Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3752/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızından katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2699/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BMP**********79 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1969,12 manat əsas borc, 698,82 manat faiz borcu olmaqla, cəmi 2667,94 manat əsas kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40,10 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə Məmmədova Gülnüzar Alvız qızı arasında bağlanmış BPM**********79 nömrəli xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Məmmədova Gülnüzar Alvız qızı xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ölüm faktı Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən əldə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Məmmədova Gülnüzar Alvız qızının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o miras əmlakından tam hissədə pay almışdır. Borc alanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 1969,12 manat əsas borcu, 698,82 manat faiz borcu olmaqla, cəmi 2667.94 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən xx.xx.2024-cü il tarixdə bildiriş (mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2699/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi təmin edilmiş, Cavabdeh 1969,12 manat əsas, 698,82 manat faiz borcu olmaqla, cəmi 2667,94 manat borc və 39,70 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, borc məbləğinin onun tərəfindən qəbul edilmədiyi, onun vərəsə kimi yalnız pensiya məbləğini qəbul eməsi, başqa əmlakı qəbul etməməsi və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mərhum anası Məmmədova Gülnüzar Alvız qızı ilə iddiaçı bank arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 3000 manat kredit verilmiş, müqavilə bağlanan zaman onun kreditdən məlumatı olmuş, lakin anası xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmiş, banka 2667 manat borcu qalmışdır. Anası vəfat etdikdən sonra 300 manat pensiya məbləğini almaq üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, anasının adına başqa əmlak olmamış, yaşadıqları ev isə atasına məxsusdur. Həmin mənzilin anası ilə atasının birgə nikah dövründə əldə olunub-olunmamasını bilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq şikayətin əsassız olmasını, cavabdehin mərhum anasının qanun üzrə birinci növbəli vərəsəsi olması, anasından qalmış mirası qəbul etməsini, qəbul edilmiş miras aktivinin borcdan az olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamasını, hesablanmış borc məbləğinin miras qoyanın ölüm gününə hesablanmış məbləğ olmasını, hazırkı mübahisəyə dair Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarının olmasını, bu səbəbdən şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Məmmədova Gülnüzar Alvız qızı arasında bağlanmış 01 mart 2021-ci il tarixli, BPM**********79 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 48 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan"xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Məmmədova Gülnüzar Alvız qızının 01 mart 2021-ci il tarixli, BPM**********79 nömrəli kredit müqaviləsi üzrə 1969,12 manat əsas, 698,82 manat faiz borcu olmaqla, cəmi 2667.94 manat borcu vardır. İşdə olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 291556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Gülnüzar Alvız qızı 15 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İşdə olan 28 mart 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 avqust 2022-ci il tarixdə vəfat etmiş Məmmədova Gülnüzar Alvız qızının qanun üzrə birinci növbəli vərəsəsi Cavabdehdur, miras əmlak 300,50 manat məbləğində alınmamış pensiya vəsaitindən ibarətdir. İşdə olan "xxxx" ASC-nin cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tələbi təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, Məmmədova Gülnüzar Alvız qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədən vəfat etmiş, lakin onun mirası notarius tərəfindən siyahıya alınmamışdır. Qanun üzrə vərəsə olan oğlu Cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. bu səbəbdən də iddia əsaslıdır. Cavabdeh apellyasiya şikayətində mərhum anasının qanun üzrə vərəsəsi olduğunu qeyd edərək, kredit borcunun məbləğini mübahisələndirməmiş, yalnız qəbul etdiyi miras əmlak həcmində (300,50 manat) bank qarşısında məsuliyyət daşımalı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı bankla cavabdehin anası (borclu Məmmədova Gülnüzar Alvız qızı) arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə borclu vəfat etmiş, həmin anda isə bank qarşısnda icra olunmamış öhdəlik qalmışdır. Həmçinin, iş üzrə cavabdeh xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bununla da miras əmlak aktivini və passivini qəbul etmişdir. Qeyd edilməlidir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda isə, kreditorun vərəsəyə qarşı iddia irəli sürmək hüququ yaranır və vərəsə miras qoyanın kreditoru qaşısında da miras əmlak kütəsi həcmində öhdəlik daşıyır. Vərəsəlik şəhadətnaməsi isə mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Əksinə, kreditorun vərəsəyə qarşı tələb irəli sürmək hüququnun məhdudlaşdıırlması mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığına zəzər vurmaqla, vərəsəlik hüququnun mahiyyətinə ziddir və onun məqsəd və funsiyaları ilə uzlaşmır. Eləcə də, kreditorun hüquq və mənafelərinə uyğun olmamaqla, onun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırmasına olan hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-nin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Sübutetmə ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1, 88). Göründüyü kimi, mülki məhkəmə icraatı zamanı sübutetmə yükü (sübutların toplanması və təqdim edilməsi) tərəflərin üzərinə qoyulmuş, icraat zamanı çəkişmə prinsipinə riayət etməklə öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarını məhkəməyə təqdim etməlidirlər. Yalnız, bundan sonra məhkəmə tərəfindən təqdim olunmuş sübutlar hərtəfli, tam və obyektiv tədqiq edilməlidir. Bununla belə, ilkin olaraq sübutetmə yükü tələb edənin (iddiaçının) üzərinə qoyulsa da, maddi hüquq normalarında işin hansı hallarının sübut edilməsi vəzifəsi konkret tərəfin üzərinə qoyula bilər. Yuxarıda qeyd olunan MM-nin 1307-ci maddəsinin dipozitiv şərtlərindən isə açıqaydın görünür ki, mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, vərəsə qəbul etdiyi mirasın miras qoyanın borclarından çox olmadığını sübut etmək yükünü daşıyır. Hazırkı halda isə, cavabdehin şikayətinin dəlili miras kütləsinin (aktivin) hazırkı tələbdən az olduğu qeyd olunsa da, vərəsə (cavabdeh) bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Eləcə də, iş materiallarından mirasın notarus tərəfindən siyahıya alınması halı da müəyyən edilmir (bununla da bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Göründüyü kimi, cavabdeh formal mülahizələrdən çıxış etməklə qətnaməni mübahisələndirmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eləcə də, cavabdehin izahatı (bildirdikləri) özü-özlüyündə yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçnin qeyd edilməlidir ki, MM-nin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MM-nin 385.1-ci maddəsinə əsasən əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 739.1, 739.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-nin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (2667,94 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2699/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2699/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3752/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3752/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver