilzad Zohrehə verilmişdir. Belə ki qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-9/2019 saylı, 04.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, X1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7029/2017 saylı iş üzrə 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh1nə və X2 qarşı “sahibliyə və istifadəyə yaradılan maneələrə son qoyulması, müqavilələrin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” haqqında iddia tələbləri rədd edilmiş, X1 və Cavabdeh1 MMC-nin iddiaları qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış, ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında sahəsi 155,6 kv.metr olan 3 otaqlı mənzilin verilməsinə dair 23.02.2013- cü il tarixli 257 saylı müqavilə qismən, 15-ci mərtəbədə yerləşən 62 nömrəli (mübahisə predmeti olan) mənzilə aid hissədə etibarsız hesab edilmiş, X1 və Cavabdeh1 iddiaları qalan hissədə təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, sözü gedən mənzilin əldə edilməsi üçün hazırkı iş üzrə İddiaçı tərəfindən mənzilin dəyəri kimi 124480 manat məbləğində pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Qeyd edilən hal məhkəməyə təqdim edilmiş 23.02.2013-cü il tarixli maliyyə arayışı ilə də təsdiqini tapmışdır. Belə ki, həmin maliyyə arayışında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilə görə İddiaçı tərəfindən mənzilin pay dəyərinin tam ödənildiyi və hazırda onun MMC-yə borcu olmadığı göstərilmişdir. Arayış Cavabdeh1 MMC-nin direktoru Cəfərov.M.İ tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə İddiaçı iddia ərizəsi ona dəymiş mənzilə görə ödənilən 124.480 manat zərər hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2013-cü il tarixli 257 nömrəli müqavilə etibarsız hesab edilməsi həmin tərəflər arasında müqavilə bağlanmazdan əvvəlki vəziyyətin yaradılmasına əsas olmalıdır. Belə ki, qeyd edilən mənzil hazırda İddiaçı alınsa da, həmin mənzilin dəyəri kimi ödənilmiş 124.480 manat məbləğində pul İddiaçı geri qaytarılmamışdır. Bununla da iddiaçıya maddi zərər vurulmuşdur. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunan bu hissəsi ilə bağlı gəldiyi nəticəni işin materiallarına uyğun olaraq əsaslı və qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun hesab edir. İddia tələbinin təmin olunan hissəsi ilə razılaşmayan cavabdehin verdiyi apelyasiya şikayətinin dəlillərini müzakirə edib qiymətləndirərək, kollegiya qeyd edir ki, "xxxx" Kiçik Müəssisəsi ilə Cavabdeh1 MMC-nin təsisçilərindən biri Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2011-ci il tarixli müqavilə münasibətlərinin, bu münasibətlər çərçivəsində Cavabdeh1 MMC-nin "xxxx" Kiçik Müəssisəsinə bəzi mənzillər verməsi, o cümlədən mübahisəli olan 62 saylı mənzilin "xxxx" Kiçik Müəssisəsi adından Qoşqar Yusifovun adına rəsmiləşdirilməsi, İddiaçı mənzilin pulunu şirkətə deyil, Qoşqar Yusifova verməsi, sonradan isə "xxxx" Kiçik Müəssisəsinin öhdəliklərini icra etməməsi iddiaları mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Çünki Cavabdeh1 MMC, əvvəlcə sahəsi 155,6 kv.m. olan 3 otaqlı mənzili Qoşqar Yusifova verməyi öhdəsinə götürmüş, sonradan isə eyni mənzili 23.02.2013-cü il tarixli müqavilə ilə İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı, mənzilin dəyərini faktiki olaraq Qoşqar Yusifova ödəsə də, hüquqi sənədləşməni Cavabdeh1 MMC ilə apararaq mənzilin alqı-satqısına dair yazılı müqaviləni həmin şirkətlə bağlamış və ona tam ödəniş barədə maliyyə arayışı verilmişdir. Yeni inşa edilən çoxmərtəbəli binalarda mənzili payçıdan alan şəxsin pulu əvvəlki müqavilə sahibinə verməsi, sənədləşməni isə tikinti şirkəti ilə aparılması hamıya məlum olan haldır. Başqa sözlə, Cavabdeh1 MMC-nin həmin müqavilələrlə üzərinə öhdəlik götürdükdən və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı verdikdən sonra "xxxx" Kiçik Müəssisəsinin öhdəliyini yerinə yetirməməsini iddia etməklə, İddiaçı ilə bağladığı müqaviləni tanımaması əsaslı sayıla və onu İddiaçı qarşısındakı öhdəlikdən azad edə bilməz. Odur ki, İddiaçı 23.02.2013-cü il tarixli, 257 nömrəli müqaviləyə dayanaraq, orada göstərilən 155,6 kv.metr sahədən ibarət 3 otaqlı mənzili (mübahisəli 62 nömrəli mənzil istisna olmaqla), yaxud müqavilədən imtina edərək düşdüyü bütün zərərlərin əvəzini Cavabdeh1 MMC-dən tələb etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin münasibətlərini və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğv üçün əsaslı hesab edilmir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddia tələbinin mənzilə görə ödənilmiş olan 124.480 manat pulun gecikdirilməsinə görə hesablanmış 53416 manat faiz məbləğinin cavabdehdən tutulması barədə hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçı mənzilə görə ödəmiş olduğu pulun cavabdehdə saxlanılmasının iddiaçının əldə edə biləcəyi hansı gəlirdən məhrum olduğunu əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir. Məhkəmə gəldiyi bu nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissəsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamış və həmin tələbə münasibətdə maddi hüquq norması səhv tətbiq edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçı ilə bağlanmış müqaviləni tanımır və həmin müqaviləyə görə hər hansı bir məbləğdə pul ödənilmədiyini bildirsə də, hazırda qanuni qüvvədə olan məhkəmə qətnamələri və hazırki apelyasiya icraatında iddiaçının cavabdehlə mənzil alınmasına dair 2013-cü ildə bağladığı müqavilənin qanuni olması və həmin müqaviləyə görə 124.480 manat pul vəsaiti ödəməsi təsbit olunmuşdur. İddiaçının cavabdehlə bağladığı müqavilənin qanuni olması və həmin müqaviləyə görə iddiaçı tərəfindən müqavilə bağlandığı tarixdən iddia qaldırılan vaxta kimi həmin pul vəsaitinin cavabdehdə qanunsuz qalması müəyyən olunur. İddiaçı məhz işin bu halını nəzərə alaraq həmin pul vəsaitinin 8 il 7 ay ərzində cavabdehin özündə saxlandığından, həmin məbləğə illik 5% hesablanmaqla (124.480 manat x 5% x 8 il 7 ay = 53416) ödənilməsini tələb etmiş və tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən maddi hüquq norması imperativ qaydada borclunun pulu gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu olmasını müəyyən etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslandırdığı qeyd edilən maddi hüquq normasına hər hansı bir münasibət bildirmədən, həmin hala Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsini tətbiq etməklə, səhvə yol vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə iddia tələbi təmin olunaraq, cavabdehdən müqavilə əsasında ödənilmiş 124.480 manat məbləğində pul vəsaitinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla, iddia tələbində tələb olunan məbləğ 53.416 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(005)-295/2022 saylı qətnaməsi qismən – iddia tələbinin pul vəsaitinin gecikdirilməsinə görə cavabdehdən illik 5% pul tutulmasının təmin olunmaması hissəsində ləğv edilsin və iddia tələbinin həmin hissəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 MMC-dən müqavilə əsasında ödənilmiş 124.480 manat məbləğində pul vəsaitinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla, 53.416 (əlli üç min dörd yüz on altı ) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3752/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3752/2022
31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver